Mən uşaq olanda bizim bütün təlim-tərbiyəmizlə atamın anası nənəm məşğul olurdu. Anam sovxozun ağır işlərinə gedəndə nənəm evdə bizimlə qalırdı. Nənəm sovet hökumətinin ağır repressiyasına düçar olmuş varlı nəslin nümayəndəsi idi. Keçən əsrin otuzuncu illərində oğlu, yəni atam bələkdəykən nənəmin həyat yoldaşını antisovet-kulak kimi güllələməyə aparmışdılar.
Nənəmgil ailədə altı bacı, bir qardaş idilər. Onun yeganə qardaşı da otuzuncu illərdə sürgün edilmişdi. Nənəm ömrünün axırına qədər vur-tut bir il birgə yaşaya bildiyi həyat yoldaşına sadiq qalmış, kolxozun ağır işlərinə dözərək tənha yaşayıb yeganə oğlunu böyütmüş, ona ali təhsil vermişdi. Daha sonra Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxuyan yeganə oğlunu – atamı evləndirməyə tələsmiş, onu elə tələbəlik illərinin ortalarında evləndirmişdi.
Nənəmin, içi mən qarışıq, yeddi nəvəsi vardı. Hamımızı çox sevirdi. Özü savadsız olsa da elmin və təhsilin çılğın tərəfdarı idi. Evdə dərslərə hazırlaşmağımıza ciddi nəzarət edirdi. Heyvanlara, eləcə də bütün canlılara sevgi ilə yanaşmağı da nənəmdə görmüşdüm. O, həşəratlara, ağaclara da həssas yanaşardı. Hörümçəkləri xüsusi olaraq çox sevirdi. Bir dəfə mən çayın kənarında bitən, təzəcə çiçəkləmiş iydə ağacımızın bir balaca budağını lazımsız bilib kəsmək istəyirdim. Nənəm tezcə özünü yetirib məni qoymamışdı: "Budaq muraz üstədi, oğlum, onu kəsmək olmaz!” Sonralar onun bu sözündən təsirlənib şeir də yazmışdım. Yadımdadı, məktəbimizdə valideyin iclası olanda da ata-anamın yerinə nənəm gedirdi.
Tovuz rayonuna məxsus olan bizim kənd Şəmkirin Zəyəm Cırdaxan kəndi ilə qonşuluqda yerləşir. Bu iki kəndi böyük Zəyəm çayı ayırır. Nənəmin iki bacısı Zəyəm Cırdaxan kəndində yaşadığına görə başı qayğılardan açılan kimi çayı keçib onlara qonaq gedirdi. Köhnəqaladan qalxıb Zəyəm çayının sahilinə gəlmək, çayı keçib Zəyəm Cırdaxana, bacısı Sücayət və Mədinəni görməyə getmək nənəmin sevimli səfəri idi. Nənəmin ən kiçik bacısı Minə mamam (biz nənəmin bacılarının hamısına mama deyirdik) da bizim kənddə yaşayırdı. Nənəm onunla tez-tez görüşdüyünə görə ən çox çayın o tayındakı bacıları üçün darıxırdı.
Yadımdadı, nədənsə, nənəm bacılarının yanına ən çox mənimlə gedirdi. Bəlkə də çox nadinc olduğuma görə məni tək buraxmaq istəmirmiş, bilmirəm. Mən nənəmlə həmin kəndə çox həvəslə gedirdim. Çünki orda mənə çox doğma olan mamalarımı görmək, təzə tanış olduğum uşaqlarla oynamaq, əylənmək vardı.
Bu uzun yolu birlikdə piyada gedirdik. Yadımdadı, mən lap balaca olanda nənəm "yorularsan” deyib, məni zorla belinə mindirir, bir müddət belində aparırdı. Yaşıl yollarla gedərkən eləbil o, balaca nəvəsini belində aparmaqdan həzz alırdı. Biraz böyüdükdən sonra, nənəmin təkidlərinə baxmayaraq, bir də heç vaxt onun belində getməyə razılaşmadım.
Adətən Zəyəm çayına çatan kimi nənəm ayağını soyunub ayaqqabısını əlinə alar, tumanının balağını yığar, məni belinə mindirib çayı keçərdi. Qayıdanda da beləcə, çayı nənəmin belində keçərdim.
Nədənsə, nənəmin bacıları bizə çox az-az qonaq gələrdi, eləbil bu iş yalnız nənəmə tapşırılmışdı. Nənəm o yolu gedəndə sevindiyindən sanki uçurdu. Nənəm üçün, elə mənim üçün də, dünyanın ən müqəddəs yolu o yol idi: evdən çıxıb Zəyəm çayının sahilinə gəlmək, çayı keçib Zəyəm Cırdaxan kəndinə keçmək və gedib o doğmaları görmək. Onlar necə mehriban görüşür, biri-birindən ötrü necə darıxırdılar, dəhşət!
İllər ötür, nənəm qocalır, lakin yaşca özündən kiçik bacılarının yanına getməyi unutmurdu. Nənəm öz bacılarının yanına yenə ən çox mənimlə gedirdi. Mən böyümüşdüm, artıq, özüm çırmanıb keçirdim çayı. Yadımdadı, bir dəfə yaz vaxtı gəldik ki çay çox gur axır. Nənəmə dedim, min belimə, səni özüm keçirəcəm o taya. Çox israr elədi ki, yox, özüm keçəcəm. Dedim, ay nənə, səni bu sel apara bilər, min belimə. Nənəm mənə qıymırdı, axırda çar-naçar razılaşdı. Mən ayaqlarım suda sahilin uçurumunda dayandım, nənəm belimə mindi. Məni qəribə bir kədər bürüdü: nənəm zənn etdiyimdən çox yüngül idi. Qəlbi, ağlı, düşüncəsi gözəlliklərlə zəngin olan bir insanın çəkisinin belə yüngül olmasını heç ağlıma gətirməzdim...
Mən yapon haykularını, ümumən hayku estetikasını çox sevirəm. Bir neçə dəfə yapon haykularından tərcümə edib çap da elətdirmişəm. Tərcümə zamanı bir hayku məni uşaqlıq illərimə, nənəmin yanına qaytarmışdı. Hayku belə səslənirdi:
Anamı belimdə çaydan keçirdim,
Suyun ortasında ağlamaq tutdu məni:
Arvad nə yaman yüngülləşib...
Bu haykunu yazan şair anasının qocalaraq yüngülləşməsini və onun tədricən ölümə yaxınlaşmasını duyaraq ağlayıb.
Məni də ağlatmışdı...
Murad Köhnəqala
Şərhlər