On illər sonra yaşayacağımız şok...

On illər sonra yaşayacağımız şok...

Hüseynbala Səlimov

Hərənin dünya tarixinə öz baxışı var. Əski sovet çağlarında bizə təlqin edirdilər ki, tarix siniflərin mübarizəsidir və siniflər də istehsal vasitələrinə münasibətdə özünü biruzə verir – istehsal vasitələrinə sahib olanlar ağalar, digərləri isə nökərlərdir.

Amma bu, heç də yeganə baxış deyil. Tarixi millətlərin mübarizəsi hesab edənlərin, hətta ona insanların azadlıq uğrunda savaşı kimi baxanların da sözlərində və fikirlərində həqiqət az deyildi. Xüsusən də sonuncu yanaşma – azadlıq uğrunda mübarizə çox ağlabatandır, çünki baxıb görürsən ki, uzaq keçmişlərdən bu günə qədər insan haqları və azadlıqları daim genişlənməkdə və təsdiq olunmaqdadı və qeyri-ixtiyari olaraq ağlına belə gəlir ki, heç bir ideya azadlıqla rəqabətə girə bilməz və çox yaxşı olardı ki, irili-xırdalı despotlar, ayrı-ayrı ölkələri hələ də öz mülkiyyəti hesab edənlər bunun fərqində olsunlar.

Azadlığa və ya xoşbəxtliyiə canatma kimi insanlara düşünməyi də qadağan etmək olmaz. Bəlli olduğu kimi, fiziklər çox orijinal adamlar olurlar və onlar filosofluq etməyi sevir, bunu heç də filosofların özlərindən pis bacarmırlar, ən azı ona görə ki, filosofların öz sözləridir: hər bir fizik filosof ola bilər, amma heç də hər filosof fizik ola bilməz. Məsələn, İsaak Nyuton ona filosof deməyəndə bərk inciyirmiş.

Fəqət sözümüz bunda deyil. Bir fizikin kitabından oxumuşduq ki, bəs tarix insanların enerji əldə etmə üsullarının inkişafı xronologiyasıdır və həqiqətən də hər dövrə baxanda görürsən ki, insanlar enerji əldə etmək üçün çox şeylər düşünüb və kəşf ediblər. 

Ən yaxın vaxtlarda bəşəriyyət daha bir enerji sıçrayışı etməli olacaq və ola bilsin, yeni termonüvə stansiyaları işə düşəcək, çünki böyük fizik sayılan və istilik-nüvə reaksiyları sahəsində böyük mütəxəssis hesab edillən Lev Artsimoviç yazırdı ki, bəşərryyət ehtiyac duyanda ilk termo-nüvə stansiyalarını tikəcək.
Görünür, artıq bu vaxt yetişməkdədir. O gün oxuyuram ki, Rusiyanın cəmi 60 illik neft ehtiyatları qalıb. Elə cəmi bəşəri kəsimdə də bu ədəd elə də böyük deyildir – 100 il tərtibində hesab edilir.

Ona görə də ciddi düşünməyin məqamıdır. Yox, bu ideyalar Azərbaycana da yol tapır – indi burada da "yaşıl şəhər”, "ağıllı şəhər” anlayışları ilə heç kimi təəccübləndirə bilməzsən. İlk alternativ və ya bərpa olunan enerji stansiyalarına da təsadüf etmək mümkündür. Amma burada iki məqam var.
On illər bundan sonra biz bir ölkə və millət olaraq şok yaşamalı olacağıq, çünki müstəqil olmamızdan otuz il keçsə də, özümüzü daha çox neft ölkəsi kimi tanıtmışıq. 

Artıq neft ehtiyatlarımız tükənməkdədir və bunu qazla əvəz etməyi düşünsək də, sonuncunun da ehtiyatları elə çox deyil. Odur ki, bizə mikroskopik enerji mənbələri – atom və nüvə enerjisi haqqıdan düşünüb– daşınmaq lazımdır. Qardaş Türkiyə artıq Rusiyanın köməyilə ilk nüvə stansiyasını tikməkdədir. Bu, 20 milyard dollarlıq layihədir. Razılaşın ki, bu, Azərbaycan üçün də elə böyük rəqəm deyil, öz fəaliyyətləri dövründə bundan da çox oğurlayan məmurlarımız olub və var.         

Atom və yaxud nüvə enerjisi yüksək texnologiya, ixtisaslı kadrlar və sənaye deməkdir. Əlbəttə, bunun müəyyən təhlükələri də var – seysmik və yaxud aktiv zonalarda onları inşa etmək müəyyən risklər ehtiva edir özündə. Amma harada bunlar yoxdur! Albert Eynşteyn deyirdir ki, nüvə enerjisi adi kibrit dənəsi qədər təhlükəlidir. 

Həqiqətən də, kibrit dənəsi azmı fəlakət törətməyə qadirdir! Odur, əsrlə və bəşəriyyətlə ayaqlaşmaq lazımdır ki, böyük Sabirin məşhur misraları bir daha yada düşməsin – bəli, dindirir əsr bizi, dinməyirik...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR