Hüseynbala Səlimov
Dünya və eləcə milli iqtisadiyyatdakı hələki seyrək şəkildə sezilən pozitiv xarakterli makro-tendensiyalar bir yana, təkcə neftin qiymətindəki artımlar ilk baxışda bu il üçün pessimist proqnozlara yer qoymur – bəzi iqtisadçılarımız hətta yeni neft "bumu”nun qayıdışından yazırlar...
Fəqət, iqtisadçı olmayanlar da bilir ki, neftin və qazın bahalaşması onların istehsalında və satışında ixtisaslaşan ölkələr üçün yalnız çox qısamüddətli perspektivdə müsbət effektlər verir.
Uzunmüddətli perspektivlər, strateji yön baxımından isə ekstensiv iqtisadi inkiaf yolu özündə yalnız neqativ tendensiyaları ehtiva edir – biz daha da tənbəlləşirik, iqtisadi islahatlar tormozlanır və hökumətin də bu haqda düşünmək üçün stimulu azalır, strukturlar təkrar şişməyə başalyır, hətta biznes sektorunun da çevikliyi və kreativliyi azalır və yekun olaraq ticari–spekulyativ kapitalizm təkrar çiçəklənməyə başlayır.
Amma bunlar, necə deyərlər, ümumi xarakterli dərdlərdir və çox maraqlıdır ki, eyni aqibət Rusiyanın və eləcə digər postsovet ölkələrinin də iqtisadiyatını gözləyir.
Əslində həmvətənlərimizçün başqa problemlər də maraq kəsb edir. Kimisə Qarabağ probleminin perspektivi düşündürür, başqa birisisə özü üçün Rusiya müstəvisindəki prosesləri təhlil etməyə çalışır – onlar üçün çox maraqlıdır ki, görəsən, Rusiyadakı "Putin periodu” necə bitəcəkdir?
Bu problemlərin hər ikisi diqqətə layiqdir və biz də vaxtaşırı onlara toxunmağa çalışırıq. Amma burada ilk olaraq Rusiya mövzusu ilə bağlı bəzi qeydlər etmək istərdik.
Qısaca deyək ki, "Putin dövrü”nün də "ikinci durğunluq dövrü” adlandırılacağına əminik. Brejnev dövrünün son illərində və bir az da əvvəl ölkəni Y.Andropovun başçılıq etdiyi qüdrətli DTK idarə edirdi. V.Putinin də idarəçilik üslubu elə eynidir. Bu adam dördüncü dəfə prezident olmağa hazırlaşır. Artıq kifayət qədər vaxt keçib, hamı Putin haqqında yazır və danışır, amma kiminsə ağlına da gəlmir ki, durub "Rusiya iqtisadi möcüzəsi” ifadəsini işlətsin, əksinə ölkəni öz adı ilə də daha adlandıran yoxdur, hamı "Putin Rusiyası” yazır.
Ona görə ki, nəinki iqtisadi sektorda, ümumiyyətlə, cəmiyyətin həyatında parlaq və yadda qalan hadisələr yoxdur. Düzdür, Putinin idarəçiliyi dövründə Rusiya yenidən özünün geosiyasi ambisiyalarını xatırladı, rus silahının səsi Yaxın Şərqdə eşidilməyə başladı. Amma sizi inandırıram, bunlar ancaq qısamüddətli epizodlardır. Bu bölgədən ABŞ-ın getməsi haqda danışmaq hələ çox tezdir, çünki təkcə həmin bölgədə onun altı avia-bazası var, biz hələ hərbi iştirakın başqa göstəricilərindən və elementlərindən danışmırıq.
Belə "geosiyasi təmtəraq” qətiyyən rusların cibinə uyğun gəlmir, çünki, rus iqtisadiyyatı ölkənin geosiyasi ambisiyalarının qarantı rolunda çıxış etmək iqtidarında deyil.
Sözsüz, neftin və qazın qiymətinin artması müəyyən qədər Rusiya xəzinəsini də zənginləşdirəcək. Amma neft və qaz iqtisadiyyatının bütün neqativ nəticələri Rusiya üçün də xarakterikdir. Yada salaq ki, birinci "durğunluq dövrü”ndə də Rusiya iqtisadiyatının əsas gəlir mənbəyi neft və qaz idi.
