Ekonomiks 11:09 20.06.2015

“Neftlə bağlı təhlükə hələlik sovuşdu” - ekspert

“FED-in qərarının Azərbaycan üçün iki əsas üstünlüyü oldu”. Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib. 

O, Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin artırılmamasının üstünlükləri barədə danışıb: “Ötən gün FED dünya iqtisadiyyatı və birjalarının narahatlıqla izlədiyi toplatını yekunlaşdırdı. Əvvəlcədən də ehtimal etdiyimiz kimi, uçot dərəcəsinin, faizlərin artırılması istiqamətində qərar verilmədi. Eyni zamanda hazırkı iqtisadi situasiyanın da diqtəsi ilə yaxın gələcəkdə belə faiz artımlarının olmayacağı, əgər olarsa, bunun da çox kiçik göstəricilərlə ifadə olunacağı istiqamətində açıqlama verildi. FED-in qərarının Azərbaycan üçün iki əsas üstünlüyü oldu. Çünki FED əksinə qərar çıxarsaydı, manata təzyiqlər və Mərkəzi Bankın intervensiya xərclərini artıra bilərdi ki, bu da baş vermədi. İkincisi, faizlərin artırılması dolların bahalaşmasına və buna nisbətdə neftin ucuzlaşmasına səbəb olacaqdı ki, bu təhlükənin də sovuşduğunu deyə bilərik. Təbii ki, neftin qiymətinə təsir edəcək digər faktorlar öz yerində. Sadəcə dolların bahalaşmasından qaynaqlanan ucuzlaşmanı nəzərdə tuturuq”.

Qaynar.info