Hüseynbala Səlimov
Hakimiyyətin yuxarı eşelonunun siyasi partiyaların təmsilçilərilə görüşlər keçirməsi haqqında məlumatlar bəndənizdə həm ikili ovqat, həm də sual yaratdı.
Əvvəlcə ovqat haqqında, çünki biz ovqat əhliyik, bir şeyin bizdə rezonans yaratması üçün onun ovqatımıza düşməsi zəruri və kafi şərtdi, əks təqdirdə dünyanın bütün huri-mələklərini bir yerə toplasan belə, yenə bizim bir tükümüz tərpənməz...
Əvvəl pozitivdən başlayım ki, ovqatımız söhbətə başlamazdan təlx olmasın və hər şey bəri başdan korlanmasın. Qərəz, mən bu ölkədə çox tək-tük adamlardanam ki, bir şeyin mənə dəxli olub-olmamasından asılı olmayaraq lazım gələndə ona dəstək verirəm.
Ölkədəki qeydiyyatlı və qeydiyyatsız, parlamentdə bir, uzağı da iki təmsilçisi olan, üzvləri olan, amma özünə daim rəhbər axtaran partiyalara və yaxud da əksinə, yəni daha çox, rəhbərləri olub, üzvləri isə olmayan partiyalara mənim münasibətim birmənalıdır: bu partiyalar ki var, bunlar həm qəliz məsələdir və həm də ki, çox vacib...
Onlardan söz düşəndə daim K.Popperin bir fikrini xatırlayıram ki, hələ heç kimə siyasi partiyalarsız demokratiya qurmaq müyəssər olmayıb. Düzdür, Popper familiyası daim C.Sorosla assosiasiya yaradır, çünki dünyanın ən ziddiyyətli milyarderi ya K.Popperin tələbəsi olub, ya da özünü onun tələbəsi adlandırır.
Odur ki, K.Popper 20-ci əsrin ən maraqlı filosoflarından biri olsa da, fikirləri yetərincə maraqlı və orijinal görünsə də, bəzən Sorosa qarşı münasibət, ümumiyyətlə, açıq cəmiyyət ideyasına qarşı çevrilir. Sorosa qarşı münasibət isə açığını deyim, o qədər də ürəkaçan deyil, - bir çox ölkələrdə onunla əlaqəsi olan siyasətçiləri, ümumiyyətlə, ictimai fəalları "sorosyatalar”, yəni rus dilindəki "porosyatalar” – donuz balaları kimi çağırırlar. Amma buna baxmayaraq, biz dediyimizin üstündə dururuq və hətta onu da vurğulayırıq ki, siyasi partiyalarsız nəinki demokratiya, heç siyasət də mümkün deyil, çünki siyasət yaranandan partiyalar və qruplar olub, onlar biri-birilə çəkişib, hakimiyyət uğrunda savaş aparıblar.
Əlbət, o vaxtki siyasi partiyalar indiki kimi olmayıb, daha çox qeyri-leqal bir formada olub. Amma fərq etmir, əsas odur ki, siyasəti bir sfera kimi təsəvvür etsək, onun əsas aktorlarından, komponentlərindən bir də məhz siyasi partiyalardır.
Elə bu səbəbdən də siyasi partiyaların təmsilçilərilə görüşlərin keçirilməsi müsbət hadisədi, hərçənd, əvvəllər də bu qəbildən olaylar baş verirdi – müvafiq dövlət və hakimiyyət strukturları partiyalarla geniş və dar çərçivədə mütəmadi görüşlər keçirirdilər. Mən bunun nə dərəcədə xeyrli olması haqqında bir şey eşitməmişəm, amma ziyanından da tamam-kamal xəbərsizəm, - bunun ziyanlı olması haqda qulağıma nəsə dəyməyib.
İndi gələk məsələnin ikinci tərəfinə. Siyasi partiyalarla görüş elə bir siyasətçidən başladı ki, hakimiyyət dairələri onun "lider”i haqqında daim lağ edir, gənclikdə bu adamın "mövsümi biznes”lə, yəni meyvə-tərəvəz alverilə məşğul olduğunu deyirlər.
Həm də bu qəbildən olan görüşlər də parlament seçkiləri ərəfəsində keçirilsəydi, daha məzmunlu olardı, yəni bir az əvvəldə dedyimiz kimi: lap ovqatımıza düşərdi. İndi isə parlament seçkiləri başa çatıb və yaxın dörd-beş ildə heç bir seçki gözlənilmir. Belə olan təqdirdə siyasi partiyalarla görüşlərin keçirilməsinə hansısa zərurət varmı?
Düşünürük ki, var, olmasaydı, görüşlər də olmazdı. Məsələ bundadır, Prezident Administrasiyası özü faktiki olaraq yenidən qurulur: rəhbərlik də, struktur da yenilənir və belə bir şərait əlbəttə ki, siyasi partiyalarla da kontaktların yenilənməsini tələb edir. Amma bu yenilənmə prosesində bizi bir qədər qane etməyən, yəni ovqatımıza düşməyən bir detal var və o da budur ki, sanki mediaya qarşı münasibət bir az soyuyubdur. Hətta belə fikirlər var ki, guya ənənəvi media rolunu və önəmini itirib, guya sosial şəbəkələr qəzetlərdən saytlara çevrilən yazılı mətbuatı tamamilə gərəksiz bir sferaya çevirib.
Əlbəttə, biz bununla razılaşa bilmərik, çünki müasir, modern tendensiyalar adətən qlobal miqyasda yenilənməyə meyilli olur. Bizdən daha demokratik olan, internetin və rəqəmsal texnologiyların daha çox yayıldığı, sosial şəbəkələrin yarandığı və ya daha əsaslı şəkildə oturuşduğu ölkələrdə ənənəvi yazılı media öz mövqelərini və missiyasını saxlamaqdadır.
Odur ki, bizim milli medianın problemləri böyük ehtimalla daha çox yerli özəlliklərlə bağlıdır və onların yaranma səbəblərini məhz elə yerli müstəvidə də axtarmaq lazımdır...
Şərhlər