Müharibə deyildikdə ağla gələn partlayış səsləri və barıt qoxusu tədricən dərin bir səssizliklə əvəzlənir. Elmi fantastika filmlərindəki məşhur qırmızı lazer şüaları və gurultulu atəş səsləri real dünyada artıq görünməz və səssiz texnologiyalarla əvəz olunub.
Qaynarinfo xəbər verir ki, bu gün dünyanın bir çox ordusu, xüsusilə pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün bu texnologiyadan aktiv şəkildə istifadə edir. Hədəf alınan hava vasitəsi saniyələr içində göydən düşür, lakin çox vaxt nə işıq yayılır, nə də ətrafdakılar tərəfindən hiss olunur. Müasir müdafiə strategiyaları artıq sürətə əsaslanan və tamamilə səssiz məhv etmə prinsipi üzərində qurulur.
"Lockheed Martin” bu sahədə aparıcı şirkətlərdən biri kimi texnologiyanın sərhədlərini daim genişləndirir. Gəmiləri qorumaq üçün hazırlanmış və 60 kilovat gücə malik HELIOS sistemi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqlarda uğurla istifadə olunub. Lakin növbəti mərhələ bu gücün beş dəfə artırılmasıdır. ABŞ ordusu döyüş bölmələrini hava hücumlarından qorumaq üçün 300 kilovatlıq lazer sistemlərini yerləşdirməyə hazırlaşır. Bu güc artımı təkcə kiçik dronları deyil, daha ciddi təhlükələri də məsafəyə daxil olmadan zərərsizləşdirmə potensialına malikdir.
Sərhəd xətlərində gizli keşikçilər
Hələlik qitələrarası raketləri dayandıracaq səviyyəyə çatmasa da, hərbi mütəxəssislərin əsas məqsədi bu texnoloji həddi də keçməkdir. Mövcud lazer sistemləri bəzən pilotsuz aparatların sensorlarını sıradan çıxarır, bəzən isə birbaşa gövdəni sıradan çıxararaq təhlükəni aradan qaldırır.
Hələ "Ölüm Ulduzu” kimi sistemlər mövcud deyil və "Terminator” filmlərindəki qiyamət ssenariləri reallaşmayıb. Lakin aydın olan odur ki, lazer silahları artıq müharibənin tanınmış qaydalarını səssiz şəkildə dəyişdirməyə başlayıb.
Aydın
Şərhlər