İdman 16:57 24.03.2019

Nikola Yurçeviç: "Litva yaxşı komandadı, amma Xorvatiya deyil"

"Xorvatiya oyundan bir neçə gündən sonra soyuq başla danışmaq olar. Bizi sensasiyadan 10 dəqiqə ayırdı. Bir çox pozitiv şeyləri müşahidə etdim. Futbolçuların performansından razı qaldım.

Litva ilə matç da önəmlidir. Yoldaşlıq görüşüdür, lakin müsbət oyundan sonra müsbət nəticə də qazanmaq istəyirik. Eyni zamanda fərqi futbolçulara da şans verməyə çalışacağıq".

Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda danışarkən deyib.

54 yaşlı xorvatiyalı mütəxəssis "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında sualları da cavablandırıb:

- Litva ilə matç üçün heyəti açıqlamaq fikriniz var?
- Dəyişikliklərin olması normaldır. Biz daha gümrah futbolçulara şans verməliyik. Xorvatiya ilə matçdakı çıxışlardan razı qalmışam. Ağır qarşılaşmadan sonra Bakıda ancaq bərpa məşqləri keçdik.

- Sabah start heyətdə 2 hücumçuya yer verməyiniz mümkündür?
- Dəyişiklik nə dərəcədə olacaq, kim oynayacaq - kim yox - bunlar barədə bu gün baş tutacaq məşqdən sonra qərar veriləcək. Ola bilər ki, 2 cinah, 1 mərkəz hücumçusu ilə başlayaq. Hələ məlum deyil. Ramil Şeydayev həm mərkəzdə, həm də "10 nömrə" kimi oynaya bilər.

- Millinin potensialı "1 nömrə" kimi oynamağa imkan verir?
- Bu rolu oynaya biləcəyimizə ümid edirəm. Litva Xorvatiya deyil. İlk növbədə kompakt oynamağa, top saxlamağa çalışacağıq. Xorvatiya kimi böyük komanda olmayan Litva ilə görüşdə futbolçularımızın özlərini necə göstərəcəkləri mənə də maraqlıdır.

- Konfransın gedişində qeydlər aparırsınız. Bilmək olar orda nə yazırsınız?
- Burada ağlıma gələn kombinasiyaları, oyunçuları qeyd edirəm. Bunun nəticəsini sonra görəcəyik (gülür).

- Azarkeşlərə mesajınız nədir?
- Hər şeyin müqabilində realist olmalıyıq. Xorvatiya dünya çempionatının ikincisidir. Biz isə başqa dünyadayıq. Zaqrebdə sərgilədiyimiz futbol bizi pozitiv düşünməyə sövq edir. İndiki rəqimiz də yaxşıdır, amma Xorvatiya deyil.

- Qapıda yenə Səlahət Ağayev olacaq?
- Yəqin ki, Səlahət olacaq.

- Kapitan sarğısı Maksim Medvedevdə qalacaq?
- Kapitan odur. Qalan spekulsiyalar barədə danışmaq istəmirəm. ("Report")