Xəbər lenti

“Necə oldu ki, o şəxs prezident olduğu halda siz ADU sərhədlərini aşa bilmədiniz?” - Tələbəsi prorektorun kədərindən yazdı (ARAŞDIRMA)
Ölkə 15:38 16.02.2019

“Necə oldu ki, o şəxs prezident olduğu halda siz ADU sərhədlərini aşa bilmədiniz?” - Tələbəsi prorektorun kədərindən yazdı (ARAŞDIRMA)

Ölkə rəhbərliyinin 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı və xüsusilə də tələbələrin sosial rifahının yüksəldilməsi ilə bağlı sərəncamları dövlətin təhsilin inkişafına yönələn diqqətinin bariz nümunəsidir. Hazırda ölkəmizdə 55-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlar arasında nüfuzu ilə seçilən universitetlərdən biri də məhz Azərbaycan Dillər Universitetidir. Ona görə ki, ölkəmizi digər dövlətlərdə təmsil edən səfirlərin əksəriyyəti, o cümlədən millət vəkilləri, nazirlər, baş nazir, hətta Prezidentin mətbuat katibi də bu təhsil ocağının Fəxri məzunlarındandır. Bütün bunları nəzərə alaraq, son günlər Azərbaycan Dillər Universitetinin adının mənfi xəbərlərdə hallanmasının səbəblərini arışdırmağa başladıq. 

Universitetin nüfuzuna ləkə gətirən xəbərlərdə bu təhsil müəssisəsində dərslərin keyfiyyətinin aşağı olmasından tutmuş, müəllimlərin bilik və bacarıqlarının çox aşağı səviyyədə olması və universitetdəki daxili gərginlik yer alırdı. Maraqlıdır, ölkə rəhbərinin ADU-ya yeni rektor təyinatı ilə bağlı sərəncamından sonra yaranmış il yarımlıq susqunluğun səbəbi nə idi? Bəs, görəsən, əsl həqiqətlər hansı səmavi daşın altında "gizlədilir”? Məlumdur ki, bu həqiqətin daşı çox ağırdır. Yerin cazibə qüvvəsini nəzərə alsaq, o daş məsafəsinin təsiri ilə sürətlə yerə yaxınlaşır. O sürətlə də həmin "daş”ın kimin başına düşəcəyi sual altında deyil...

Uzun zamandır universitetin bir neçə əməkdaşının "qarğa, məndə qoz var” harayı hər kəsdə maraq doğurur. Bəs, görəsən, bu qozun qabığının daxilində nələr gizlənib? Bilirsiniz, isladılmış hər bir qozun çəkisi ağır olur, quruyanda isə bu qozun qabığından başqa bir şeyi qalmır. Əslində bu cür "qoz”lar həmişə "yumurtadan yun qırxanlar”ın ağacından düşür. Yumurta demişkən, bir misal da çəkim, keçək mətləbimizə. Yumurta içdən çatlayanda həyat başlayır, çöldən sınanda isə həyat bitir... Hazırkı durumda ADU içdən çatlamağa yenicə başlayan, amma çöldən ciddi zərbələrlə sındırılmağa çalışan "yumurta”ya bənzəyir...

Bu günlərdə "Xural” saytında məqaləsi dərc edilən ADU-nun keçmiş əməkdaşı Pərvin Mürsəlova özü bilərəkdənmi, bilməyərəkdənmi "sirli” məqamların "yumurta”sını sındırıb. Təəssüf ki, çöldən...

