Könül Nuriyeva

Blogger
Yazılar
16
Oxucu, sən kimsən axı...

Oxucu, sən kimsən axı...

Könül Nuriyeva

Madam ki, söhbət kitab və oxucudan düşdü, bu söhbətin sehirli tərəfindən başlayıb real, həqiqi üzü ilə bitirmək gərəkdir mövzunu.

Məqaləni oxuyanları bilmirəm, amma mən ilk dəfə kitab görəndə (yəqin ki, beş yaşımdaydım) içimdə elə xoş, elə cazib, elə isti, elə naməlum bir hal yaranmışdı ki!

Əlimə almaq, toxunmaq, rəngli səhifələri çevirmək istəmişdim, həm də güclü istəmişdim, möhkəm istəmişdim!

Əlimə aldım da almağına, di gəl ki, oxuya bilməmək ürəyimi sıxmışdı. Tələsirdim!...

Sanki  böyük, yekə taxta qabın içində bal vardı, onu yeməyin yolu hərflərdən keçirdi. 

Yəqin ki, fikrimi tam çatdıra bildim - kitab görəndə necə acgözləşirdim!

Sonralar təkcə mən yox, sinif yoldaşlarım, sənət öyrənmə kursundakı uşaqların çoxu oxumaq istəyirdik. Vidadi Babanlının kitabının vərəqləri oxunmaqdan şişmişdi, kitabın ilk çap variantı tanınmaz hala gəlmişdi. Oxumaqdan, bir-birimizə ötürməkdən, onu qucağımıza sıxıb haqqında uzun-uzadı müzakirə etməkdən...

Görürsünüzmü, il doxsanlar idi, oxucu ehtiraslıydı, aşiqiydi, hələ nəzərə alsanız ki, işıqlar sönürdü, biz səhərəcən lampa işığında oxuyurduq. İşin ən gözəl məqamı bilirsiniz nə idi? Planlı, düşünülmüş yox, cani-könüldən olan oxumaq istəyi.

Oxuyaraq nəyə nail olmuşduq? 

Söz ehtiyatı artmışdı, nitq inkişaf etmişdi, fikirlərimizi aydın ifadə edə bilirdik, həyatın bir məhəllədən, bir kənddən ibarət olmadığını yeniyetmə yaşından məhz kitablar vasitəsiylə dərk etmişdik, bu gün bərbad şəkildə olan yazı vərdişi onda yaxşı səviyyədə idi, mənəvi halımız sabit, gələcəyə inamlı idi, kitab oxumaqla yeni dostlar qazanır, müzakirələrdə xoş və şirin söhbətin zövqünü yaşayırdıq.

Türklərin sözü olmasın, bu mazidir, mazi. Bəs bu gün oxucu nə səviyyədədir, oxucu varmı, qadın və kişi oxucular arasında fərq nədədir, kimləri oxuyuruq, nə üçün oxuyuruq?

Sərt də olsa deyim, bu gün özünü gözə soxmaq üçün, özünü təsdiqləmək, sosial şəbəkədə kiməsə xoş gəlmək üçün oxuyanlar kifayət qədərdir və mən onları o dəqiqə görürəm. Kaş ki, görməz olardım.

Tutaq ki, "Çevrilmə"dən bir vərəq oxuyub, Elxan Elatlıdan bir kitab oxuyub, birincinin mənasızlığını, ikincinin əla olduğunu deyən birini oxucu saymaq olarmı?

Olar, əlbəttdə. Hər halda bekar-bekar gəzməkdənsə, sosial şəbəkələrdə Tik-Tok" eşqiylə yaşamaqdansa, elə bəsit kitablar oxumaq olar. Nağıl da oxumaq olar, baxmayaraq ki, mənim nağıla ciddi münasibətim var.

Adam əlacsızlıqdan "yoxa lənət" deyir. Sonra da adamın içini ədəbi üsyan bürüyür. Niyə axı?! Mənim bu ömürə heyfim gəlir. Nəyə görə onu kitab oxumadan başa vuraq ki?! Bilirsiniz nə dadı, nə tamı var?!  Ondan məhrum olub, ölmək, həyata vida etmək uca dağın döşündə minbir rəngi, ətri olan çiçəklərin bitmədən, dağın da çiçək adlı bitkidən xəbərsiz olub, zəlzələ nəticəsində yerin altına kömülməsinə bənzəyir.

