Xəbər lenti

Orta məktəblərdə məntiq dərsi keçirilməlidirmi? (ŞƏRH)
Ölkə 18:28 18.11.2024

Orta məktəblərdə məntiq dərsi keçirilməlidirmi? (ŞƏRH)

"Təhsil prosesi, tədris üçün məntiq həyatı əhəmiyyətli bir prosesdir. Çağdaş dünyanın təhsil tələbləri, müasir təhsil şərtləri məntiqi mühakiməni, analiz etməyi, yaradıcı yanaşmanı daha çox diqtə edir".

Bunu Qaynarinfo-ya açıqlamasında Elmin Nuri orta ümumtəhsil məktəblərində məntiq dərsinin keçirilməsi ilə bağlı təkliflərdən danışarkən deyib. 

Ekspert bildirib ki, bu günün təhsilinin əsas missiyası məntiqi mühakimələr üzərindən təfəkkür metodları əsasında həyatı tətbiq bacarıqlarını öyrətməkdir: 

"Bu, o qədər də çətin proses deyil. Çünkü burada nəzəriyyəni daha çox praktikaya, güclü yaddaş yüklənməsini təhlil meyarına çevirmək həm maraqlıdır, həm də həyat üçün daha vacibdir. Biz deyirik ki, məktəb həyat üçün kadr formalaşdırmalıdır, kurikulum təhsil sisteminin əsas missiyası şəxsiyyətyönümlü təhsildir. Nə gözəl. O zaman bu tələbə əsasən yüksək məntiqi mühakiməni bacara, analizetmə prosesini digərləri ilə müqayisədə daha səmərəli həyata keçirə bilən şagirdləri məktəb cəmiyyətə təqdim etməlidir. Bunun üçün bizim məktəbə baxışımız dəyişməlidir. Bu da uzun bir zaman aparacaq".
 


Elmin Nuru vurğulayıb ki, bu gün məktəbə baxışlarda "məktəb universitet üçündür” mexanizmi ilə yanaşanlar var: 

"Biz elə bilirik ki, uşaqlarımız universitetə daxil olmaq üçün oxuyurlar. Universitet kimi məktəbin də öz yeri var. Qəbul prosesi müəyyən vəziyyət bizdə məktəbi tamamiylə öz missiyasından kənarlaşdırıb. Məktəbi öz missiyasına qaytarmağı təklif edirəm. Məktəb düşündürməlidir. Bu günün məktəbi düşündürür. Filandiya, ABŞ, Sinqapur, Yaponiya məktəbi düşündürür. Proses bizdə fərqlidir. Bizdə də düşündürmək üçün elementar səviyyədə olsa da, məntiq dərsi keçilməlidir. Bununla bağlı dəfələrlə demişik, amma üzərimizə gəliblər ki, şagirdlər bu gün çox yüklənir, dərs yükü çətindir, bir də məntiq olsun? Biz də təhsilin içindəyik və ailəmizdə dərsə gedən uşaqlarımız var. Amma elementar məntiq dərsi ibtidai siniflərdə formalaşmalı və yuxarı siniflərə getdikcə bu öz yerini daha üst səviyyəli məntiq prosesinə verməlidir. Amma burada biz incə məqama diqqət etməliyik".

Təhsil eksperti bir çox özəl məktəblərdə məntiq dərsi keçirildiyini xatırladıb: 

"Amma necə? Riyazi istiqamətdə. Şagirdi riyazi məntiq üzərinə yükləməklə həm məntiq predmetini, onun "ləzzətli” tərəflərini, yəni şagirdin beyin süzgəcinə işləyən tərəflərini az qala iflic halına salmaqla, sırf riyazi müəyyən yanaşmaları tətbiq etməklə məntiqi də çətinləşdirib onun gözündən salırlar və öz işlərini də çətinləşdirirlər. Məntiq təkcə cədvəl, riyaziyyatdan ibarət deyil. Mətnin məntiqi təhlili, şifrələr, fiqurlar əsasında məntiq var və s. Bu gün Azərbaycan məktəblərində mətnin məntiqi təhlili, onun sətaltı mənaları keçirilsin. Bu öz sözünü gələcəkdə də deyəcək". 

Təhsil ekspertinin sözlərinə görə, məntiq mətnləri verilən sulların tərkibində getdikcə artır:

"Magistratura imtahanlarında 3 əsas sualdan biri məntiqdir. Digər ikisi xarici dil və informatikadır. Azərbaycanda dəqiq elimlərə həmişə maraq həmişə yüksək olub. Qonşu Türkiyədə də deyirlər ki, Azərbaycanda uşaqların riyaziyyat fənni ilə bağlı biliyi digərlərinə nisbətən çox fərqlidir. Həmin vərdişləri aşılamaq lazımdır. Həmin vərdişləri aşılamaq üçün məntiq dəsri vacibdir. Dövlət qulluğunda, bundan əlavə MİQ imtahanında da məntiq vardı. Çox təəssüf edirəm ki, onu çıxarıblar". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->