XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Norveç kralı 89 yaşında vəfat etdi: V Harald kim idi?
Dünya10:52 28.08.2026

Norveç kralı 89 yaşında vəfat etdi: V Harald kim idi?

Norveç kralı V Harald 89 yaşında vəfat edib. Kral ötən həftə nadir qan xəstəliyinin müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.

Oslodakı Kral Sarayı bildirib ki, Harald cümə günü yerli vaxtla saat 06:35-də (Qrinviç vaxtı ilə 04:35) Oslodakı milli xəstəxanada dünyasını dəyişib.

Ölümündən əvvəlki 24 saat ərzində kral ailəsinin üzvləri Haraldı ziyarət edib, sarayın qarşısına isə insanlar gül dəstələri qoyublar.

Harald XIV əsrdən bəri Norveçdə doğulan ilk kral olub. Onun yerinə oğlu Haakon keçəcək.

Haraldın yerinə oğlu Haakon (solda) gələcək

35 il taxtda qalan Harald monarxiyanı müasirləşdirən, ənənələri pozaraq adi vətəndaşla evlənən və Norveçin ən çətin dövrlərində cəmiyyəti birləşdirən məşhur və islahatçı hökmdar kimi xatırlanacaq.

Kral ailəsini izləyən ekspertlər onu sadə, hörmət edilən və sevilən şəxs kimi xarakterizə edərək “millətin babası” və “xalq kralı” adlandırıblar. “Xalq kralı” ifadəsi onun atası Kral V Olav üçün də işlədilib.

2011-ci ildə Osloda və Utya adasında törədilən bomba və silahlı hücumlardan sonra Harald norveçliləri bir-birinə dəstək olmağa və “qorxunun hakim olmasına imkan verməməyə” çağırıb.

Son dövrlərdə isə Harald və ailəsi, xüsusilə səhhət problemləri və qalmaqallarla bağlı çətinliklərlə üzləşib. Bu məsələlər arasında gəlini Mette-Maritin mərhum cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələri və onun oğlu Marius Borq Höybinin zorlama ittihamı üzrə məhkum edilməsi də yer alıb.

Monarxiya daha şəffaf və bərabərhüquqlu olub

Tarixçi və TV2-nin kral ailəsi üzrə müxbiri Ole-Yorgen Şulsrud-Hansen BBC-yə bildirib ki, Haraldın hakimiyyəti dövründə Norveç monarxiyası maliyyə və səhiyyə məsələlərində daha bərabərhüquqlu və şəffaf olub.

"Nettavisen"in kral ailəsi üzrə müxbiri Tove Taalesen mərhum kralı “bizdən biri”, Se og Hør jurnalının kral ailəsi üzrə eksperti Karolin Vaqle isə onu “həmişə xalqa çox yaxın olan” şəxs kimi xarakterizə edib.

Norveç milli futbol komandası ABŞ-dan qayıtdıqdan və tarixində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəldikdən sonra Harald onları sarayda qarşılayıb.

Kralın həyat yoldaşı, təxminən 58 illik evlilikdən sonra kraliça Sonya, qızı şahzadə Märta Luiza, oğlu və yeni kral Haakon, həmçinin altı nəvəsi sağ qalıb.

(Soldan sağa) Şahzadə Sverre Maqnus, yeni Kral Haakon, Vəliəhd Şahzadə Mette-Marit, Kraliça Sonya və Norveç Kralı Harald may ayında Osloda Kral Sarayında Norveç Konstitusiya Günündə iştirak edirlər

Uşaqlıq illəri və müharibə

Harald 21 fevral 1937-ci ildə Oslo yaxınlığındakı Skauqum malikanəsində anadan olub.

Nasist Almaniyasının diktatoru Adolf Hitler İkinci Dünya müharibəsinin əvvəlində Norveçin işğalına göstəriş verəndə Haraldın üç yaşı var idi.

Haraldın anası uşaqları ilə birlikdə İsveçə qaçıb. Daha sonra onlar Prezident Franklin D. Ruzveltin dəvəti ilə ABŞ-a gediblər.

Harald müharibənin sonunda ailəsi ilə birlikdə Norveçə qayıdıb, burada təhsilini başa vurub və məcburi hərbi xidmət keçib.

1957-ci ildə vəliəhd olan Harald 1960-1962-ci illərdə Oksford Universitetinin Balliol Kollecində sosial elmlər, tarix və iqtisadiyyat üzrə təhsil alıb.

Adi vətəndaşla evliliyi

Harald biznesmenin qızı Sonya Haraldsenlə bir məclisdə tanış olub. Lakin vəliəhd onunla evlənmək üçün doqquz il gözləməli olub. Atası Kral Olav oğlunun Avropa şahzadələrindən biri ilə evlənməsini istəyirdi.

