Xəbər lenti

Politico: ABŞ-ın xüsusi nümayəndələrinin Putinlə danışıqları nəticəsiz başa çatdı
Dünya 12:02 03.12.2025

Politico: ABŞ-ın xüsusi nümayəndələrinin Putinlə danışıqları nəticəsiz başa çatdı

Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı danışıqlarda Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə Rusiyanın bu məsələdəki dəqiq mövqeyini göstərmək üçün cazibə, yaxşı düşünülmüş hiylələr və açıq hədələrin birləşməsindən istifadə edib.

Qaynarinfo "Politico”ya istinadla yazır ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff, həmçinin Ağ Ev rəhbərinin kürəkəni Kuşner dünən Moskva boyunca gəzirdilər və elit restoranda nahar edirdilər. Bu vaxt Putin onları Ukrayna üzrə sülh razılaşmasının müzakirəsi üçün Kremlə keçiriləcək görüşə saatlarla gözləməyə məcbur edib.

"Amerikalılar vaxt öldürdüyü bir vaxtda Putin investisiya forumunda mətbuat qarşısında çıxış edərək Avropanı sülh prosesini pozmaqda ittiham etdi və gələcək eskalasiya barədə eyham vurdu”, – deyə nəşr qeyd edib.

Jurnalistlərin bildirdiyinə görə, Rusiya liderinin Amerika danışıqlar heyəti ilə görüşü nəticədə planlaşdırılandan üç saat gec başlayıb. Ukrayna üzrə sülh razılaşmasının müzakirəsi 5 saat davam edib və Moskva vaxtı ilə gecə yarısını çoxdan keçdikdən sonra başa çatıb.

Görüşdə iştirak edən Putinin köməkçisi Yuri Uşakov söhbəti "faydali, konstruktiv və olduqca məzmunlu” adlandırıb, lakin əlavə edib ki, "hələ çox iş var”.
"Biz sülhdən tam uzaqda deyilik”, – o bildirib.

Nəşr vurğulayıb ki, Uşakovun sözlərinə görə, Putin "Avropa tərəfinin destruktiv addımlarını” qeyd edib. Bu isə onun sülh razılaşması üzrə hər hansı uğursuzluğa görə günahı hətta görüşdə belə iştirak etməmiş Avropa İttifaqının üzərinə atmaq cəhdindən xəbər verir.

Nəşr xatırladıb ki, Trampın "sülh planı” Ukraynanın Donbasdan və NATO-ya üzvlükdən imtinasını nəzərdə tutur. Lakin Trampın Rusiyadan nə tələb etdiyi və Moskvanın hansı güzəştlərə getməyə hazır olduğu daha az aydındır.

Qeyd olunur ki, Moskva danışıqlarından bir gün əvvəl belə Putin Ukraynanın faktiki kapitulyasiyasından geri çəkilmək əlaməti göstərməyib.

"Əslində, nə İstanbulda keçirilən əvvəlki danışıqlar, nə Tramp və Putinin Alyaskadakı avqust sammiti, nə də Uitkofun Moskvaya bundan əvvəlki beş səfəri Kremlin mövqeyinin yumşalmasına gətirib çıxarıb”, – deyə nəşr diqqətə çatdırıb.

Jurnalistlər bildiriblər ki, növbəti danışıqların Moskvanın mövqeyində hansısa dəyişiklik yaradacağına dair heç bir əlamət yoxdur.

Kremldə keçirilmiş görüşdən sonra Putinin köməkçisi Yuri Uşakov danışıqların faydalı olduğunu deyib, lakin Ukrayna üzrə kompromis planının əldə edilmədiyini bildirib.
O deyib ki, Rusiya bəzi məqamlara razı ola bilər, amma ABŞ-ın "sülh planı”ndakı digər bəndlər tənqid doğurub.

Putinlə görüşə getməzdən əvvəl amerikalı xüsusi nümayəndələr Cenevrədə Trampın "sülh planını” Ukrayna hakimiyyəti ilə müzakirə ediblər. Həmin vaxt sənəd ilkin 28 bənd əvəzinə 19 bəndə qədər qısaldılmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->