Müəllim xanım və ya xanım müəllim işdən çıxarılma səbəbindən yazıb. Qeyd edib ki, fevral ayının 11-də əmək müqaviləsinə xitam verilib: "Bu əmrdə fərqli müddəalar sadalanmışdır. Onlardan biri tədris işləri üzrə prorektor Əfqan Abdullayev tərəfindən verilən rəydir, hansı ki, Təhsil Nazirliyinə ünvanlanan məktubu kollektiv üçün qəbul edilməz və təhqiramiz sayıb. Əfqan müəllim, sizin vəziyyətinizi çox yaxşı başa düşürəm. Aydındır ki, müəyyən təzyiqlər altında bu rəyi yazmalı olmusunuz. Əfqan müəllim, xatırlayıram, biz tələbə olarkən siz dekan olaraq,  masanızın üzərində qonşu ölkələrdən birinin keçmiş prezidentinin şəkli yer almışdı. Bizə bir müəllim və dekan kimi nəsihət edərək həmin prezidentlə bir universitetdə təhsil aldığınız xatirələri söyləyərək kədərlənirdiniz. Necə oldu ki, o şəxs prezident olduğu halda siz ADU sərhədlərini aşa bilmədiniz? Əfqan müəllim, düşünürəm sizə də artıq bu gileyin səbəbi aydındır. Əfqan müəllim, niyə mənim bir rektor barəsində yazdığım şikayət məktubunu kollektiv üçün təhqiramiz sayırsınız, axı, mənim məlumatıma görə, siz sovet repressiya və şəxsiyyətə pərəstiş prinsiplərinə həmişə qarşı olmusunuz və biz tələbələrinizin gözündə modern fikirlərinizlə yadda qalmısınız. Niyə bir şəxsin davranışlarına qarşı olan tənqidi və müxalif fikirlər kollektivə zidd fikirlər kimi təqdim olunur?”

Ha-ha-ha... Giley, kədər, modern fikir... Kədərli hekayətdir... Pərvin xanımın maraqlı faktları bizim bu məsələni araşdırmağımıza kiçik bir işarə verdi. Əslində belə görünür ki, xanım qəzəblənmək istəyir, amma yumşaq şəkildə müəlliminə narazılığını ifadə edir, yəni qəzəblənə bilmir və prorektorun kimlərsə tərəfindən "məcbur” edildiyi iddiasına özünü və "komanda yoldaşlarını” inandırmağa çalışır və ustadını vəziyyətdən çıxarmaq üçün cəhdlər göstərir...

Əfqan Abddullayevin "wikipediya” məlumatlarına nəzər salırıq. Deməli, 2003-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin dekanı vəzifəsində çalışıb. Əfqan Abdullayev qonşu ölkələrin birinin prezidenti ilə eyni ildə - 1995-ci ildə ABŞ-da təhsil alıb. 2003-cü ildə böyük bir inqilabla prezidentlik postuna gələn prorektorun tələbə yoldaşının uğuru nədənsə onu kədərləndirib. Yəni, eyni ildə biri prezident, digəri isə dekan seçilib. Xatırladaq ki, ikisi də seçkili vəzifədi...  

İnternetdə Əfqan Abdullayevin adını axtarış verərkən çox maraqlı, detallı yazılarla qarşılaşdıq. İstər qısa müddət rektor vəzifəsini icra etdiyi dövrə, istərsə də yeni rektorun dövründəki müstəsna "fəaliyyəti”nə aid...

Pərvin xanımın fikirlərinə əsaslanaraq deyə bilərik ki, Əfqan Abdullayevin iddiası nəyin ki, rektor, hətta prezident olmaqdır. Təsadüfə bax, o, dekan olduğu dövrdən prezident olmadığı üçün kədərini tələbələri ilə bölüşüb... Belə çıxır ki, cənab prorektor tələbə yoldaşları ilə birgə "inqilab alnımıza yazılıb” devizi ilə hərəkət edir. Bunu ona görə əminliklə deyirəm ki, 2 il öncə rektor əvəzi vəzifəsinin icrasçısı Əfqan Abdullayev "innovativ” qərarları ilə tələbələri kütləvi aksiyalara təhkim edirdi. Aydın olur ki, kədərli prorektor 11 il dekan olduğu üçün və daha yüksək postlara təyin olunmadığı üçün dolub-daşmış səbr kasası onu öz məkirli planını həyata keçirməyə səsləyir və yaranmış fürsətdən istifadə edərək tələbə aksiyalarına səbəb olur... Həmin aksiyaların da sirri beləcə çözülmüş oldu... Bir daha aydın olur ki, universitetdə baş vermiş narazılıq dövlətə qarşı yönəlmiş məkirli planın bariz nümunəsidir. Elə Pərvin Mürsəlovanın və Vüsalə Ağabəylinin də sosial şəbəkələrdəki paylaşımlarından aydın olur ki, onlar bu çirkin oyunlarına təkrar tələbələri qoşmağa və universitet rəhbərliyinə qarşı aksiyalar təşkil etməyə çalışırlar. Əldə etdiyimiz məlumata görə, tələbələrin aksiyalara təhkim edilmələri ilə bağlı 31 tələbə universitet rektoruna ərizə ilə müraciət edib. 

Ardı var... 

Aydın
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->