Bakıda ilk xarici şirkət Nobel qardaşları - Alfred, Lüdviq və Robert tərəfindən təsis edilib. 1882-ci ildə Lüdviq Finlandiya, İsveç, Norveç və Almaniyadan daha çox texniki işçini Bakıya dəvət edib və o vaxtlar Bakıda "Qara Şəhər" kimi tanınan ərazidə yerləşən "Villa Petrolea" adlı bir şirkət qurub.
Onların müəssisəsindən çıxan neft məhsulları qatarla və dəniz yolu ilə Rusiya boyunca Orta Asiya və Avropaya paylanıb. Bakıdakı "Nobel Qardaşları" şirkətinin loqotipində Suraxanı Atəşgah məbədi təsvir edilib.
Qeyd etmək lazımdır ki, Nobel qardaşlarının gəmiləri Zərdüşt, Məhəmməd, Budda, Brahma, Sokrat, Spinoza və Darvin də daxil olmaqla müxtəlif dini və fəlsəfi şəxsiyyətlərin adları ilə adlanıb.
1908-ci ildə "Nobel Qardaşları” şirkəti müxtəlif sənaye sahələrini birləşdirən iri kapitalist konserninə çevrilmişdi. Nobellərin neft imperiyasında 25 mindən artıq adam işləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif müəssisə daxil idi.
Bakıda milyonlar qazanan Nobellərin vəziyyəti 1918-ci ildən pisləşməyə başlayır. Onlar düşünməyə başlayırlar ki, qazandıqları pulları Bakıdan necə çıxarda bilsinlər. Nəhayət ağıllarına gəlir ki, pulları qızıla çevrsinlər və onlardan nəzərə çarpmayacaq əşyalar düzəldib Bakıdan apara bilsinlər.
Çünki adi qaydada aparmaq təhlükəli idi. Həmin dövrdə Bakıda ermənilərin törətdikləri soyqırım və hələ də silahlı erməni dəstələrinin sərbəst qalması, ardınca siyasi proseslər, Qafqaz İslam Ordusunun Bakının xilasına gəlməsi barədə xəbərlər, Şaumyanın başçılığı ilə Bakıda qurulan qondarma hökumət və s. Nobellərin təhlükəsiz hərəkət edə bilməyəcəyini göstərirdi.
Emmanuel Nobel çıxış yolunu tapır, ən yaxşı zərgərlər və mexaniklər dəvət edilir. Çox sayda qızıl sikkə əridilir. Onlardan böyük palto düymələri, kəmər başlıqları və hətta ayaqqabılar üçün dəmir dabanlar hazırlamaq üçün istifadə olunur.
Şirkət işçiləri hər biri bir neçə kiloqram qızıl olan köhnəlmiş paltolarla təmin edilir. Çemodanların metal çərçivələri paslı dəmirə bənzədilmiş qızıl çərçivələrlə əvəz edilir və üzərinə qara rəng çəkilir. Deyilənlərə görə, mühəndislərin şəxsi əşyaları kimi özləri ilə apardıqları bəzi iş alətlərini də qızıldan hazırlanıb, üzərinə mazut çəkilərək şübhədən kənar görünməsi üçün açıq şəkildə çantalara qoyulur.
O dövrdə kerosin lampaları və primus sobaları vacib əşyalar idi. Nobellər daxili hissələri - fitil tutacaqları və üzükləri - qızıldan tökülmüş bir dəstə lampa hazırlayırlar.
Lampalar köhnə və çirkli görünməsi üçün hisə verilir. Gedən şəxslərin əşyaları axtarış ediləndə, işçilər əllərini hislə çirkləndirməmək üçün onları kənara qoyurlar, baxmayaraq ki, tək bir lampada 200-300 qrama qədər təmiz qızıl var idi.
Şirkətin bir çox işçisi özlərini mühəndislər kimi qələmə verərək üstlərində milyonlarla dəyəri olan qızıl əşyalar ilə Bakıdan ayrılırlar. Bu "qızıl qaçaqmalçılığı" sayəsində Nobellər var-dövlətlərinin böyük hissəsini xilas edə bilirlər.
1920-ci ildə Bakıya daxil olan bolşeviklər, bütün neft yataqlarını milliləşdirəndə Nobellərə məxsus zavod və şirkətlərdə seyflərin boş olduğunu görürlər. Onların demək olar ki, bütün əsas sərvətləri artıq İsveçdə idi...
Mənbələr:
1)Rusiya Dövlət Tarix Arxivi 1268 nömrəli Kolleksiya (Qafqaz Komitəsi) və 1458 nömrəli Kolleksiya (Nobel Qardaşları Tərəfdaşlığı)
2)Azərbaycan Milli Arxivi: 600 nömrəli Kolleksiya
3) Brita Åsbrink, "Ludvig Nobel: Petroleum har en lysande framtid"
4) Branobel History- branobelhistory.com
5) Robert Tolf. The Russian Rockefellers
https://archive.org/details/russianrockefell00robe
6) Бриты Осбринк "Империя Нобелей"https://www.litres.ru/.../imperiya-nobeley.../chitat-onlayn/
Prof.Dr. Zaur Aliyev
Şərhlər