İdman 09:55 16.09.2021

“Neftçi”nin sabiq hücumçusu: “Belə futbolçularla Avropada oynamaq olmaz”

Azərbaycanın tanınmış futbolçularından olan Nadir Nəbiyev "Neftçi” - "Qarabağ” matçı ilə bağlı fikirlərini bildrib. "Neftçi”nin sabiq futbolçusu keçmiş komandasının durumundan da danışıb.

Prinsipial matçdakı məğlubiyyətdən sonra istər azarkeşləri, istər futbol ictimaiyyətinin digər nümayəndələri tərəfindən xeyli tənqidlərə məruz qalan "Neftçi” və Premyer Liqanın cari mövsümündə yüksək yerlər uğrunda mübarizədə hansı komandaları daha şanslı görməsi haqda fikirlərini bildirən veteran hücumçunun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- Əvvəlcə Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutan "Neftçi” – "Qarabağ” matçı haqda fikirlərinizi bilmək istərdik...

- "Qarabağ” əlinə düşən imkanlardan, "Neftçi”nin müdafiəsində yaranan boşluqlardan istifadə etdi. Müdafiəçilərin kobud səhvinə görə iki qol buraxdılar. Açıq futbol getdi. İkinci hissə daha maraqlı alındı, hər iki tərəfin qol imkanları oldu. Deməzdim, "Neftçi” çox zəif oynadı. Hesabı bərabərləşdirə də bilərdilər.

- Kənardan izləyəndə "Neftçi”də hansı problemlərin özünü daha qabarıq şəkildə göstərdiyi görünür?

- Avrokubklarda göründü ki, "Neftçi”nin müdafiə xəttindəki futbolçularla Avropada oynamaq olmaz. Milli çempionatı hardasa anlamaq mümkündür. Nisbətən güclü hücumçu olanda müdafiədəki boşluqlar dərhal üzə çıxır. Hücumda da istənilən səviyyədə oynamırlar. Bu mövqelərdə boşluqlar var. Yeni hücumçu gətiriblər, ilk matçına çıxdı. Ola bilər, həmin boşluğu doldursun. Bir oyuna görə qiymət vermək çətindir. Qol imkanları vardı, istəkli futbolçudur. Komandaya xeyir verəcək, ya yox, bunu deyə bilmərəm. 

- Klub rəhbərliyi transfer siyasətinə görə tənqid olunur. Tənqidlər haqlıdırmı?

- Bunlar hamısı "Neftçi”nin istənilən nəticəni vermədiyinə görədir. Nə Konfrans Liqasında, nə də Avroliqada qrup mərhələsinə düşə bildilər. Belədə tənqidlər başlayır. İstər azarkeşlər, istər mətbuat müəyyən boşluqlar axtarır. Amma transfer məsələləri haqda nəsə deyə bilmirəm. Bu gün görünən odur ki, "Neftçi”nin qol imkanları olur. Amma fürsətlərdən yararlana biləcək futbolçuları yoxdur. "Neftçi”ni arxasınca aparacaq hücumçu olsa, nəticə verə bilər. Söhbət təkcə milli çempionatdan getmir. Avropaya çıxanda komandanın axsadığı hiss olunur. Düzdür, qol vururlar. Amma gəlin baxaq görək, hansı mövqenin oyunçuları o qolları vurur. Əsasən yarımmüdafiədə fərqlənirlər. Hücumçu problemi var. Yeni gələn futbolçunun xeyir verib-verməyəcəyini zaman göstərəcək. Tənqid olmalıdır ki, nəticə çıxarılsın.

- Ümumiyyətlə, əksər mütəxəssislər "Neftçi”nin bu yay həyata keçirdiyi transferləri uğursuz hesab edir...

- Niyə belə deyirlər? Çünki hücumçunun işi qol vurmaqdan ibarətdir. Qol vura bilməyəndə deyirlər ki, üzərinə düşəni yerinə yetirə bilmədi. Təkcə hücumçunun üzərinə atmayaq bu məsələləri. "Neftçi” qol vurur, amma buraxır da. Deməli, müdafiədə boşluqlar var. Ad söyləmək istəmirəm, orada elə futbolçular var ki, "çəkmir”. Hər dəfə səhvləri ucbatından ya qol buraxırlar, ya da müdafiədə təhlükəli vəziyyətlər yaranır. "Qarabağ”ın vurduğu ikinci qolu misal çəkim. Düzdür, həmin anda hücumçu da çox ağıllı oynadı. Amma o boşluğu vermək olmazdı. Avrokuboklarda rəqibin hücumlarının qarşısını ala bilmirdik. Xüsusən də müdafiədə.

- Çempion olduqdan sonra "Neftçi”nin üzərində təzyiqlər artıb və daha çoxunu gözləyirlər.

- Çempionluq yaşamasaydılar, tənqid olunacaqdılar. Çempionluqdan sonra, təbii ki, tələblər də dəyişib. Qrupa düşmək, daha sonra qrupdan çıxmaq və sair... Tənqidləri normal sayıram, istək çoxdur. İnam var ki, gözləntilər də olur. Nəticələr var deyə, daha çoxu gözlənilir. 

- Bu mövsüm üçün proqnozlarınız necədir, "Neftçi”, "Qarabağ”, yoxsa başqa klub?

- Heyət baxımından görünən odur ki, bu mövsüm də əsas rəqabət məhz "Neftçi” ilə "Qarabağ” arasında olacaq. Birinci və ikinci yerləri bu komandalar bölüşəcək. Kubok və üçüncü yer uğrunda əsas mübarizə isə digər komandalar arasında gedəcək. İndidən bir şey demək olmur. "Sabah”ın heyətinə baxırsan, legionerləri var, amma nəticə yoxdur. Mətbuatdan oxudum ki, "Sabah” Serbiya millisinin üzvünü transfer edib. Oyun baxımından konkret nəsə demək mümkün deyil. "Sumqayıt”, "Zirə” də üçüncü yeri tuta bilər. Fikirləşirdim ki, "Sabah” çempionata daha yaxşı başlayacaq. Ancaq üç oyun, üç məğlubiyyət mənim üçün gözlənilməz nəticə idi. 

Səbuhi Həsənov