Xəbər lenti

Orxan Ata: «Gün gələcək dünya Badamdardan idarə olunacaq» (MÜSAHİBƏ)
Sənət 11:45 06.10.2017

Orxan Ata: «Gün gələcək dünya Badamdardan idarə olunacaq» (MÜSAHİBƏ)

Hazırda Amerikada yaşayan rejissor və aktyor Orxan Atanın "Qaynarinfo"ya müsahibəsi

- Orxan, səninlə artıq uzun müddətdir ki, dostlar vasitəsilə tanışıq, amma hələ oturub suallı-cavablı rahat söhbət edə bilməmişik. Görünür bu günə qismət imiş. Gəl söhbətə özün haqda məlumatla başlayaq. Orxan Ata kimdir?

- (Gülür) Doğru qeyd etdin, çoxdan tanışıq, ama heç oturub rahat söhbət etməmişik. Hətta mənim filmimdə də birlikdə işləmişik, xeyli tədbirlərə qatılmışıq. Yadımdadır ki, sonuncu dəfə "Şato"dan hansısa partidən çıxıb sizin "Baksovet"dəki evə doğru gedirdik. Bilsəydim belə maraqlı suallar ünvanlayacaqsan,  səninlə Azərbaycanda olanda daha çox vaxt keçirərdim. 

Deyirsən Orxan Ata kimdir? Bəli Orxan Ata mənəm (gülür). Moskva şəhəri Aleksandrov qəsəbəsində anadan olmuşam. Badamdar qəsəbəsində böyümüşəm. Badamdar mənim üçün çox doğmadır. O qədər doğmadır ki, hətta uşaq vaxtı "Vandam Bakıya gəlir yox, Badamdara gələcək" deyə zarafat edirdik. Bəzən deyirəm ki, gün gələcək dünya Badamdardan idarə olunacaq. Məhəllədə uşaqlarla çox yaxşı, güclü yumorlarımız olurdu. Hətta mən indi onların yanında zarafat etmirəm. Məktəbi bərbad qiymətlərlə bitirib Amerikaya incəsənət oxumağa getdim. Rejissorluq və aktyorluq fakültəsini bitirdim. Bundan əlavə 3 universitet daha bitirmişəm. Təhsilimin hamısı sənətlə bağlıdır. 2011-ci ildən bu işlə peşəkar olaraq məşğulam. İşlərimin əksəriyyətini "Lavash Group" "Youtube" kanalımda və başqa "Youtube" kanallarında görə bilərsiniz.


- Dedin ki, indi məhəllə uşaqlarının yanında zarafat eləmirəm. Deyə bilərik ki, indiki güclü yumor hissinin yaranmasında məhəllə uşaqlarının böyük rolu var?

- Əlbəttə, uşaq vaxtı məhəllədə o qədər güclü zarafatlar gedirdi ki... O vaxtlar rejissor yox, aktyor olmaq barədə düşünürdüm. Elə indi də özümü aktyorluqda daha çox görürəm.

- Bu sənətlə məşğul olacağın barədə qərarı necə verdin və ya səbəb nə oldu? 

- 9-cu sinifdə peşə seçimləri testinin nəticəsində öyrəndim ki, sənətlə məşğul olmaq mənim sağlamlığıma daha çox xeyirdir.

- Bilirik ki, yaradıcılığını uzaq sahilllərdə davam etdirirsən. Okean sahillərində səni nələr ilhamlandırır?

- Daha çox işçi sinfi. Çünki onların sabahı qarantiya altında deyil. 


- Filmlərində özün də rol alırsan və indiyədək bir çox Azərbaycan aktyorunda görmədiyimiz rahatlığı və səlis lakonik özünü ifadəni səndə görmək olur. Bu səmimiyyəti yaradan amil nədir? 

- Əvvəlcə onu qeyd etmək istəyirəm ki, bu tendensiyanı bütün Azərbaycan aktyorlarına aid etmək düz deyil. Möhtəşəm yeni nəsil aktyorlara sahibik. Samir Abbasov, Taleh Yüzbəyov və Əlixan Rəcəbov ilk ağlıma gələnlərdir. Özümə gəlincə, böyük bir ailənin ilk uşağı olduğum üçün ailəm məndən balacalara vaxt ayırmaq məcburiyyətində qalırdı. Mən də diqqətdən kənar, öz istədiyim kimi böyümüşəm. 

- Hansı qısa və tammetrajlı filmlərin müəllifisən? 

- 6 qısametrajlı, 1 çoxhissəli bədii film və 2 uzunmetrajlı sənədli film müəllifiyəm. Qısametrajlılardan "Zərdüşt belə dedi" və "Sudan" filmləri "Lavash Group" adlı "Youtube" kanalımızda, "Bir şans daha" qısa filmi isə reper Xpert-lə ortaq layihə olduğu üçün "Synaps Production" kanalında yayımlanıb. İstəyən izləyə bilər. "3 otaq" çox hissəli bədii filmi isə çoxdan internetdədir. Həmçinin "Odense" film festivalında yarışan, baş rolu ifa etdiyim "Danimarkaya xoş gəlmisən" filmi də internetdə var. Sənədli filmim "T of Generation İntro" "vimeo"da var, ikinci hissə olan "T of Generation Baku - Contradictions" isə qışa doğru yayımlanacaq. "T of Generation" trilogiya konseptinin 3-cü filmi maddi imkansızlıqdan yarımçıq qaldı.


- İnternet kütləsi səni "3 otaq" bədii serialında canlandırdığın "Böyüh Məllim" obrazı ilə tanıyıb. Niyə məhz "Böyüh"?

