Ölkə 17:15 14.08.2020

Nəsimi İH dərc etdiyimiz tənqidi yazıya reaksiya verdi (AÇIQLAMA)

Nəsimi Rayon İcra Hakimiyyəti Qaynarinfo.az saytında dərc edilmiş "Bakının bu küçəsində ağacların dibi betonlandı” başlıqlı yazıya reaksiya verib.

Qaynarinfo bildirir ki, İcra hakimiyyəti həmin faktla bağlı məlumat yayıb. Məlumatda faktla bağlı artıq tədbir görüldüyü bildirilir:

"Bakının bu küçəsində ağacların dibi betonlandı” başlıqlı  yazı ilə əlaqədar bildiririk ki, Nəsimi rayon İcra Hakimiyyətinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə qeyd olunan əraziyə baxış keçirilib, uzun illər öncə ərazinin abadlığı üçün aparılmış işlər nəticəsində yaranmış vəziyyətlə bağlı ərazidəki 4 ağacın gövdəsinə yaxın sahə təmizlənərək ağacların dibi yumuşaldılıb və suvarma işləri aparılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ərazi nəzarətə götürülüb, mövcud yaşıllıqlara qulluq göstərilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Həmçinin yaxınlıqda fəaliyyət göstərən özəl subyektlərin nümayəndələrinə yaşıllıqların qorunması, onlara qulluq göstərilməsi barədə tövsiyyələr olunub.
Eyni zamanda qeyd edirik ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində  ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl olaraq  məqsədyönlü tədbirlər keçirilir. Rayonun digər ərazilərində olduğu kimi, yaxın günlərdə Tbilisi və Moskva prospektləri boyunca  genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, yeni yaşıllıq zolaqları salınaraq çoxsaylı həmişəyaşıl ağaclar əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib. Bu işlər hazırda da davam etdirilir”.