Xəbər lenti

İdman 18:18 29.07.2021

"Onsuz da bütün komandalarımız "tank"ın qarşısına "tapança" ilə çıxırdı" - Yunis Hüseynov

Azərbaycanın tanınmış veteran futbolçusu Yunis Hüseynov klublarımızın avrokuboklardakı çıxışları ilə bağlı danışıb.

Hüseynov Qaynarinfo-ya müsahibəsində təmsilçilərimizin durumunu, gücünü dəyərləndirməklə yanaşı, öz karyerası ilə bağlı sualı da cavabsız qoymayıb. O, əvvəlcə vaxtilə formasını geydiyi "Neftçi"nin məğlubiyyətinə toxunub: 

"Neftçi" mərhələni keçə bilərdi. "Olimpiakos"u çox şişirtmişdik. Sizinlə razıyam, güclü rəqib idi, ancaq əvvəllər. İndiki komandanı əvvəlki ilə müqayisə edə bilmərəm. Fərq çoxdur. Çempionlar Liqasındakı oyunlarına baxırdım, güclü çıxış edirdilər. Bu dəfə Bakıya 7-8 futbolçusu gəlməmişdi. "Neftçi"nin mərhələ adlayacağını düşünürdüm. Səfərdəki matçdan sonra "Neftçi"ni də çox böyütmüşdük. Əfsuslar olsun ki, Bakıda qol imkanları yarada bilmədik. Mediada komandanın yaxşı oynadığı yazılmışdı. Düşünürəm ki, bu, futbolçularda özünəinamı artırmışdı. Hətta, futbolçularda arxayınlaşma da oldu. Ancaq göründü ki, hər şey düşündükləri kimi deyil. "Olimpiakos" rəqibi düzgün analiz etmişdi. Heç oyun ərzində "Neftçi"yə qol vəziyyətləri yaratmağa imkan da vermədilər. Bundan istifadə edib qələbə qazandılar. Bilirsiniz ki, ömrümü "Neftçi"yə həsr etmişəm. İstərdim qələbə qazansın, mübariz komanda olsun. İndi daxildə deyiləm, həmişə medianın yazdıqlarından sonra "Neftçi"nin hansı durumda olmasından xəbər tuturuq. Məsələn, yazırlar ki, yeni futbolçu almırlar. Samir Abasov da həmişə gileylənir. Oyundan sonra canlı yayımda demişdi ki, "top-tüfənglə tankın qarşısına çıxmaq olmaz". Onsuz da, indiyə qədər bütün komandalarımız "tank"ın qarşısına "tapança" ilə çıxırdı (gülür). Hələ o zamanlarla müqayisədə "Neftçi" indi "avtomat"dı. Yəqin Samir bu açıqlamalarla rəhbərliyə çatdırmaq istəyir ki, yeni futbolçular alsınlar. Özləri bilər, "Neftçi"nin içində olmadığım üçün belə məqamlardan xəbərim yoxdur. 

Bəs Yunis bəy uğursuzluğun günahını kimdə görür? 

"Günahı hamısında görmək olar. Bilirsiniz necədir, hamı deyir ki, "Neftçi" Çempionlar Liqasının qrupuna düşməlidir. Mən də sual verirəm? "Neftçi" nə üçün, hansı gücünə görə ÇL-in qrupuna düşməlidir? Bəlkə bütün illər bouyu ÇL-in qrupunda oynamışıq? "Neftçi" bir dəfə, "Qarabağ" da demək olar hər il Avroliqanın qrupunda oynayıb. Yalnız "Qarabağ" bir dəfə ÇL-in qrupuna düşüb. Çünki komandada yaxşı legionerlər olub. Bəs "Neftçi" nə üçün düşməlidir? Bəlkə bizdə 2-3 milyonluq futbolçular var? Bura gələn futbolçuların qiymətləri maksimum 300-400 min olur. Onlarla belə oynamaq, hətta mənə elə gəlir ki, böyük işdir. Düzdür, nəsə gözləyə bilərik. Ancaq reallığa uyğun danışmaq lazımdır. "Olimpiakos"un büdcəsi hara, "Neftçi"ninki hara? Futbolçuların xətrinə dəyməsin, "Olimpiakos"un heyətindəkilərlə müqayisə etmək də düzgün deyil. Potensialları güclüdür. "Neftçi"nin qrupa düşməsi üçün ən azı 200 milyon pul lazımdır. Qarşıdakı oyunlara gəlincə, Finlandiya komandası "Olimpiakos" deyil. Onlarla oynamaq mümkündür. Düşünürəm ki, HİK atletik futbol oynayacaq. Çünki fin komandaları bu üsluba üstünlük verir. İstənilən halda mübarizə aparıb mərhələni keçmək mümkündür. Uğurlar arzu edək".

Veteran futbolçu avrokuboklarda çıxış edən digər klublarımızla bağlı da danışıb: 

"Keşlə"nin durumu çətindir. Düşünürəm ki, meydançanın vəziyyəti "Soçi"yə təsir edəcək. Yalnız ona ümid edirəm ki, Rusiya klubu evdəki hesaba arxayın olub, futbolçularının çoxunu oynatmasın. Belədə yaxşı mübarizə aparmaq mümkündür. Yenə də "Keşlə"nin mərhələ adlayacağı çətindir. "Qarabağ"ın İsraildə "Aşdod"u keçəcəyinə inanıram. "Aşdod" Bakıya məğlub olmamaq üçün gəlmişdi və istəyinə çatdı. Müdafiə olundular, "Qarabağ"ın qapısına heç zərbə də vurmadılar. Amma "Qarabağ" da çox az qol vəziyyətləri yaratdı. Rəqib boş zona versəydi, "Qarabağ" 2-3 qol vuracaqdı. Məncə, bu gün İsrail komandası evdə oynadığı üçün qol vurmağa çalışacaq və belədə boşluqlar verəcək, "Qarabağ" isə bundan istifadə edəcək. "Sumqayıt"a da uğurlar arzu edirəm. "Aşdod" kimi "Sumqayıt" da səfərə qol buraxmamaq üçün getmişdi və istəyinə də nail oldu. Müdafiədə düzgün oynadılar. Mərhələ adlamaq üçün qol vurmaq lazımdır. Mətbuatda yazılmışdı ki, biletlər hamısı satılıb. Yəqin ki, xeyli azarkeş olacaq. Həm azarkeşlərin dəstəyi, həm də futbolçuların istəyi ilə "Sumqayıt" keçə bilər. Şanslar əlli-əlliyədir".

Mütəxəssis karyerası ilə bağlı sualımızı isə belə cavablandırıb: 

"Hələ gözləmə mövqeyindəyəm. Təkliflər yoxdur. 8 komandalı Premyer Liqadan nə təklif ola bilər ki? Bilirsiniz necədir, hər oyundan sonra hansısa bəhanələr gətirsəydim, indi də davamlı şəkildə işləyərdim. Hər şeyi onun-bunun boynuna atmaq olmaz. Ona görə də işləmirəm". 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->