Əsr dəyişir, yaşımız ölkə olaraq da, insan olaraq da artır, niyə oxucumuz "yoxa lənət" maddəsini daşıyır, daşımalıdır?!

Nəticə olaraq ilk problem kasıb, kasad, dayaz, müzakirə xarakteri olmayan  oxucudur. Və o E. Elatlını, R. Abdullayevi,  İ. Jesseni oxuyur. 

İkinci tip oxucu özünü sevdirmək (deyim ki, qlobal məsələdir bu), sosial şəbəkələrdə "mənim kitab oxuduğumu görüb məni çox istəyən biri olar" deyənlərdir. Yaxud, eyni kitabı rəğbət bəslədiyi biriylə oxuyanlar, mahiyyətə, əslə, ideyaya, sonda da bədbəxt yazıçıya iynə ucu qədər diqqət yetirməyənlərdir. Oxuyur, təkcə ona görə ki, qarşı cinsdən xoş gülümsəmə, isti söz ala bilsin. Bu hal psixoloji baxımdan insanın dar mənada faciəsi, sevilmək istəyi, bununçün bəxtsiz kitabı vasitə seçməsidir. Bir tərəfdən də "cəhənnəmə ki..." deyir adam. Bəlkə bir cümlə yadında qala o kitabdan, bəlkə tanıya dünya ədəbiyyatından, yerli ədəbiyyatdan bir yazıçının adını. Nəticəsi də natamamdır bu qiraətçinin də, oxuduğu kitabın da. Nəticə sevgiliyə çatmaqdır. Kaş o qarşı cins yox, kitab olardı! Çünki ikincisi sabitdir və istəkləri yox dərəcəsindədir. Ya da üçünün qovuşması da uğurlu olardı, əgər baş tutsaydı. Və o nə gəldi oxuyur, gah Dostoyevski, gah V. Yolçuyev, gah da "Bəyaz zanbaqlar ölkəsi"ni. Konkret janrı, istəyi yoxdur. Simpatiya bəslədiyi adam oxumağın daşını atarsa, nə ət, nə balıq olan bu oxucu da daha oxumayacaq. Sözün düzü, mən qorxuram həftəbecər oxuculardan!

Hə, bir də var əsl oxucu! Bal qabının ətrafındakı kitab acgözləri! Oxuyur, zövq alır, araşdırır, dayanmır, yeni yazıçıları axtarır, kitabı bitirsə də, haqqında düşünür, qeydlər götürür, ideyası barədə fikirləşir, beynində müəlliflə boğuşur, sözləşir, danlayır, sevir!

Görəsən neçə faizdir? Görəsən, bu gözəlim oxucu sabah qaynayan, aşıb-daşan sevdasından əl çəkib, özü də yazmaq, yazıçı olmaq xəyalına düşməyəcək?! Onda, bəzi məqamlarda biz batırıq. Yenə "yoxa lənət" oxucuların əlində qalırıq. İncə nüans da var - yazmağına baxmayaraq, həyatının sonuna kimi oxucu qalmaq! Gizlicə qulağınıza deyirəm - mən ölənə kimi oxucu qalacağımı özümə söz vermişəm. Bilirsiniz nə vaxt? Payız səhərində atamın cins şalvarının kəmər hissəsindən bərk-bərk tutub, itməyimdən qorxduğum bir sentyabr günü. Kitabın qoxusunu duyduğum yarıqaranlıq, sınıq pəncərəsi olan sinif otağında bildim ki, aşiq olmuşam. Uşaqdım, dərk etmirdim bəlkə, sözlərə çevirə bilməzdim yəqin. Sonralar 17 yaşımda Axundov kitabxanasına qeydiyyata düşdüyüm günlərdə, gördüm başım hərlənir. Axı adam eşqə düşəndə dəli olur, halı dəyişir. Daha sonralar yaşadığım kabus illərdə ta üçüncü sinifdən aldığım kitabları kimsə təpikləyəndə, kimsə başıma qaxınc edəndə, deyəsən ən dəli, ən aşiq, ən sadiq, ən sevgi dolu oxucu olduğuma görə dözə bilmişdim bu qədər çiləyə, ağrıya, zillətə.

Deməli, oxucu olmaq həm də xilasımızdır, həm də həyatı tutmaq, həyata bağlanmaq, danlaqları eşitməmək səbəbimizdir. Nə gözəl səbəbdir!

Dəniz kənarında kitab oxuyan birini görmək nadir haldır. Ehtiyatla yanaşıram, salamdan sonra onun qəfildən verdiyi aktual sualı bir az məni çaşdırır: "Niyə bu gün yerli mühitdən bestseller çıxmır?"

Mənim danladığım oxucu demə ki, məndən narazıymış. Ondan soruşuram - kitabı necə oxuyursan? Deyir ki, pulum yoxdur, işləmirəm, ya da fasilələrlə işləyirəm, PDF oxuyuram, ala bilmirəm. Deyirəm ki, müasirin olan yazıçı adlarını de. Gənc oğlan A. Yeniseyin adını çəkir.

- Oxudunmu "Tarix və Tale"ni?
- Oxudum, müəllif hədiyyə etmişdi. 

- Nə düşünürsən haqqında?
- Təəccübümə səbəb olan roman olmadı və bədii zövqümü oxşamadı.

- "Düşərgə" necə?
- O ki, birtərəfli mövqe sərgiləyərək yazılan kitabdır.

- "Məryəm surəsi"ni oxudunmu?
- Onu ala bilməmişəm, "Yad dildə"ni oxudum.

- Fikrin?
-Yazıçı özünü cəsarətli göstərmək istəsə də, çox ehtiyatla yazılmış romandı.

- Rus ədəbiyyatından kimi oxudun?
- Bulqakov və Nabokovu.

- Niyə Dostoyevskini yox?
- Çünki, o birxətli yaradıcılıq sərgiləyib.

- "Vəba" fəlsəfi əsərdirmi?
- Bəli, çox dərin, çox fəlsəfi.

- Mənə kimi oxumağı tövsiyyə edərsən?
- M. Monten, Stendal və Balzak.

Diqqətlə dinlədiyim oxucu ciddi adam təsiri bağışlayır, ədəbiyyatdan xəbəri olduğunu hiss edirəm, son suallarımı verirəm.

- Harda təhsil alırsan və ətrafında sənə bənzəyənlər, həmfikirlərin varmı?
- İqtisadiyyat Universitetində. Bəli, daha intelektuallar və məndən də dərin düşünənlər var.

- İndi nə oxuyursan?
- Hararinin üç cildliyini.

Burdan aydın nəticə çıxarıram: oxucu var, o kifayət qədər kamiliyə meyillidir, sadə həyat hekayələri onunçün maraqsızlaşıb, elmi ədəbiyyat diqqətini çəkir.

Mən yazıçı olsaydım, oxucunun söhbətindən sonra bu qərara gələrdim. Nə qədər ağır iş günüm, sağlamlığımla bağlı problemim, ətrafımla münasibətdə  qalmaqallar olursa-olsun, mən daha çox düşünməli, oxumalı, müşahidə etməli, yazdığımla oxucunu ovsuna salmağı bacarmalıyam. 

"Mən yazıram, oxuyan yoxdur, oxucu zəifliyi var" - bu kimi cümlələr mənasızdır. Oxucudan narazılığın kökündə yazıçının özünün tənbəlliyini sığortalaması, can qurtarması durur. Kitabını satmaq niyyətiylə yazan yazıçdan, inanın mənə pis iy gəlir, mənfəət iyidir o, sürətlə yayılır, həm də tez yayılır ətrafa. Haqlı irad bildirərsiniz və deyərsiniz ki, bəs nəylə dolansın, qazancı bəlkə burdan çıxır?

İdealist mövqeyimi əsas tutaraq deyirəm satmaq üçün yazsan da, ilk niyyətin bu olmamalı, tam mənasıyla o fikrə köklənməməlisən. Yazarkən yaşayaraq, içindəki yazmaq ehtiyacını, dərin, çox dərin halını, fikirlərini sanki oxucunla qucaqlaşaraq, üzbəüz söhbətləşirsən kimi yazsan, yaza bilərsən!

Bir də niyə eriraf etməkdən qorxaq ki? Bu gün başqa adı "kitabımı al" olan kitab təqdimatları toya pul salmaqdan fərqlənmir. Sabah da sən mənim kitab təqdimatıma gələrsən, yəni sən də alarsan.

Yazıçıları urvatdan salan bir-iki məqam da var. Nala-mıxa vurmaqla milli və ya bəşəri düşüncələrini tez-tez dəyişmələri. 

