Canavarların təbiətə qaytarılması iqlimə müsbət təsir göstərə bilərmi? Son araşdırmalar bu mövzuya aydınlıq gətirir.
Qaynarinfo xəbər verir ki, Şotlandiya yaylalarında canavarlar təxminən 250 il əvvəl tamamilə məhv edilib. Bu isə qırmızı maralların əsas təbii düşməninin yox olması demək idi. Nəticədə, maral populyasiyası sürətlə artaraq hazırda təxminən 400 minə çatıb.
Alimlərin araşdırmalarına görə, hazırda Şotlandiyanın cəmi 4 faizi meşələrlə örtülüdür. Artan maral sayı isə gənc ağac fidanlarını yeyərək meşələrin təbii şəkildə inkişaf etməsinə mane olur.
Canavarların geri qaytarılması niyə vacibdir?
Lids Universitetinin rəhbərlik etdiyi bir araşdırma qrupu canavarların yenidən Şotlandiya yaylalarına buraxılmasının mümkün təsirlərini araşdırıb. Alimlər qırmızı maralların bitki örtüyünə vurduğu ziyanın qarşısını almaq üçün Kayrnqorms, Cənub-Qərb Yaylaları, Mərkəzi Yaylalar və Şimal-Qərb Yaylaları kimi dörd fərqli bölgədə canavarların potensial rolunu modelləşdiriblər.
Tədqiqat nəticələrinə əsasən, bu bölgələrə canavarların qaytarılması onların ümumi sayını 167-yə yüksəldəcək. Bu isə qırmızı maralların sayını elə bir səviyyəyə endirəcək ki, ağacların təbii şəkildə yenilənməsinə şərait yaransın.
Mütəxəssislərin hesablamalarına görə, canavarların maralları nəzarətdə saxlaması nəticəsində hər il 1 milyon ton karbon qazı (CO2) udulacaq və ya atmosferdən çıxarılacaq. Bu isə Böyük Britaniyanın İqlim Dəyişikliyi Komitəsinin 2050-ci ilə qədər "sıfır karbon" hədəfinə çatmaq üçün müəyyən etdiyi karbon çıxarılması planının təxminən 5 faizinə bərabərdir.
Araşdırmaçılar bəzi fermerlərin bu ideyaya qarşı çıxa biləcəyini bildirsələr də, ekosistemin bərpası baxımından bu addımın ciddi şəkildə nəzərdən keçirilməli olduğunu vurğulayırlar. Hazırda Böyük Britaniya və digər Avropa ölkələrində böyük yırtıcıların təbiətə qaytarılması ilə bağlı müzakirələr davam edir.
Aydın
Şərhlər