Harald daha sonra atasına bildirib ki, Sonya ilə evlənməsinə icazə verilməsə, subay qalacaq.

Nəhayət, atası razılıq verib və cütlük 29 avqust 1968-ci ildə Oslo Katedralında evlənib.

Haraldın bu seçimi onun iki övladının da adi vətəndaşlarla evlənməsinə yol açıb. Vaqle bunun “kişilərin üstünlük təşkil etdiyi kral ailəsi modelinin sona çatmasına kömək etdiyini” bildirib.

Kral ailəsi üzrə ekspert qeyd edib ki, Harald emosiyalarını, yumor hissini və zəif tərəflərini göstərməkdən heç vaxt çəkinməyib və bu xüsusiyyətlər onu çox insani bir şəxsiyyətə çevirib.

Olimpiyaçı kral

Atası 1990-cı ildə xəstələnəndə vəliəhd Harald regent olub. Olavın 17 yanvar 1991-ci ildə vəfat etməsindən sonra isə Harald taxta çıxıb.

Tarixçi Trond Noren İsakssenin sözlərinə görə, yeni kral 2000-ci illər ətrafında özünü daha çox göstərməyə başlayıb. O, qapalı, ciddi və utancaq insandan daha açıq və empatik şəxsə çevrilib.

Harald və Sonya müntəzəm olaraq Olimpiya oyunlarında Norveç komandalarını dəstəkləyirdilər

2011-ci ilin iyulunda Harald kral kimi ən böyük sınağı ilə üzləşib. Neonazi Anders Breyvik Osloda avtomobil bombası ilə səkkiz nəfəri öldürdükdən sonra Utya adasındakı gənclər düşərgəsinə gedərək 69 nəfəri, əksəriyyəti yeniyetmələri güllələyib.

Harald ertəsi gün televiziya ilə xalqa müraciət edib. Bir neçə həftə sonra isə qurbanlara və onların ailələrinə ata, baba, ər və kral kimi empatiya göstərdiyi çıxış edib. Çıxış zamanı kralın səsi titrəyib və göz yaşlarını saxlamaq çətin olub.

“Yalnız sizin ağrınızın dərinliyini təsəvvür edə bilərəm. Bu ölkənin kralı kimi hər birinizin dərdinizi bölüşürəm”, deyə Harald bildirib.

Tarixçi Ole-Yorgen Şulsrud-Hansen həmin anı belə qiymətləndirib: “Düşünürəm ki, monarxiyanın necə olması barədə həmin an yaddaşımıza həkk olunub.”

2016-cı ildə kral dini, etnik mənsubiyyət və cinsi orientasiya müxtəlifliyini dəstəkləyən emosional çıxışı ilə yenidən gündəmə gəlib.

O bildirib ki, norveçlilər “Əfqanıstandan, Pakistandan və Polşadan, İsveçdən, Somalidən və Suriyadan” gəlirlər, “Tanrıya, Allaha, Kainata və heç nəyə” inanırlar, onlar “qızları sevən qızlar, oğlanları sevən oğlanlar, bir-birini sevən qızlar və oğlanlardır”.

İdman və ətraf mühitə marağı

Kral həmçinin idmana və ətraf mühitin qorunmasına böyük maraq göstərib. O, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Norveç bölməsinin yaradılmasının təşəbbüskarlarından biri olub və 20 il ərzində təşkilatın Norveç bölməsinə rəhbərlik edib.

Bacarıqlı yelkən idmanı mütəxəssisi olan Harald üç dəfə Olimpiya Oyunlarında Norveçi təmsil edib. O, 2022-ci ildə peşəkar səviyyədə yarışdığı yelkən idmanından çəkildiyini açıqlayıb.

Kral Harald bu il Dünya Kubokunun 1/4 finalına vəsiqə qazandıqdan sonra Norveç milli futbol komandasını saraya dəvət edib

Ailə daxilində qalmaqallar

Vəliəhd Haakon 2001-ci ildə Mette-Maritlə evlənəndə kral və kraliça onun əvvəlki münasibətindən olan dörd yaşlı oğlunu da qəbul ediblər. Marius Borq Höybi ailənin bir üzvü kimi böyüdülüb. Lakin kral ailəsi sonradan onun heç vaxt kral ailəsinin rəsmi üzvü olmadığını vurğulayıb.

Kralın qızı şahzadə Märta Luiza əvvəlcə norveçli yazıçı ilə evlənib. Daha sonra 2024-cü ildə amerikalı, özünü şaman kimi təqdim edən şəxslə mübahisəli şəkildə ikinci dəfə ailə qurub. Cütlüyün biznes fəaliyyəti nəticəsində şahzadə kral ailəsindəki rəsmi vəzifələrindən imtina edib.