Oxucu ən əvvəl insandır, həm də imdad diləyən insan. Yazıçını bir çox hallarda dərman bilir. "Onu oxuyaramsa, rahatlıq taparam" deyən çoxuyla rastlaşdım. Mən də deyə bilmədim ki, "bəs düşüncələrini dəyişmək istəmirsən?" 

Çünki, hiss etdim kitablara antidepressant kimi baxan oxucular səksən faizdi. Bir az ürəyim də ağrıdı onlara. Kitaba, yazıçıya sığınan, məlhəm axtaran, ətrafındakı xəstəlik, pulsuzluq, müharibə xofu, ailə münaqişəsi, övlad itkisindən qorxan, çəkinən, baş götürüb kitabda gizlənən oxucular... Yazıçının isti sözünə, xoş duyğularına həsrət oxucular. Belə olan halda içimdəki insanlıq ikiqat hərəkətə keçir, saflaşmanın ifratını yaşayıb, iyrənmə həddinə keçirəm. 
Bilirsiniz niyə?

Çünki oxucu diribaş olmalı, yazıçının fikirlərinə hörmətlə, amma ayıq gözlə baxmalı, eyiblər tutmalı, mikroskopik baxış sərgiləməlidir. Yazıçı narahat olmalıdır ki, mənim güclü oxucum var, mən zərgər dəqiqliyi ilə işləməliyəm, məsuliyyətsizlik edə bilmərəm. Nəinki, kitaba, yazıçıya dərman kimi baxmaq. Bu yolda inkişaf yoxdur, sükunət var, kürəyini söykəmək var, belə deyək qollarının arasında özünə yuva qurmaq var, təkamül yoxdur.

Oxucunun tərəfini saxlamağıma, əzizləməyimə baxmayaraq, bilirəm ki, çox şıltaqdı indiki oxucular. Məlumat bol, informasiya hədsiz, matreallar asan tapılan, kəsəsi texnologiyanın verdiyi imkanlar oxucunu dəcəl edib. Maraqsızlıq sindromunun yaranmasına gətirib, yeni, deyilməyən, rastlaşmadığı mövzular istəyir, bəzən tələb edir. Bu səbəb oxucu azlığına dəlalət edir.  

Kitab almağa imkanı olmayan oxucu mövzusu, bayaqdan yazdıqlarımın arasında ən ciddidir. Adam oxumaq istəyir, ala bilmir, dostuna ağız açmır, PDF sevmir. Bir dəfə Almaniyada olan dost şəhərin hər yerində pulsuz kitab köşklərinin şəklini göndərmişdi. Yaman paxıllığım tutmuşdu! Hər dayanacaqda var idi, kaş bizdə də olsaydı!

Bir də oxucular arasında ən ləyaqətliləri bilirsiniz kimlərdir? Oxuyub, danışanlar, bölüşənlər, tövsiyyə verənlər, vəsilə olanlar...

Qadın və kişi oxucular arasındakı fərq elə də ciddi deyil. Amma bir dəfə sosial şəbəkədə ayda dörd kitab oxuyan bir qadınla görüşməli oldum. Düzü, sevincliydim, elə bilirdim qəşəng bədii əsər müzakirəmiz olacaq. "Həyatımda ilk dəfə bir qadınla kitabdan danışacağam, məhz kitabdan! Nə otağının pərdələrindən, nə bişirdiyi mürəbbələrdən, nə qaynanasından".  Yenə yanıldım, o sevgilisindən danışırdı. Bütün söhbət boyu düşünürdüm ki, bəs o nə oxuyub, bəlkə heç oxumayıb, oxuyubsa niyə bir adamdan asılılığını belə çətinliklə həll edə bilmir. Darıxırdım... Qadın oxucular oxuduqlarından az halda danışırlar, sərbəst mühakimələri, kitabın ideyasına etirazları az halda olur və ya olmur. 

Kişi oxucular seçim etməkdə qərarlıdırlar, dadlı bədii əsəri dadsızdan tez ayıra bilirlər. Məntiqə əsaslanan, bəşəriliyə ünvanlı, fəlsəfə yönümlü kitabları uğurla seçir, səviyyəli şəkildə müzakirəyə açıq olurlar.

İndi özünüz qərar verin - siz necə oxucusunuz, həqiqətən oxuyursunuzmu, zövq ala bilirsinizmi? Sevirsinizmi daim səssiz danışan, qışqıran, ağlayan, zarafatlaşan, ən əsası isə sənin mənəvi inkişafına xidmət edən kitabları?!...

OXŞAR XƏBƏRLƏR

X