Bu ay səma həvəskarlarını iki ayrı təbii hadisə gözləyir.
Qaynarinfo "TRT Haber"ə istinadən xəbər verir ki, "Drakonidlər" və "Orionidlər" meteor yağışları ayın iki fərqli dövründə gecələri işıqlandıracaq. İşıq çirkliliyindən uzaq, qaranlıq bir məkandan səmaya baxanlar bu nadir kosmik mənzərənin şahidi ola biləcəklər.
NASA "Orionidlər"i "ilin ən gözəl meteor yağışlarından biri" kimi təsvir edir. Bu meteor yağışları barədə əsas tarixlər və detalları təqdim edirik:
6–10 oktyabr tarixləri arasında, xüsusilə Şimal yarımkürəsində yaşayanlar "Drakonidlər" meteor yağışını müşahidə edə biləcəklər. Ən güclü təsirin 8 oktyabr Bakı vaxtı ilə saat 23:00-da baş verməsi gözlənilir.
Meteorlar adını aldıqları "Drako" (Əjdaha) bürcünün baş hissəsindən keçir. Onları ən yaxşı şəkildə gecə yarısından əvvəl, səmanın şimal-qərb istiqamətində görmək mümkündür. Hər il eyni intensivlikdə olmasa da, "Drakonidlər" bəzən saatda yüzlərlə meteorun müşahidə oluna bildiyi təsirli "səma fırtınaları” yarada bilir. Lakin bu il Ayın parlaq hilal mərhələsində olması görünürlüğü qismən azalda bilər. Müşahidə şansını artırmaq üçün şəhər işıqlarından uzaq bir yer seçmək və Ay işığından qorunmaq tövsiyə olunur.
Ayın ikinci yarısında isə növbə "Orionidlər" meteor yağışına çatacaq. 21 oktyabr gecəsi zirvəyə çatması gözlənilən bu hadisə zamanı saatda təxminən 20 meteor səmada parlayacaq. NASA, "Orionidlər"i "ilin ən gözəl meteor yağışlarından biri” kimi qiymətləndirir.
Bu meteorlar məşhur "Halley" quyruqlu ulduzunun arxasında buraxdığı qalıqlardan əmələ gəlir. Yer kürəsi "Halley"in orbitindən keçərkən bu hissəciklər atmosferə daxil olur və yanaraq parlaq izlər buraxır.
"Orionidlər" 26 sentyabr–22 noyabr tarixləri arasında müşahidə edilə bilər, lakin ən əlverişli vaxt 21 oktyabr gecəsi, gecə yarısından sonrakı saatlardır. Həmin gecə səmada Ay görünməyəcəyi üçün müşahidə şəraiti son dərəcə uyğun olacaq. Şimal yarımkürəsində şərq-cənub-şərq, Cənub yarımkürəsində isə şimal-şərq istiqamətinə baxmaq tövsiyə olunur.
Qaranlıq bir məkanda, isti bir örtük və bir qədər səbrlə bu "səma möcüzəsinin” dadını çıxarmaq istəyənlər üçün oktyabr ayı tam mənasında ulduz izləmə dövrünə çevriləcək.
Aydın
Şərhlər