Alimlərin özlərinə görə, qitələr parçalandıqda adətən arxalarında müəyyən izlər – süxur qatları, fosil qalıqları və ya dağ silsilələrinin fraqmentləri – buraxırlar. Təxminən 155 milyon il əvvəl müasir Avstraliya ərazisindən ayrılan Arqoland isə sanki izsiz itib.
Qaynarinfo "Daily Galaxy" portalına istinadən xəbər verir ki, illərlə aparılan geoloji araşdırmalardan sonra alimlər Arqolandı tapdıqlarını bildiriblər, lakin bütöv halda deyil – Cənub-Şərqi Asiya dənizinin dibinə səpələnmiş halda və çoxsaylı fraqmentlər şəklində.
"Niderlanddakı Utrext Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat, qitələrin necə sürüşdüyü və necə yox olduğu barədə mövcud təsəvvürləri şübhə altına alır. Araşdırmaya görə, Arqoland bütöv quru massivi kimi deyil, bir neçə kontinental zolağa parçalanaraq Şərqi İndoneziya və Myanma kimi adalar zəncirlərinin altında göz önündə gizlənib", deyə məqalədə bildirilir.
Arqolandın uzun müddət tapılmamasının səbəbi məhz bu izlərin olmaması idi. Bu vəziyyət geoloqlarda sual doğururdu: Qitə okeanın dibinəmi batmışdı, mantiyada ərimişdimi, yoxsa alimlərin təsəvvür etdiyi formada heç mövcud olmamışdımı?
Qondvanadan ayrılan digər qədim qitələrdən fərqli olaraq, Arqoland sürüşməsinin ilk mərhələlərində daha kiçik hissələrə bölünüb. Daha sonra bu fraqmentlər ayrı-ayrılıqda hərəkət etdiyi üçün onların trayektoriyasını izləmək çətinləşib.
"Əvvəlki modellərin heç biri uyğun gəlmirdi", deyə tədqiqatın aparıcı müəllifi Eldert Advokaat "Live Science"ə müsahibəsində bildirib.
Bu dərin parçalanma effekti Arqolandın identifikasiyasını çətinləşdirib. Afrika və Cənubi Amerika kimi qitələr klassik tektonik ayrılma nümunələri göstərdiyi halda, Arqoland bu qanunlara uyğun gəlməyib.
Nəticədə Utrext Universitetinin komandası Arqolandın əvvəldən mikrokontinentlər toplusu olması ehtimalını irəli sürüb və bu yanaşma sirri açan əsas faktor olub.
Tədqiqatın məlumatına görə, bu fraqmentlərin çoxu Şərqi İndoneziyaya, bəziləri isə Myanma istiqamətinə sürüşüb. Bu geniş yayılma onları vahid qitənin hissələri kimi qəbul etməyi çətinləşdirirdi – "lentvari qitə" ideyası ortaya çıxana qədər.
Alimlər Arqolandın bu fraqmentləşmiş quruluşunu daha dəqiq təsvir etmək üçün yeni termin təqdim ediblər - Arqopelaq.
"Qitəni bütöv kütlə kimi deyil, əslində okean dibiylə ayrılmış, lakin geoloji cəhətdən bir-biri ilə əlaqəli kontinental fraqmentlərdən ibarət 'çox genişlənmiş və parçalanmış ansambl' kimi anlamaq lazımdır", deyə "Daily Galaxy" izah edir.
Tədqiqatın həmmüəllifi, geoloq Duve van Hinsberqenin sözlərinə görə, bu rekonstruksiyalar yalnız elmi mübahisələri həll etmir: "Bu rekonstruksiyalar biosferin təkamülü, iqlim prosesləri və hətta xammal axtarışı kimi məsələləri anlamaq baxımından da həlledici əhəmiyyət daşıyır".
Aydın
Şərhlər