Dünya 10:11 27.07.2018

Təyyarə bataqlığa düşdü: nazir və köməkçisi öldü (YENİLƏNİB)

Paraqvayın kənd təsərrüfatı naziri və köməkçisinin olduğu təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Paraqvay Mülki Aviasiya Qüvvələrinin rəsmisi Roben Aquilar açıqlama verib. O, təyyarənin havalandıqdan qısa müddət sonra paytaxt Asunsyonun 380 kilometrliyində yerləşən bataqlıq bölgəyə düşdüyünü bildirib.

Qəza nəticəsində ölkənin kənd təsərrüfatı naziri Luis Qneytinq, köməkçisi Visente Ramirez, əsas və köməkçi pilot həyatını itirib.

Aquilar qəzanın hansı səbəbdən baş verdiyini bilmədiklərini və məsələnin araşdırıldığını diqqətə çatdırıb.
 
***
 
26.07.18 - 10:00 
Paraqvayın kənd təsərrüfatı naziri Luis Qneytinq və köməkçisi Visente Ramirezin olduğu təyyarə itib.

Qaynarinfo "La Nacion" nəşrinə istinadən xəbər verir ki, "Baron BE58" model təyyarə Ayolas şəhərindən paytaxt Asunsyona uçarkən radarlardan itib. Təyyarədə onlardan başqa 2 pilot da olub. Hazırda təyyarənin tapılması istiqamətində iş aparılır.

Beynəlxalq Hava Limanının rəhbəri Luka Roben Aquilar itgin düşən təyyarədə qəza anında siqnal göndərən qurğu olduğunu, lakin hələlik belə bir siqnal almadıqlarını bildirib.
 
Çingiz