"Netflix"in sənədli filminə görə Malkolm X sui-qəsdi yenidən araşdırıla bilər

Netflix video platformasının fevralın 7-də yayımladığı amerikalı müsəlman siyasətçi və qaradərililərin hüquqlarının müdafiəçisi Malkolm X sui-qəsdi ilə bağlı sənədli film ABŞ-ın Nyu-York şəhərində Manhetten bölgə prokurorunu hərəkətə keçirib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, "Malkolm X-i kim öldürdü?" (Who killed Malcolm X?) adlı sənədli filmdə 1965-ci ildə öldürülən fəal Malkolm X sui-qəsdini araşdıran tarixçi Əbdürrəhman Məhəmmədin fikirlərinə yer verilir və cinayətkarların tutulub-tutulmayacağına diqqət çəkilir.

Burada həmçinin ədalətin bərqərar olması üçün mübarizə aparan İnnocence Project fondunun araşdırdığı sənədlərdə yer alan iddialara da toxunulur.

Manhetten bölgə prokurorluğundan verilən açıqlamada bildirilib ki, ortaya çıxan yeni iddialar və dəlillər nəzərdən keçiriləcək və lazım gələsə, cinayət işi yenidən açılacaq. Bundan əlavə bölgə prokuroru Siyrus Vansın fond nümayəndələri ilə birgə iclas keçirdiyi də məlum olub.

Malkolm X-in qızı İlyaşah Şabaz isə atasının ölümü ilə bağlı cinayət işinin yenidən açılma ehtimalına qarşı keçirdiyi hisləri sözlə ifadə edə bilmədiyini deyib.

Malkolm X kim idi?

Əsl adı Əl Həcc Malik Əl Şabaz olan Malkolm X ABŞ-ın müsəlman icmasının rəhbərlərindən biri və afroamerikan insan haqları hərəkatının məşhur aktivisti idi. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər.

Malkolm X 1925-ci ildə Nebraska ştatının Omaha şəhərində anadan olub. Onun atası Örl Litl da afroamerikalıların haqlarını müdafiə edənlərdən olub və Malkolm 6 yaşında olanda öldürülüb.

1946-cı ildə soyğunçuluqda ittiham olunaraq həbsə atılan Malkolm burada İslam dinini qəbul edir. Həbsdən çıxdıqdan sonra həm xarizmatik xarakteri ilə medianın diqqətini çəkir, həm də dini inancına çox sayda tərəfdar qazanır. Qalmaqallı açıqlamalar verən Malkolm bir çox məsələlərdə fikirləri üst-üstə düşmədiyindən 1964-cü ildə islamı öyrəndiyi Əlicah Məhəmmədlə və Nation of İslam təşkilatı ilə yollarını ayırır.

Bu illərdə çoxsaylı ölüm təhdidləri alan Malkolm X 1965-ci ildə Nyu-Yorkda çıxış etmək üçün səhnəyə qalxarkən öldürülür. Cinayətdə şübhəli bilinən Nation of İslam təşkilatı üz olan 3 nəfər - Mücahid Əbdül Həlim, Məhəmməd Əbdül Əziz və Xəlil İslam 1966-cı ildə həbs olunaraq ömürlük həbs cəzasına məhkum edilir.

İllər boyunca həm Əziz, həm də 2009-cu ildə ölən İslam günahsız olduqlarını deyiblər. Həlim isə sui-qəsddə əli olduğunu qəbul etsə də, digər 2 nəfərin bu işlə əlaqəsi olmadığını söyləyib. 1985-ci ildə şərti azadlığa çıxan Əziz adındakı ləkənin təmizlənməsi üçün İnnocence Project fonduna müraciət edib. Fondun araşdırmalarına görə, Əziz və İslamın sui-qəsdlə əlaqəsini göstərən heç bir dəlil yoxdur. 

Netflix-in sənədli filmində Malkolm X-in ölümü ilə bağlı ssenarilər verilir. Bu iddialardan birində cinayəti FTB-nin təşkil etdiyi və sui-qəsdin də ağdərililər tərəfindən gerçəkləşdirildiyi fikri irəli sürülür.

Əziz hadisəni evdə uzandığı vaxt radiodan eşitdiyini bildirir. 

İnnocence Project Fondunun qurucularından olan Berri Şek isə cinayətin yenidən araşdırılması üçün 2 təcrübəli prokurorun bu işə cəlb edilməsinin onları cəsarətləndirdiyini bildirib.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR