Ekonomiks 18:01 27.06.2020

Onlayn platformanın yaradılması sürücüləri təhlükələrdən sığortalayır (EKSPERT)

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb. 

Belə ki, Alo141.az saytı vasitəsilə fərqlənmə nişanını almaq istəyən şəxslərin qeydiyyatdan keçərək müracitələrini tamamlaya biləcəkləri qeyd olunur.

Bəs hazırkı pandemiya şəraitində bu platformanın yaradılmasının hansı təsirləri mövcuddur?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov bildirib ki, indiki şəraitdə bütün xidmətlər elektronlaşdırılır:



"Elektron hökumət konsepsiyası tam gücü ilə işlək vəziyyətdədir, bir çox sahələrdə göstərilən xidmətlər elektron şəkildə həyata keçirilir. Müxtəlif tətbiqlərin istifadəyə verilməsi, portallar vasitəsilə müraciətlərin olunması, müxtəlif platformalar vasitəsilə əməliyyatların həyata keçirilməsi bu günün aktual mövzularındandır. Bu baxımdan fərqlənmə nişanlarının verilməsi məsələsində yeni bir platfotmanın istifadəyə verilməsi olduqca müsbət haldır. İlk olaraq pandemiya şəraitində olduqca vacib məsələ insanların sosial məsafə prinsiplərinə uyğun davranması, müxtəlif xidmətlərin onlayn şəkildə yerinə yetirilməsi və bu xidmətlər yerinə yetirilən zaman zəruri sənədləşmə işlərinin aparılmasıdır. Sənədlərlə təminatın məhz elektron qaydada yerinə yetirilməsi baxımından bu, çox vacibdir. Bilirsiz ki, COVID-19 pandemiyasının yayılmasının başlıca səbəblərindən biri insanlar arasında sosial məsafənin gözlənilməməsi, müxtəlif qoruyucu vasitələrdən istifadə edilməməsi, sanitar-gigiyena normaları ilə bağlı müəyyən olunmuş qaydalara əməl edilməməsidir. Bu baxımdan platformanın virtual məkan olaraq istifadəyə verilməsi sadalanan təhlükələrdən bizim sürücüləri bir növ sığortalamış olur. İnsanlar çox rahat şəkildə sosial məsafə prinsiplərini rəhbər tutaraq müvafiq qaydada müraciətini edir və zəruri fərqlənmə nişanı ilə təmin olunur". 

Ekspert şəffaflığın təmin olunması baxımından belə bir platformanın istifadəyə verilməsinin olduqca vacib olduğunu vurğulayıb: 

"Şəffaflıq dedikdə həyata keçirilən bütün prosesin idarə olunması və bütün mərhələlər üzrə nəzarətin daha təkmil şəkildə qurulması nəzərdə tutulur. Belə bir platforma istifadəyə verilən zaman xüsusilə, bu sahəyə cavabdeh aidiyyəti strukturlar tərəfindən nəzarətin tətbiq edilməsi rahat şəkildə həyata keçirilə bilər. Çünki hər bir mərhələdə bu və ya digər müraciət ilə bağlı işlərin hansı səviyyədə və hansı statusda olduğunu müəyyən etmək çox rahatdır. Bu zaman xoşagəlməz hadisə baş verərsə, nəzarət mexanizmi vasitəsilə prosesin hansı mərhələsində hansı işlərin yerinə yetirilmədiyini və ya hansı nöqsanlara yol verildiyi müəyyən edilə bilər. Şəfafflığın yaradılması və prosesin effektiv idarə olunması baxımından platformanın yaradılması müsbət addımdır".



Ekspertin sözlərinə görə, bu, sürüclərin birbaşa olaraq maraqlarına cavab verən məsələdir: 

Çünki sürücülər zaman-zaman fərqlənmə nişanının alınması məsələsində müxtəlif brüokratik əngəllərdən, vaxt itkilərinin yaranmasından narazılıq edirlər. Təkcə Bakı şəhərində on minlərlə taksi sürücüləri fərqlənmə nişanı əsasında xidmət göstərirlər. Belə olduğu təqdirdə ay ərzində minlərlə insanın aidiyyəti strukturlara müraciət etməsi sıxlığa, müəyyən əngəllərin yaranmasına səbəb olan haldır. Bu prosesin elektron şəkildə həyata keçirilməsi sözügedən nüanslardan insanları azad etmiş olur ki, bu da sürücülərin maraqlarına cavab verir".

"Elektron idarəetməyə keçid zaman tələb edən prosesdir. Bu zaman sistemin güclü və zəif tərəfləri üzə çıxır. Belə bir platformanın istifadəyə verilməsi, onun test olunması sonrakı mərhələdə təkmil şəkildə qurulması üçün imkanlar yaratmış olur. Həmçinin bu xidmətin yerinə yetirilməsi üçün kifayət qədər çox insan resursları tələb olunur. İndiki şəraitdə idarəetmə sistemi optimallaşdırılan zaman daha az insan ilə daha çox işləri yerinə yetirmək optimallaşdırmanın hədəflərindən biridir. Belə bir platformanın istifadəyə verilməsi həm də bir çox prosesin məhz proqramlar vasitəsilə idarə olunmasını təmin edir və insan resurslarını azad etmiş olur", - deyə ekspert əlavə edib.