Parazitlər: Zirzəmidəkilərin qəsr arzusu...

Parazitlər: Zirzəmidəkilərin qəsr arzusu...

Məmməd Süleymanov

"Dünyada iki düşmənim var - bitişik-ayrılmaz: Acların aclığı və toxların toxluğu” (Marina Svetayeva)

Sol səkidə bayramdır - Oskarı sosialistlərə paylayıblar. 

Ancaq Sağ tərəfdə həyəcan yoxdur - mükafatları onlar verirlər. Diskurs sahibləri də onlardır - lazım bildiklərini seçirlər.

Bu oyunda özlərini intellektual roluna təyin edənlər isə (intellektual sayılmağın bir trendi də indi özünü antikapitalist elan etməkdir. Dəb budur) ovuclarını bir-birinə sürtüb ideoloji qələbələrinə sevinirlər - hətta Hollivud onlarla həmfikir görünür.

Yan Qusun tonqala çırpı atan qarıya söylədiyi ölümqabağı sözlər: "Ah, müqəddəs sadəlövhlük”. 

Antikapitalistlər fikir qırıqlığına uğrayacaq - kapitalizmin tənqidi çoxdan Sistem tərəfindən mənimsənilib, onun bir hissəsinə, əmtəəyə çevrilib. Əsas odur bazar olsun. 

Çarx boşuna fırlanır.

***

Pon Çjun Xonun ötən il Kannda "Qızıl palma budağı” alan  "Parazitlər” filmi 4 Oskara sahibləndi. Elə rejissor da köhnə sosialistmiş. Cənubi Koreyadakı mötədil İşçi partiyasının üzvüdür. "Biz hamımız Kapitalizm adlı ölkədə yaşayırıq” deyir. 

Hələ onun bir filmi də var - "Qarın içi ilə” antiutopiyası. Orada dünya dağılandan sonra salamat qurtaranlar fasiləsiz olaraq qatarla hərkət edirlər. Ön vaqonlarda hər şey var:  yemək, əyləncə, digər tələbatlar  və orada kapitalistlər yaşayır. Arxa vaqonlarda kölələr tarakanla qidalanır. Ortada isə kölələrin qiyamını yatırmaq üçün repressiv aparatın nümayəndələri yer alıb.

Bu filmi Pon 2013-cü ildə çəkib, prokatçılar da onu dərhal alıb, ancaq göstərməyiblər. O vaxt ki "Parazitlər” Kannda qalib oldu, "Qarın içi ilə” də geniş ekranlara çıxdı. İşbazların səbri var - filmin statusu yüksəlib, hamı orada gizli mənalar axtaracaq.

Ancaq - fabula da elə bundadır. Antikapitalist rejissor öz filminin sahibi deyil, kinoya hüquqlarını kapitalistlərə satıb və 7 il gözləyir. Film yaradıcılıq yox, əmtəə, biznes layihəsi kimi. Rejissor da bu maliyyə dövranının hüquqsuz bəndidir.

O özü də kölədir və bu rola təyin olunduğuna görə peşman görünmür.

Halbuki kölə olmayanlar da var. Partiyasız Ken Louç kimi.

 ***

Todd Fillipsin "Coker”i 2 Oskar aldı. Onu da Qiyamın emblemi və sinfi mübarizənin simvolu kimi görürlər. Baş rolu oynayan Xoakin Feniks isə Ceyn Fondanın (1970-lərdə Sol dairələrdə ona "Bizim Ceyn” deyərdilər. Sonra "səhvlər”ini etiraf etdi) dəvəti ilə ekoloqların etiraz aksiyalarına qoşulur və veqanlıq təbliğ edir.

Etiraz karnavallarında - İraqdan Çiliyə, Fransadan Kolumbiyaya qədər - Cokerin maskalarını görmək olar. Ancaq Fillipsin psixopatı Qodarın "Alfavil”indəki idiot deyil. Çünki, Qodarda Alfavil məhv olur, Cokerdən sonra isə Sistem yerindədir.

***

Köhnə sosialist Culiya Riçertin "Amerika fabriki” ən yaxşı sənədli film nominasiyasında qalib oldu. Dünya əməkçilərinin çətin güzaranından bəhs edir. Mükafatı alarkən Riçert birbaşa "Manifest”dən sitat gətirdi: "Bütün dünyanın işçiləri, birləşin!” Və - Hollivudda bu çağırışa riyaarcasına əl çaldılar.

Riçertin filmoqrafiyasında 1983-cü ildə çəkdiyi "Qırmızı görüntü” filmi də var. Orada rejissor 400 amerikalı kommunisti danışdırıb. Və bu, 5 il davam edib. Aralarında çox məşhurları da var (məsələn, Pit Siqer), tanınmayanlar da. Onlar təkcə makkartizmdən və "əcinnə ovu”ndan yox, həm də ABŞ-dakı bir çox sosial proqramların məhz kommunist hərəkatının hesabına reallaşdığından danışıblar.

Və təbii - film "Oskar” almayıb.

***

Mərasimdən sonra "Nyu-York tayms”da "Oskarda sinfi müharibə” adlı məqalə çıxır. Rezüme bu cürdür: Artıq kapitalist olmaq dəbdə deyil və antikapitalist olmaq dəbdədir. Sinfi müharibə - reallıqdır və onu görməzliyə vurmaq mümkün deyil.

Burada yəqin ki, açar söz "dəb” kəlməsidir. İfrat qütbləşmiş dünyadakı reallıqlar çoxlarının xoşuna gəlmir. Etiraz dəbindən yararlanmaq lazım.

Və yararlanırlar.

