Xəbər lenti

Pankreas xərçəngi ilə ağız mikrobları arasında əlaqə aşkarlandı
Sağlamlıq 14:21 25.09.2025

Pankreas xərçəngi ilə ağız mikrobları arasında əlaqə aşkarlandı

Ağızda yaşayan bəzi bakteriya və göbələklər ən ölümcül xərçənglərdən biri olan pankreas xərçəngi ilə əlaqəli ola bilər.

Qaynarinfo xəbər verir ki, bu alimlərin arışdırması nəticəsində məlum olub.
 
Araşdırmanın nəticəsi göstərir ki, müntəzəm diş fırçalama və diş ipindən istifadə yalnız dişləri qorumaqla kifayətlənmir, eyni zamanda xərçəng riskini azalda bilər.
 
Nyu-York Universitetinin epidemioloqu Riçard Heys və komandası 50–70 yaş arası 300 mindən çox insanın tibbi qeydlərini və ağız yaxalama nümunələrini təhlil edib. Araşdırmada 27 fərqli mikroorqanizmin müəyyən kombinasiyalarının pankreas xərçəngi riskini üç dəfə artırdığı müəyyən olunub.

Xüsusilə üç bakteriya növü (Porphyromonas gingivalis, Eubacterium nodatum, Parvimonas micra) və bir göbələk növü (Candida tropicalis) yüksək risklə əlaqələndirilib. Bəzi bakteriya və göbələk növlərinin isə xərçəng riskini azaltdığı aşkar edilib.

Tədqiqatçılar hesab edirlər ki, bu mikroblar tüpürcək vasitəsilə həzm sisteminə daxil olaraq pankreasa çata bilər. Lakin bu prosesin birbaşa xərçəngə səbəb olub-olmadığı hələ təsdiqlənməyib. Heys müşahidə olunan nümunələrin daha dərindən araşdırılmalı olduğunu vurğulayıb.

Araşdırmada 445 pankreas xərçəngi xəstəsi və eyni sayda sağlam insan müqayisə olunub.

Nəticələr göstərib ki, müəyyən bakteriya və göbələk düzülüşləri xəstəliklə güclü şəkildə əlaqəlidir.

Pankreas xərçəngində beşillik sağ qalma göstəricisi yalnız 13 faizdir. Xəstəlik adətən gec aşkarlandığı üçün ölüm riski çox yüksəkdir.

Mütəxəssislər ağız mikrobiomunun öyrənilməsinin erkən mərhələdə diaqnostikada faydalı ola biləcəyini bildirirlər.

Nyu-York Universitetinin daha bir araşdırmaçısı Ciyoung Ahn deyib ki, ağızdakı bakteriya və göbələk müxtəlifliyini araşdıraraq, pankreas xərçənginə yoluxmanı erkən mərhələdə aşkar eləmək olar.

Araşdırmanın nəticələri JAMA jurnalında dərc olunub.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->