Xəbər lenti

Əsrin sonunadək anomal istilər Avropada 2,3 milyon ölümə səbəb olacaq - Alimlər
Dünya 19:20 15.09.2025

Əsrin sonunadək anomal istilər Avropada 2,3 milyon ölümə səbəb olacaq - Alimlər

Yeni tədqiqatın nəticələrinə görə, əsrin sonuna qədər Avropada 2,3 milyon insanın ekstremal istilər səbəbindən həyatını itirə biləcəyi proqnozlaşdırılır. 

Qaynarinfo xəbər verir ki, bu nəticələr "Daily Galaxy" nəşrinin məlumatına görə, "Nature Medicine" jurnalında dərc olunmuş araşdırmada yer alıb.

Araşdırma London gigiyena və tropik tibb məktəbi tərəfindən aparılıb və 30 ölkənin 854 şəhərini əhatə edib. Bu, Avropada iqlim dəyişikliyi ilə bağlı ölüm hallarına dair ən genişmiqyaslı qiymətləndirmələrdən biridir.

Alimlər 2015–2099-cu illər arasında istilik və soyuqdan qaynaqlanan ölüm halları arasındakı tarixi və proqnozlaşdırılmış balansı araşdırıblar. Ən pis ssenaridə, demoqrafik dəyişikliklər və tibbi tərəqqi nəzərə alınmadan, 2,3 milyon əlavə ölüm halı gözlənilir. Mütəxəssislər xatırladıblar ki, 2023-cü il müşahidə tarixində ən isti il kimi qeydə alınıb.

Cənubi və Mərkəzi Avropa ölkələrinin iqlim dəyişikliyinə qarşı daha həssas olduğu qeyd edilir. Məsələn, Barselonada 2099-cu ilə qədər 246 min nəfərin istilərdən öləcəyi ehtimal olunur. Roma, Neapol və Afinada da ciddi itkilər proqnozlaşdırılır. Əsas səbəblər arasında isti yaylar, sürətli urbanizasiya və əhalinin qocalması göstərilir.

Xüsusilə gündüzlərin isti, gecələrin isə sərinləmədən davam etdiyi "ikiqat istilik dalğaları" insan sağlamlığı üçün daha təhlükəli hesab olunur. Bu hal yuxunu pozur və ürək-damar sisteminə ciddi zərbə vurur.

Aralıq dənizi bölgəsində ən ağır vəziyyət Maltada gözlənilir – burada 100 min nəfərə 268 əlavə ölüm proqnozlaşdırılır ki, bu da Cənubi Avropanın orta göstəricisindən iki dəfə çoxdur.

Şimali Avropa ölkələrində və İrlandiyada istilərin əvvəlki mərhələdə qış ölüm hallarını azaltması müşahidə oluna bilər. Lakin əsrin sonuna doğru Helsinki və Stokholm kimi şəhərlərdə də istilikdən ölüm halları artacaq.

Araşdırmada şəhərlərin yaşıllaşdırılması, binaların istilik izolyasiyasının yaxşılaşdırılması və kondisionerlərin geniş istifadəsi kimi adaptasiya tədbirləri də nəzərə alınıb. Amma hətta riskin yarıya endirilməsi belə on minlərlə əlavə ölüm demək olacaq.

Tədqiqatın əsas müəllifi, professor Antonio Qasparrini vurğulayıb ki, bu hesablamalar hətta azaldılmış ola bilər, çünki meşə yanğınları, fırtınalar və hava çirklənməsi kimi amillər modellərə daxil edilməyib. Ən ekstremal ssenaridə ölüm halları 4,7 milyona qədər yüksələ bilər.

Alimlər xəbərdarlıq edir: Avropa "ölümcül istilik dalğaları dövrünə" yaxınlaşır. Adaptasiya tədbirləri prosesi yalnız gecikdirə bilər, amma böhranı dayandırmaq üçün əsas şərt istixana qazı emissiyalarının kəskin şəkildə azaldılmasıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->