Bəzi norveçlilər Haraldın ailəsinin mübahisəli qərarlarına qarşı həddindən artıq yumşaq davrandığını düşünə bilərdi. Lakin Vaqle hesab edir ki, kral “sərt göstərişlər verməkdənsə, məsələləri danışaraq həll etməyə üstünlük verən biri olduğunu” göstərib.

Səhhəti pisləşdikcə Harald 2024-cü ilin aprelində ictimai tədbirlərdə iştirakını daimi olaraq azaldıb.

Son dövrlərdə o, qırmızı qan hüceyrələrinin sayının azalmasına səbəb olan nadir qan xəstəliyi – hemolitik anemiya ilə əlaqədar kortizon müalicəsi alıb. Avqustun 17-də xəstəxanaya yerləşdirilib və oğlu regent olaraq kralın fəaliyyətlərini öz üzərinə götürüb.

Norveç kral ailəsi bu il həm şəxsi səhhət problemləri, həm də qalmaqallar səbəbindən demək olar ki, daim ictimaiyyətin diqqət mərkəzində olub.

Marius Borq Höybinin Oslodakı hakimlər tərəfindən iyun ayında çoxsaylı cinayətlərə görə məhkum edilməsi ilə bağlı zorlama məhkəməsi aylar ərzində kral ailəsinin gündəmində qalıb. Höybi hazırda dörd illik həbs cəzasından apellyasiya şikayəti verib və kral vəfat etməzdən az əvvəl onun yatağının yanında olub.

Məhkəmə başlamazdan bir neçə gün əvvəl Mette-Maritin mərhum cinsi cinayətkar Ceffri Epşteynlə tez-tez əlaqə saxladığını göstərən sənədlər yayımlanıb.

Mette-Marit daha sonra Epşteynlə üç il davam edən dostluğuna görə Kral Harald və Kraliça Sonyadan üzr istəyib. O, “səhv mühakimə yürütdüyünü” etiraf edib və milli televiziyaya müsahibəsində Epşteynlə heç vaxt tanış olmamasını arzuladığını bildirib.

Oğlunun məhkəməsi başa çatdıqdan iki gün sonra Mette-Marit ağciyər transplantasiyası keçirib. Ona səkkiz il əvvəl ağciyər fibrozunun nadir forması diaqnozu qoyulmuşdu.

Həkimləri transplantasiyadan bir il keçməyənədək onun vəziyyətini stabil hesab etməyəcəklərini bildiriblər. Yeni kral Haakon isə anasına dəstək göstərərkən hakimiyyətin ötürülməsi ilə bağlı çətin dövrlə üzləşəcək.

Monarxiyaya dəstək azalıb

Kral ailəsini əhatə edən böhranlar monarxiyanın populyarlığına da təsir edib. Aftenposten qəzeti üçün keçirilən sorğulardan birinə əsasən, monarxiyaya dəstək 2024-cü ildəki 72 faizdən 54 faizə düşüb.

Digər sorğular norveçlilərin demək olar ki, yarısının Mette-Maritin artıq kraliça ola bilməyəcəyinə inandığını göstərib. Bununla belə, Haakonun onun kraliça olacağını açıqlaması yüksək ehtimal kimi qiymətləndirilir.

Monarxiyaya qarşı mənfi münasibətə baxmayaraq, Vaqle tənqidlərin nadir hallarda şəxsən mərhum krala yönəldiyini və bunun onda “hamının Kral Haraldu sevdiyi” təəssüratı yaratdığını bildirib.

Tarixçi Trond Noren İsakssen isə qeyd edib: “Kral ailəsində işlər yolunda getməyəndə insanlar kraldan başqa hər kəsi günahlandırmağa meyllidirlər.”

Tove Taalesenin sözlərinə görə, Haakon öz ailəsindəki problemlərin “kral kimi vəzifəsinə də təsir edib-etməyəcəyi” ilə bağlı suallarla üzləşib. Bununla belə, o, Haakonun liderlik nümayiş etdirdiyini və son hadisələrin öhdəsindən yaxşı gəldiyini düşünür.

Kral ailəsinin əsas strategiyası Marius Borq Höybinin məhkəmə prosesindən özünü ayırmaq olub. Ole-Yorgen Şulsrud-Hansen hesab edir ki, bu strategiya böyük ölçüdə uğurlu alınıb.

Epşteyn sənədləri ilə bağlı gələcəkdə əlavə araşdırmalar aparıla bilsə də, norveçlilərin diqqəti indi “çox sevilən kralı” xatırlamağa və onun oğlu Haakona dəstək verməyə yönələcək.

Aydın