- Azərbaycanda vəzifə sahibi insana "böyüh məllim" münasibəti göstərilir. Biz də burdan yola çıxaraq qərar verdik ki, o zaman Azərbaycan kinematoqrafiyasında da "Böyüh Məllim"ə ehtiyac var. 

- Rol aldığın "Sudan" (from Water) qısametrajlı filmini yaradıcılığının hansı nöqtəsi hesab edirsən?

- İlk böyük sıçrayış məhz bu filmdən sonra baş tutub. Kariyeramın diqqətə layiq pilləsini təşkil edir bu film.

- Yeni film gözlənilir?

- Xeyr, yaxın gələcəkdə belə bir söhbət yoxdur.


- Təsirləndiyin rejissor və yaxud kinematoqrafiya var?

- Rejissor çoxdur, amma kinematoqrafiya olaraq Sovet kinematoqrafiyası.

- 80-90-cı illər nəsli olduğumuza görə, bir çoxumuzda bir Sovet sevgisi müşahidə olunur, bəs sən "Mosfilm"dən hansı rejissoru bəyənirsən?

- Bəli, çox gözəl qeyd edirsən. İnsanın nostalgiyaya olan sevgisi bitməz-tükənməzdir. Rahat deyə bilərəm ki, bəyəndiklərimin sayı 10-dan artıqdır. Ona görə üç ad çəkməklə kifayətlənəcəm. Georgi Daneliya, Vladimir Menşov və Leonid Qayday.

- ABŞ-da yaşayırsan. Bəs orada hansı rejissorların işlərini izləyirsən?

- Əsasən Jim Jarmusch, Ues Anderson və Sofia Koppolanı izləyirəm. Ancaq gənc rejissorlardan da bir neçəsini izləyirdim. 


- Ən böyük uğur var, səncə, yoxsa hər dövrün öz hökmü?

- Əslində sualdan çox fəlsəfi ağırlığı olan tezis mövzusudur bu. Mənə belə suallar verəcəyini bilsəydim, Bakıda olanda hər günümü səninlə keçirərdim.

- İran kinosu sənə daha yaxındır, ya Sovet kinosu?

- Təbii ki, Sovet. Ancaq İran kinematoqrafiyası da çox yaxındır mənə. Uşaqlığımın yay tətilləri Naxçıvanda keçib və hər dəfə İran filminə baxanda mənə tanış olan xeyli insan mənzərəsi ilə qarşılaşıram. 


- Azərbaycan kinematoqrafiyasını indiki və keçmişdəki vəziyyəti barədə fikirlərini bilmək istəyərdim...

- İndi vəziyyət yaxşıdır, camaat ən azından öz kinosuna baxa bilir. Özümüz kino istehsal edirik. Demirəm əladır, amma özümüzündür. Keçmişlə müqayisəni belə edə bilərəm ki, o vaxt çəkilən filmlər sırf festivala hesablanırdı, festival filmləri idi. Maddi maraqdan daha çox filmin kinematoqrafiyası maraqlı idi. Məsələn, "Bizim Cəbiş Müəllim", "Uzaq sahillərdə", "Axırıncı aşırım" kimi filmlər sırf festival üçün çəkilib. "Axırıncı aşırım" Moskvada festivalda göstərilib. O vaxtlar mexanizm hazır idi. Film çəkilirdi, festivala gedirdi və festivaldan sonra hazır vəziyyətdə tamaşaçı qarşısına çıxırdı. İndi isə elə deyil. Sırf kommersiya filmləri çəkilir. "Oğlan evi", "Bozbaş Pictures" və başqa filmləri çəkənlərlə yaxın münasibətlərim var, ona görə belə rahat danışıram. Hətta  bir dəfə sual verdim ki, bəs niyə belə? Çox sadə və gözəl cavab verdilər ki, pul gətirməyən mövzuya pul qoymuruq. Yəni kapitalizm. Azərbaycan kinosunun indiki vəziyyəti budur. Həm də başqa bir nüans da var ki, rejissor çəkdiyi filmi özü anlamır. Çünki çəkdiyi mövzu barədə özünün təcrübəsi yoxdur, dövlət senzurası var və s. Düzdür, daha yaxşı işlər görmək olar, amma… (gülür)

- Azərbaycanda gənc rejissorlardan bir nəfərin adını çəkə bilərsən ki, onun nəsə edə biləcəyinə inanırsan? 

- Bəli, çəkə bilərəm. Çox istedadlı Ru Hasanov (Rüfət Həsənov) və Arzuman Mirzəsoy. Ru Hasanov bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi olan öz tammetrajlı filmini çəkib. Arzuman Mirzəsoy da hazırda ssenarisini özünün yazdığı tammetrajlı filmini çəkir. Onların yaxşı nəsə edəcəyinə inanır ve dəstəkləyirəm.


- "3 otağı" çox böyük həvəslə izləyirdik. Həftədə bir dəfə dostlarını serialda izləmək çox yaxşı hissdir. Yenidən belə bir layihə gözləyə bilərik səndən? 

- Bəli, artıq yeni serialın ssenarisi hazırdır. Bu serialın adı "Badamdar indi" (Badamdar Now) adlanacaq. Heyətin demək olar 80 faizi "3 Otaq" serialı ilə eyni olacaq.

- Dostların səninlə Bakıda nə vaxt görüşə biləcək?

- Çalışacam ki, yeni ildən əvvəl bu sürprizi sizə edim. Yeni ildən əvvəl  gözəl bir süfrə arxasında görüşəcəyik.

Sultana Əhmədbəyli

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->