"Təl-Əviv Fələstində "5-ci kolon" effekti yaratmaq, fələstinliləri bir-birilərinə qarşı qoymaq üçün belə bir təklifdə bulunub".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İsrail baş naziri Benyamin Netanyahunun HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazır olduğunu barədə bəyanatını şərh edərkən deyib.
Üzeyir Şəfiyev bildirib ki, İsraillə Fələstin arasındakı müharibə Yaxın Şərqdə humanitar fəlakətə səbəb olub. 45 minə yaxın itki var:
"Oktyabrın 7-dən başlanan münaqişənin kökləri dərindir. HƏMAS keçən ilin həmin günü İsrailə terror hücumu həyata keçirdi. Bayden adminstrasiyasının da bəyan etdiyi kimi, İsrail-Fələstin münaqişəsinin bu fazasında əslində yeni çalarlar gördük. Bölgədə yeni konfiqurasiya düzənləmək istəyən qüvvələr var ki, onun da başında ABŞ dayanır. Yəni bu müharibə əslində idarə olunur.
İsraildən də proksi kimi istifadə edirlər. İsrail prosesdən maksimum faydalanmaq istəyir. İsrailin hərəkətləri təkcə HƏMAS və "Hizbullah"ı zərərsizləşdirmək amacından irəli gəlmir, onlar həm də ərazidə demoqrafik vəziyyəti öz xeyrinə həll etmək niyyəti güdürlər. Müxtəlif dövlətlər israilli girovların azad edilməsi üçün xeyli çalışdı. Ancaq bu istiqamətdə əsaslı nəticə olmadığından Netanyahu son olaraq girovların azad edilməsi üçün pul mükafatı vəd etdi. Bu həm də o deməkdir ki, Təl-Əviv Fələstində "5-ci kolon" effekti yaratmaq, onları bir-birilərinə qarşı qoymaq istəyir. Bu yanaşma həm də Netanyahunun girovları azad etmək məsələsində çarəsizliyindən də irəli gəlir".
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazır olduğunu bəyan edib. "Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq: biz bütün girovları geri qaytaracağıq", deyə Netanyahu bildirib.
Rüfət Sultan
Şərhlər