Ekonomiks 15:12 29.06.2020

“Neftin qiymətinin yeni investisiyaları stimullaşdıracaq həddə çatması labüddür” (ŞƏRH)

Bu il dünya neft bazarı üçün böyük təlatümlərlə yadda qalacaq. Qlobal iqtisadiyyatda cərəyan edən mənfi proseslər koronavirus pandemiyasının təsiri ilə daha da dərinləşdi. Belə ki, istehsal müəssisələrinin fəaliyyətinin məhdudlaşdırması və ya dayandırılması səbəbindən neftə tələb əhəmiyyətli dərəcədə aşağı düşdü. Bu da öz növbəsində "qara qızıl”ın qiymətinin kəskin şəkildə ucuzlaşması ilə nəticələndi. Hazırda bazarda qiymətlər nisbətən sabitləşib.

Ümumiyyətlə, neftin qiyməti ilə bağlı yaxın perspektivdə nə gözlənilir?

İqtisadçı-ekspert Amal Həsənli "Report"a bildirib ki, kifayət qədər yaxın perspektivdə neftin qiymətlərində əhəmiyyətli artım baş verə bilər.

"Bəli, bu gün neftdən asılılığın azaldılması haqqında çox danışılır. Bu, bir tərəfdən, neft idxal edən ölkələrin enerji təhlükəsizliyi ilə, digər tərəfdən, ekoloji məsələlərlə əlaqədardır. Lakin müasir reallıqlar fonundan çıxış etsək, onda əminliklə demək olar ki, neft yaxın gələcəkdə əsas enerji mənbələrindən biri olaraq qalacaq. Neft bazarında mövcud olan konyektura bu xammalın qiymətinə dair optimist proqnozlar vermək üçün əsas yaradır. Belə ki, hazırda demək olar, heç kim neft hasilatına investisiya qoymur. Aparıcı neft şirkətləri yeni neft hasilatı layihələrinə irimiqyaslı sərmayələri təxirə salıb. Burada investorların əhvalına təsir edən əsas faktor neft bazarında qiymətlərin düşəcəyi qorxusudur. İnvestorların qiymətlərin oynamasından ehtiyyatlanmasından dolayı yeni yataqların kəşfiyyatı və işlənməsi üçün əlavə kapital cəlb etmək həddindən artıq çətinləşib", - o deyib.


Amal Həsənli

Ekspert diqqətə çatdırıb ki, qlobal miqyasda neft sektoruna kifayət qədər sərmayənin qoyulmamasının fəsadları özünü çox gözlətməyəcək.

Onun sözlərinə görə, bu cür investisiyaların məhdudlaşdırılması uzun müddət davam edə bilməz: "Müəyyən bir həddə çatdıqda bazarda neft çatışmazlığı yaranacaq. Yəni neft hamıya yetməyəcək və bu heç də onun ehtiyyatlarının tükənməsi ilə bağlı olmayacaq. Sadəcə olaraq, təklif tələbin xeyli altında olacaq. Belə olan halda tələblə təklif arasında tarazlıq bərqərar olana kimi "qara qızıl”ın qiymətinin artması labüd olacaq".

A.Həsənli xüsusi vurğulayıb ki, təklifin bazarın ehtiyaclarına cavab verə biləcək həddə çatması isə ani həllini tapan məsələ deyil: "Bəli, qiymət artımı yeni investisiyaları stimullaşdıracaq. Lakin nəzərə almaq lazımdır ki, bu tip layihələrin rellaşdırılması uzun müddət tələb edir. Bu mənada bazarda struktur qıtlığı dövrü qaçılmaz olacaq. Bu isə neft hasil edən ölkələr üçün qiymət baxımından komfortlu vəziyyət sayıla bilər”.