Təbii, Azərbaycandakı proseslər tamamilə Rusiya müstəvisilə müəyyənləşmir və bu mənada ölkə Ermənistandan çox fərqlənir. Üstəlik, bu il Ermənistanda siyasi gərginlik gözlənir, çünki ölkədə növbəti dəfə hakimiyyət məsələsi həll olunmalıdı və bu müstəvidə hətta qarşıdurmalar da istisna olunmur. Ona görə də cəbhə bölgələrində hərbi həyacanlanmalar daha çox ehtimal olunandır, nəinki rəvan və nəticəli bir diplomatik proses...
Azərbaycanda oxşar tendensiyalar demək olar, istisna olunur, hətta qarşıdakı prezident seçkisini rusiyalı politoloqlardan biri "hakim siyasi qüvvəyə etimad referendumu” adlandırmışdı.
Amma bizim bir ciddi problemimiz var və onun həllindən bir sualın cavabı asılıdır: Azərbaycan heç olmasa, nəzəri şəkildə Avropa ölkəsi kimi qalacaqmı? Yəqin, başa düşdünüz ki, söhbət Avropa Şurasının və rəsmi Bakının problemləırindən gedir.
Güman, AŞ-nın Parlament Assambleyasının yanvar sessiyasında bu məsələyə toxunulmayacaq. Amma indi olmasa da, apreldə məsələ ciddi şəkildə gündəmə gələ bilər, əlbəttə ki, o vaxtadək AŞ-nın tələbləri yerinə yetirilməzsə...
Artıq problemin bir neçə həll ssenarisinin konturları görünür. Hakim dairələr bildiriblər ki, AŞ-nın azad olunmasını tələb etdiyi məhbuslar əfv oluna bilər. Amma onların bəzisi qeyd-şərtsiz azad olunmalarını tələb və təkid edirlər və indi aydın deyildir ki, problemli düyün necə açılacaq?..
Ümid edirik, son nəticədə hansısa kompromiss ssenarisi tapılacaq. Hərgah, hüquqi presedentlər zamanı onları tapmaq elə də asan olmur: bəli, insan ya təqsirkar, ya da təqsirsiz ola bilər, hətta qeyri –səlis məntiq belə burada üçüncü halı göstərə bilmir...
Bu halda "orta variant” olmur. Amma bir mühüm detal var. Əgər Avropa Məhkəməsinin yurisdiksiyasını tanımışıqsa, bunu onun qərarlarına münasibətdə də etməli və onu bir mötəbər qurum kimi qəbul etməliyik. Hər dövlətin Avropa Məhkəməsində öz milli məhkəmə instansiyalarının qərarlarını müdafiə etmək hüququ var və onlar bunu proses zamanı edirlər. Yəqin ki, azərbaycanlı təmsilçilər də bunu ediblər və milli məhkəmənin qərarını əsaslandırmağa çalışıblar. Amma Avropa Məhkəməsi arqumentləri kafi saymayıb və hansısa məhkumun təqsirsiz olması haqda qərar qəbul edibsə, biz də bunu qəbul etməliyik. Unutmaq lazım deyil ki, Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmək üzv ölkənin beynəlxalq hüquqa və yüksək hüquqi mədəniyyətin prinsiplərinə sayğısının göstəricisidir. Üstəlik, gənc və kiçik ölkə olan Azərbaycanın maraqları da Avropa müstəvisində qalmağı tələb edir – bu, ölkənin həm gələcəyi, həm də indiki problemləri baxımından zəruridir.
Başqa detal da var. Biz Ermənistanın Avropa Birliyilə bağladığı sazişə lağ edə bilərik. Amma bir acı fakt var ki, onu da görməyə və hiss etməyə bilmərik: ermənilər, hər halda, bunu etdilər...
Bəli, onlar beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində daha bir kiçik addım atdılar. Biz isə hələ gözləyirik. Nədənsə bizim "milli maraq "standartlarımız” başqa postsovet ölkələrindən çox fərqlənir. Doğrudanmı, digər dövlətlər heç öz siyasi və iqtisadi təhlükəsizliklərinin fərqində deyillər? Təəccüblü deyilmi ki, Ümumdünya Ticarət Təşkilatına qoşulmaq və yaxud Avropa Birliyilə saziş imzalamaq yalnız və yalnız bizim "milli maraqlar”ımıza təhdiddir?..
Şərhlər