Foto 12:34 23.02.2019

Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib (FOTOLAR)

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. 

Qaynarinfo xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur.
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin  Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyaları, «Ana harayı» abidəsinə ziyarəti təşkil edilir.

Faciənin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki,  bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Asif Əsgərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur.  

Tədbirdə çıxış edənlər şəhid ailələri -  Sahibə Şahmuradova, Şahnaz Behbudova, Səlim Musayev Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirib. Görüşdə iştirak edənlər lham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliklərini ifadə ediblər. 

Tədbirin sonunda Asif Əsgərov Xocalı sakinlərini qəbul etmiş, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verib.

Sonra Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilib.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  də davam edir. 

Növbəti tədbir fevral ayının 25-də Gənc Tamaşaçılar Teatrında təşkil edilib. Tamaşadan öncə  çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verib.

Daha sonra  Sevinc Elsevərin  Xocalı faciəsindən bəhs edən  "Arzu və Murad”adlı  tamaşasına  Nəsimi rayon ictimaiyyətinin  baxışı keçiriib. Tamaşa "Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş "Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulub.

Gənc Tamaşaçılar Teatrının "Arzu və Murad”  tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. 

Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Bioloji Təbabət Klinikasında pulsuz tibbi müayinələri təşkil olunub. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilib.

Fevral ayının 26-da Nəsimi rayon ictimaiyyətinin nümayəndələri  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib.