Sabunçu rayonunda fəaliyyət göstərən "Elçin Market” adlı mağazada oğurluq baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mağazada yerləşən ödəmə terminalı sındırılaraq içindəki 3 032 manat oğurlanıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi ehtiyaclarla izah edib. Bildirib ki, övladına məktəb ləvazimatları almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlib. Onun hədəf kimi "Elçin Market” seçməsi ilə mağazaya yaxından bələd olması olub.
Müttəhim vaxtilə həmin mağazanın təmirini həyata keçirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il müddətinə azdlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər