Neft bazarında hakim olan nikbinlik nəticəsində qiymətlər yenidən qalxmağa başlayıb.
"Report” "Prime”yə istinadən xəbər verir ki, "Brent” markalı neftin iyun fyuçersləri 0,23 faiz bahalaşaraq 66,73 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,13 faiz bahalaşaraq 63,23 dollardan satılıb.
Xatırladaq ki, ötən gün neft qiymətləri 5 faizədək artıb. Hazırda bazarda bərqərar olan nikbinlik yenə də təkliflə tələbat arasındakı tarazlıqla bağlıdır. Belə ki, dünən ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində son iki ayda ən kəskin azalaraq 492,4 milyon barelədək gerilədiyi hökumət tərəfindən elan edilib, Beynəlxalq Enerji Agentliyi (IEA) isə 2021-ci ildə neftə tələbata dair proqnozunu artırıb.
"Energy Aspects”in ekspertlərinin WSJ-yə bildirdikləri kimi, dünyada neftə tələbat qeyri-bərabər də olsa, bərpa olunur. Həmçinin ABŞ-da iqtisadi artımla bağlı rəqəmlər də neft bazarındakı nikbinliyə təkan verir. Belə ki, mart ayında pərakəndə satışların həcmi 9,8 faiz artıb ki, bu da 2020-ci ilin may ayından bu yana ən yüksək göstəricidir.
Şərhlər