Azərbaycanda rəssamlıq və heykəltaraşlığın nəsildən-nəslə ötürülməsi artıq bir ənənə halını alıb. Bu gün sizə Sumqayıtın rəmzinə çevrilmiş "Sülh göyərçini” abidəsinin və eləcə də həmin şəhərdə ucalan İmadəddin Nəsiminin heykəlinin iki müəllifindən biri- əməkdar rəssam, mərhum Asim Quliyevin oğlu Emin Quliyevdən söhbət açmaq istəyirəm. O, 1961-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. Sonra dörd il Əzim Əzimzadə adına Rəssamlıq məktəbində tam orta təhsil alıb. 1981-1987-ci illərdə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alaraq heykəltaraş ixtisasına yiyələnib. 1987-1989-cu illərdə əsgəri xidmətdə olub. 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirib. 1992-2004-cü illərdə Azərbaycan Rəssamlar İttifaqında çalışıb. Sonra iki il ailəsi ilə birlikdə Afrikada, Sudanın paytaxtı Xartum şəhərində yaşayıb. Bir il SSRİ Rəssamlar İttifaqının üzvü olsa da hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-ci ildən isə ABŞ-ın Nyu York şəhərində məskunlaşıb…
...Ömür-gün yoldaşı Nərminə Ziyatlı Azərbaycanın böyük oğlu Cavad xanın kötücəsidir. BMT-nin Nyu York ofisində çalışır. İki oğlu vardır. Böyük oğlu Cavid 29, ikinci oğlu Teymur 21 yaşındadırlar...
Emin Quliyev Nyu Yorka gələndən sonra üç il müstəqil rəssam-heykəltaraş kimi öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olub. 2009-cu ildən "My Way” inkişaf mərkəzində heykəltaraşlıq və rəssamlıq üzrə sənət direktoru vəzifəsində çalışır. İndiyədək qırxdan çox yetirməsi ABŞ-ın rəssamlıq məktəb və kolleclərinə qəbul ola bilib...
Deyir ki, "Arzum daha çox rəssam və heykəltaraş yetişdirmək olub. Şükür Allaha ki, buna nail olmuşam. Böyük uğurlara imza atan yetirmələrim var. Bundan qürur duyuram”...
2019-cu ilədək altı müxtəlif sərgidə əsərləri ilə iştirak edib. Bu il isə Nyu Yorkun "Susan Eley Fine Art Gallery" və "Artifact Gallery"-sində iki fərdi sərgisi keçirilib. Onun amerikalı yetirmələrinin rəsmlərindən ibarət "My Way to like Azerbaijan”, "Mənim Qarabağdan keçən yolum” adlı iki albom katoloq artıq işıq üzü görüb…
…Zəhməti heç də diqqətdən kənarda qalmayıb. Bruklinin meri tərəfindən yeniyetmələrin inkişafına verdiyi töhfəyə görə iki dəfə fəxri fərmanla təltif olunub. Sonuncu mükafatı isə Nyu York şəhər konsulluğundan alıb…
Rəsmləri əsasən yağlı boya ilə işləyir. Portret janrında sifarişlər qəbul etsə də, adətən avanqard janrda çəkməyə üstünlük verir. Hazırladığı heykəltaraşlıq nümunələri isə bir başqa aləmdir. Xocalı soyqrımına həsr olunan, bürüncdən yaratdığı "Qarabağ ağrısı” əsərinin isə Nyu Yorkun görməli yerlərindən birində ucalmasını arzulayır. Ümumiyyətlə Emin Quliyevin maraqlı əsərləri çoxdur. Onların arasında xalqımızın böyük oğlu Heydər Əliyevin, ölkəmizin rəhbəri İlham Əliyevin, eləcə də qeyrət nümunəsi Cavad xanın heykəllərini nümunə gətirmək olar…
Şən, gülərüz, mehriban, qayğıkeş adamdır. Mübahisə etməyi xoşlamır. Səs-küylü yerlərlərdən uzaq olmağa, daha çox emalatxanada çalışmağa üstünlük verir. Öz işindən zövq alır. Əsərləri ilə vətənimizi təbliğ etməkdən yorulmur. Necə deyərlər, qürbətdə yaşasa da ürəyi Azərbaycanladır. Nyu Yorkda fəaliyyət göstərən azərbaycan cəmiyyətləri ilə daim əlaqə saxlayır. Onların tədbirlərində fəal iştirak edir.
Söhbətimiz boyu Azərbaycan kəlməsi dilindən düşməyən bu soydaşımızın ən böyük arzusu Qarabağın tezliklə işğaldan azad olunmasıdır...
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Şərhlər