Video 10:06 13.09.2020

"Neftçi"nin rəqibi mövsümə qələbə ilə başladı (VİDEO)

Türkiyə Super Liqasında 2020/21 mövsümünün I turunun daha 4 oyunu baş tutub.

Qaynarinfo xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" yeni mövsümdə ilk oyununu keçirib.

"Türk Telekom Arena"da "Qaziantep" komandasını qəbul edən İstanbul təmsilçisi inamlı qələbə qazanıb - 3:1.

Qarşılaşmada hesabı 8-ci dəqiqədə "sarı-qırmızılılar"ın hücumçusu Radamel Falkao açıb. Kolumbiyalı forvard penaltidən fərqlənib. 28-ci dəqiqədə "Cim-Bom"un yeni transferi Emre Kılınç fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına 5 dəqiqə qalmış Falkao dublunu rəsmiləşdirib.

Qonaqlar ikinci yarıda qollardan birinin əvəzini çıxa biliblər. Andre Felipe Ribeyro 53-cü dəqiqədə meydan sahiblərini cəzalandırıb. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.