Ekonomiks 10:40 10.04.2020

OPEK+un çıxardığı qərar neftin qiymətinə necə təsir edəcək? (ŞƏRH)

"Yaxın dövrlərə neftin qiymətinin qalxacağı gözlənilmir".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu OPEK+ video görüşündən danışarkən deyib. Onun sözlərinə görə, OPEK+ video görüşündən sonra aparıcı neft markalarından olan "Brent”in qiyməti hər barrel üçün 3, WTI-nin qiyməti isə 5 faiz düşüb:

"Baxmayaraq ki, bu görüşdə gözlənildiyi kimi hasilatın aşağı salınmasına qərar verildi. Qərara görə, gündəlik hasilat may-iyun aylarında 10 milyon barrel, iyuldan 8 milyon barrel, 2021-ci ilin yanvar ayından isə 6 milyon barrel azalacaq. Bu ssenari üzrə əsas yük Səudiyyə Ərəbistanı və Rusiyanın üzərində olacaq. İlkin olaraq Səudiyyə Ərəbistanı gündəlik hasilatını 4 milyon, Rusiya isə 2 milyon barrel aşağı salacaq. Digər ölkələrin kvotası məlum olmasa da, ixtisar İran, Liviya və Venesuelaya şamil olunmayacaq".

Qubad İbadoğlunun fikrincə, neftin qiymətinin təkrar düşməsi göstərdi ki, hazırda bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı dartır: "Belə ki, Goldman Sachs hesablamalarına cari vəziyyətdə hasilatın artıqlığı gündə 20 milyon barrel təşkil edir. Odur ki, sürətlə azalan tələbatın müqabilində hətta 10 milyon barrel eniş gerçək olsa da, qiymətlərə təsir gücünə malik deyildir. Belə ki, ekspertlər və bazar iştirakçıları gündəlik hasilatın 10 milyon barrel azaldılacağına şübhə ilə yanaşırlar. Buna misal olaraq hasilatın azadılmasının əleyhinə olan Meksikanın OPEK+ formatında iclası vaxtından əvvəl tərk etməsidir. Bu isə o deməkdir ki, yaxın dövrlərə neftin qiymətinin qalxacağı gözlənilmir".

Azərbaycana neftinin qiymətinə gəlincə, iqtisadçı qeyd edib ki, o, birjada müəyyənləşdirilmədiyinə və hazırda azalan satış kontraktları ilə tənzimləndiyinə görə daha çox ucuzlaşmaya məruz qalacaq".

Bahar Rüstəmli