Hüseynbala Səlimov
Bəli, cəmi bircə il ərzində Nəsimi haqqında bu vaxta qədər danışılanlardan, yazılanlardan və göstəriləndən 650 dəfə çox edildi – rəsmi hakimiyyət xəbərlərindən, beyinlərimizi "yumağa” yönəlik geniş çeşidli təbliğat xarakterli məsələlərdən sonra ən azı elektron mediada ən çox yer alan mövzu məhz Nəsimi söhbətləri oldu.
Üstəlik, onu da deyim ki, bu haqda daha çox danışan bizim gənc tədqiqatçılarımız və ədiblərimiz oldu. Diqqətəlayiq detal isə budur ki, onlar akademik ədəbiyyatşünaslarmızdan fərqli olaraq toxunduqları mövzunu, Şərq ədəbiyyatını, o cümlədən də Nəsiminin özünü həqiqətən də çox yaxşı bilirlər.
Amma hər dəfə bu xüsusdakı verilişlərə baxanda, arabir hətta yazıları oxuyanda nədənsə beynimdən elə hey böyük şairin bir beyti keçirdi:
Hər kimsə Nəsimi dilini fəhm edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq...
Odur, mənə elə gəlir ki, Nəsimi öz sirrini bu dəfə də bizdən gizlətdi –bizim üçün yenə də pünhan qaldı, bəli, daha bir də əlləşdik, amma onun sufi sətirlərindəki sətiraltı məna və məqamlara qəti vaqif ola bilmədik.
Bilirsinizmi, bunun səbəbi təkcə sufi poeziyasının çoxqatlılığı, arifanəliyi deyil. Yox, məsələ tək bunda da deyil, ondadır ki, Nəsimi təkcə sırf ədəbi bir hadisə deyil, böyük ictimai fenomendir. Razılaşın ki, hətta sıravi məmurların kiçicik ciblərinə sığan, məmur-polis görəndə "Bismillah!” deyib yolunu dəyişən, doğru söz danışanda qorxudan ağzı-burnu uçuqlayan adamlar nə qədər "Məndə sığar iki cahan...” desələr də bu, qətiyyən inandırcı görünməz, - həm də nəinki görünməz, hətta çox gülməli və eybəcər alınar...
Deyim ki, elə eybəcər də alındı. Ona görə ki, bizim multikultural, tolerant və müqayisə olunmaz, Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz hələki əsl böyük İntibah ideallarından, humanizmdən uzaq diyardır – İntibah da, elə Nəsimi sözünün özü də insana sevgi deməkdir, insanı uca tutmaq deməkdir.
Burada isə hər şeydən ucuz tutulan insandır, onun üzü böyük həqiqətlərin aynası, necə deyərlər, Kainatdakı dəyişiklikləri oxumaq üçün kitabə yox, sadəcə və sadəcə tüpürülmək və qınanmaq üçündür ki, sən, ey "İKİ CAHANA SIĞMAYAN MƏXLUQ”, Tanrına şükür elə ki, yeməyə bir parça çörəyin və başını soxmağa koman var, çaşıb başqa xəyallara düşmə, əgər işdir, birdən düşsən bil ki, bu dünyada "Nəsimi aqibəti” deyilən məsələ var - adamın dərisini boğazından elə çıxararlar ki, acısı-ağrısı heç 650 il də çəkilməz...
Bəli, qardaş, buralar multikultural və tolerant olmamışdan əvvəl tipik bir Şərq ölkəsidir.
Burada bir söz deyər, amma tamam başqa cür hərəkət edərlər. Burada qədim sufi ənənələrinin məzmununu tamam - kamal bircə tərəfə tullayıb sanki qabını, formasını saxlayıblar - təkrar deyirəm ki, buralarda bir söz deyib, başqa şey anlamaq və düşünmək dəbdədir...
Nəsiminin poeziyası da, həyatı da məhz buna üsyan idi. Biz bunun fərqindəyikmi? Deyirlər ki, bu günün avropalıları İntibah dövrünün çox mərd simalarına, Reformasiya atalarına, nə bilim, Yan Quslara, Lüterlərə, Cordano Brunolara minnətdar və sayğılı olmalıdırlar və yəqin ki, elə həqiqətən də, doğrudan-doğruya da belədir.
Amma kim deyir ki, tonqalda yanmaq dərisi soyulmaqdan daha ağır, işgəncəli cəzadır? Mən bilmirəm, dünya elmində şərq və yaxud da islam İntibahı deyilən bir fenomen müəyyənləşdirilibdi, ya yox? Amma Nəsimi də, Mənsur Həllac da, lap elə öldürülmüş filosof Sührəverdi də belə deməyə əsas verir ki, belə şey həqiqətən də olub; sadəcə, biz həmişə olduğu kimi, məsələnin məğzini kənara tullayıb, onun yalnız formasını saxlayırıq, tarın –kamanın, neyin naləsi altında batman başlarımızı ora – bura fırlada – fırlada düşünürük ki, guya bu yolla Nəsiminin, Füzülinin və yaxud da qeyri bir sufinin böyük hikmətlərinə vaqif oluruq...
Fəqət, əsla belə deyil. Ən ağlagəlməz, gümana sığmaz şeylərdən belə nəsə ritmik bir şey düzəldib onun sədaları altında dingildəməkdə çox mahir bəndələr olsaq da, bəzi məsələlər bizim düşündüyümüzdən daha qəlizdir – bu, bizim üçün "Yanıq Kərəmi” deyil ki, onu sındıra -sındıra toylarda oynayaq, hərçənd, mənə həmişə elə gəlibdi ki, "Yanıq Kərəmi” də, xüsusən də "Ruhani” məhz sufiyanə havalardır...
Odur ki, Nəsimi məqamına çatmaq tamam ayrı bir məsələdir. Bilirsinizmi, min illər ərzində elə sənətkarlar olub ki, onların yalnız yazdıqlarını oxumaqla nəyəsə vaqif olmaq olur. Məsələn, hətta Nizamini və yaxud da Firdovsini oxuyanda yalnız oxuqduqlarına diqqət kəsilirsən, daha heç düşünümrsən ki, bu Nizami və yaxud Firdovsi bir fərd olaraq kim olublar? Amma Nəsimi belə deyil – Nəsimi məqamına çatmaq üçün gərək şairin kimliyinin də fərqində olasan.
Bu isə biz bacaran iş deyil, adam gərək bacardığı işin qulpundan yapışsın. Odur ki, gəlin Seyyid Nəsiminin ruhuna işgəncə verməyək – cismi vaxtında bizim babalarımızın ucbatından çox, olmazın əzablar çəkdi, heç olmasa, ruhuna qıymayaq...
Şərhlər