Xəbər lenti

Qadınların neçə saat yuxuya ehtiyacı var? - Ekspert cavab verdi
Sağlamlıq 08:45 10.03.2026

Qadınların neçə saat yuxuya ehtiyacı var? - Ekspert cavab verdi

Statistikaya görə, qadınlar kişilərlə müqayisədə daha az yatır. Yuxu Fondunun məlumatına əsasən, yetkin qadınlar gecə ərzində daha tez-tez oyanır və daha gec yatmağa meyilli olurlar. 

Qaynarinfo xəbər verir ki, "Parade” nəşri yuxu üzrə mütəxəssisdən qadınların həqiqətən neçə saat yatmalı olduğunu və bu normanın yaşa görə necə dəyişdüyünü öyrənib.

20–30 yaş arası qadınlar üçün yuxu norması

Yuxu üzrə ekspert doktor Debora Linin sözlərinə görə, 20–30 yaş arası qadınlar üçün optimal yuxu müddəti gündə 7–9 saat hesab olunur.

"Bu müddət koqnitiv funksiyaların normal işləməsi, hormon balansının qorunması və emosional vəziyyətin tənzimlənməsi üçün vacibdir”, deyə o bildirib.

Ekspert qeyd edir ki, bu yaş qrupunda olan qadınlar mütəmadi olaraq gündə 6 saatdan az yatırlarsa, bu uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlara müxtəlif xəstəliklərin yaranması, narahatlığın artması və çəki artımı daxildir.

Elmi araşdırmalar da göstərir ki, yuxu müddətinin davamlı şəkildə azalması yüksək qan təzyiqi və artıq çəki riskini artırır.

Hamiləlik dövründə isə bədənin daha çox yuxuya ehtiyacı olur.

"Hamiləlik zamanı orqanizmin enerji ehtiyatı daha tez tükənir. Buna görə də xüsusilə ilk trimestrdə bir çox qadın daha çox yatmağa ehtiyac duyur”, deyə doktor Li izah edib.

40–50 yaş arası qadınlarda yuxu

Bu yaş dövründə qadınların ehtiyac duyduğu yuxu saatı dəyişməsə də, menopauza ilə bağlı hormonal dəyişikliklər səbəbindən kifayət qədər yatmaq daha çətin ola bilər.

"Suxu daha səthi olur. Qadınlar daha tez oyanır və səhər özlərini kifayət qədər dincəlmiş hiss etməyə bilərlər, hətta yataqda eyni müddətdə qalsalar belə”, deyə ekspert bildirib.

Onun sözlərinə görə, menopauza dövründə əhval dəyişiklikləri, narahatlıq, diqqət dağınıqlığı, gecə tərləməsi, yuxusuzluq və istilik basmaları normal yuxuya mane ola bilər.

"Yuxusuzluq perimenopauzanın əsas simptomlarından biridir və çox vaxt 40 yaşlardan başlayaraq, hətta son menstruasiyadan illər əvvəl də ortaya çıxa bilər”, deyə o qeyd edib.

"Clinical Medicine” jurnalında 2025-ci ildə dərc olunan araşdırmaya görə, perimenopauza dövründə insanların 13–47 faizi, menopauza dövründə isə 30–60 faizi yuxusuzluq yaşayır.

60 yaşdan sonra yuxu

Doktor Linin sözlərinə görə, 60 yaşdan sonra bir çox qadında yuxunun quruluşu və rejimi dəyişir.

Qadınların yenə də gündə 7–9 saat yuxuya ehtiyacı olsa da, bu vaxt çox vaxt daha qısa gecə yuxusu və gündüz yuxusu arasında bölünür.

"Yuxu haqqında təsəvvür dəyişir. 65 yaşdan yuxarı bir çox insan kifayət qədər yatmadığını düşünür, halbuki gecə daha az yatıb bunu gündüz yuxusu ilə kompensasiya edirlər”, deyə o bildirib.

Ekspert əlavə edib ki, yaş artdıqca insanlar daha tez yatmağa gedir və daha tez oyanırlar. Eyni zamanda yuxu daha səthi ola bilər.

Aydın

--> -->