İdman 09:02 13.04.2021

Nəriman Abbasov Moskva zəfərindən danışdı

Moskvada keçirilmiş "AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələn Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov "Report"a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Rəqibiniz güləş üzrə Avropa çempionu idi. Onu necə analiz etmişdiniz?
- Yaxşı bilirdim ki, o, döyüşdə daha çox güləş üslubundan istifadə edəcək. Döyüşü də elə qurdum ki, müdafiə oluna-oluna mübarizəni ayaqüstə davam etdirim.

- Rəqibiniz müsahibələrin birində Azərbaycan güləşi ilə Dağıstan güləşini müqayisə edərək, bizim güləş məktəbinə yuxarıdan aşağı baxdığını sezdirmişdi.
- Bəli, müsahibə ilə tanış oldum. Və cavabımda bildirdim ki o, Azərbaycan güləş məktəbinin gücünü görəcək. Şükür Allaha, gücümüzü ona layiqincə göstərdik.

- Sizin döyüşünüzdən əvvəl erməni idmançı məğlub oldu.
- Sözün düzü, o döyüşə baxmamışam. Erməni idmançı döyüşən vaxtı isinmə hərəkətləri edir, döyüşə hazırlaşırdım. Bütün fikirlərimi öz döyüşümə kökləmişdim. Çünki bu, mənimçün prinsipial xarakter daşıyırdı. O, 77 kq-da çempion olmuşdu, çəkisini 70 kiloya saldı ki, iki çəkidə çempion olsun. Amma buna imkan vermədim.

- Bu turnir mötəbərliyinə görə döyüş reytinqində 2-3-cü yerlərdə qərarlaşıb. Sizin artıq UFC-də döyüşmək fikriniz varmı?
- İnşallah, bu döyüşdən sonra 1 döyüşlük kontraktımız var. Şəxsi məşqçim Şəhriyar müəllimlə məsləhətləşəcəyik. Ola bilsin, mübarizəni həmin turnirdə davam etdirək, UFC ilə müqavilə bağlayaq, hər şey ola bilər. Bunun yaxın 1-2 ay ərzində dəqiqləşəcəyi gözlənilir.

- Gələcək planlarınız barədə.
- Pandemiya bitsəydi, bu kəməri Bakıda qoruyardım. Ən böyük hədəfim budur. Qismət olsa, inşallah bu kəməri Bakıda qoruyacam. Qələbəmi 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə və qazilərimizə həsr edirəm. Çünki onların haqqı ödənilməzdir.