Ən kədərlisi isə odur ki, istər "Parazitlər”, istərsə də "Coker” qətiyyən inqilab və müqavimət filmi deyil. Əks halda ABŞ-da hər gün baş verən güllələnmə və qətlləri (onlar isə kapitalistlərə silah satışını məhdudlaşdırmaq üçün qətiyyən yetərli arqument kimi görünmür) Sistemə qarşı Qiyam kimi qələmə verib qatilləri Coker adlandırmaq, onları qan tökməyə sövq edən motivləri isə "Parazitlər”dəki kimi Sistemin fəsadları saymaq lazım gələrdi.

Kapitalizmin insanları psixi xəstə etdiyini hələ 1970-lərdə yazan Maynhoff və Kruasson üçün Hollivud yox, "ölü dəhlizlər” hazırlanmışdı. Başqa cür ola da bilməzdi- onlar Sistemin məhvinə çağıran və çalışan, etirazdan müqavimətə keçidi təmin etmək üçün yaşayan inqilabçılar idi. 

Ümumiyyətlə, hansısa patologiyanın tikanı Sistemin yumşaq yerinə batırsa (bu isə təhlükəsizdir), dərhal onu Qiyam adlandırmaq, patologiyanı yaxşı saymaq qorxulu işdir. Odur, Tarantinonun ötən il Kannda mükafat alan, indi isə Oskarda 2 nominasiyada qalib olan "Bir dəfə Hollivudda” filmi "Mensonun bandası”ndan bəhs edir. Onlar isə zənginləri "donuzlar” adlandırır, qətllərdən sonra divara da elə bu sözü yazır, antikapitalist ritorikadan bəhrələnirdilər (Onların qurbanları sırasında aktrisa Şaron Teyt də vardı. Roman Polanskinin qadını öldürülərkən hamiləliyin 9-cu ayındaydı). Ancaq yaxşı ki hələlik Çarlz Mensonu və onun "gəlinlər”ini Sistemlə mübarizlər adlandırmırlar.

Hələlik adlandırmırlar...

*** 

"Parazitlər”in mövzusu sinfi cəmiyyətlərin tarixi qədər qədimdir. Bu, qəsrlə zirzəminin münasibətidir. Zirzəmidəkilər qəsrdəkilərə nifrət edir, əks tərəf isə yerin altındakılardan iyrənir.

Hələ Nitsşe yazırdı: "Yalnız güclüyə nifrət etmək olar. Zəifdən isə iyrənirlər”.

Və burada həm əzənlər, həm əzilənlər parazitdir. Parazitlərin simbiozu, birgə yaşayışı yalnız o vaxt mümkündür ki, üçüncü bir orqanizm də olsun. Burada üçüncü yoxdur. Deməli, dinc mövcudluq mümkün deyil.

Onda elə çıxır ki, müharibə qaçılmazdır və günlərin bir günü əzilənlər birləşib əzənləri yox edəcək. İnqilabda məhz bu cür olur.

Lakin "Parazitlər”də əzilənlər əzənləri ona görə məhv etmək istəyir ki,əzənlərin yerinə keçsin. Zirzəmini qəsrə dəyişsin və zirzəmidəkilər indi də onlara itaət etsin.

Qurbanlıq özü cəllad olmaq istəyir. Kölə sahibini devirib özünü sahib elan etmək, kölələr tapmaq arzusundadır.

Sistem isə nəinki yerində qalacaq, üstəlik daha yırtıcı və eybəcər xarakter alacaq. Çünki əzənin yerinə keçən əziləni yıxmaq üçün daha əxlaqsız üsullar tələb olunacaq - axı o, öz metodunun özünə qarşı tətbiqinə yol verməyəcək.

Böhranın proletariatdan prekariata çevirdiyi 4 nəfərlik ailə zirzəmidə yaşamaqdan qurtulmağın yolunu qəsrdə yaşayanlara yarınmaqda, aldatmaq və şantajda, müsbət personaj maskası taxmaqda, sinfi düşməndən istifadədə görür. Bir sözlə, Sistemdən kənarda yox, Sistemin vinti olmaq - budur ideal. Və sosial liftin işləmədiyi cəmiyyətdə bunun üçün bütün vasitələr məqbuldur.

Bu "balaca adamlar”ın yaşadığı zirzəmi təkcə cəmiyyətin dibi yox, həm də əxlaq və mənəviyatın olmadığı quyunun dibidir.

"Varlılar ona görə xeyirxahdırlar ki, onların çoxlu pulu var. Mənim də pulum çox olsa, xeyirxah olacam” - qadın deyir. O, inanır ki, əxlaqı itirib zəngin olsa, əxlaq da qayıdıb gələcək. Kölə cəlladın xeyirxahlığına həsəd aparır.

Burada əzilənlər yoxsulluq və çarəsizlik dövrəsində sosial varlıqdan bioloji varlığa qədər deqradasiya ediblər. Yaşam motivləri - istehlak və tamahdır. Onlar sonda uduzular. Elə heç qəsrdəkilər də udmur. Hərəyə bir cəsəd.

Ancaq hətta bundan sonra da istəklər və arzular dəyişmir. Ata bir zirzəmini digərinə dəyişir. Yox, o, gizli fəaliyyətə keçməyib, Qodarın "Son nəfəsdə”sindəki şəhər partizanı deyil. Dib eynidir - koordinatlar fərqli.

Oğul isə yenə arzulayır: çoxlu pul qazanacaq, qəsri alacaq və qəsrin zirzəmisində gizlənən atası sadəcə pillələrlə yuxarı qalxacaq.

Üstəlik, bu necə sinfi mübarizədir ki, daha çox əzilən sinfin daxilində gedir. Aclar və yoxsullar zənginlərdən daha çox da öz həmqismətlərini məhv edirlər. Onların mənəviyyatsız üsulları ilk növbədə digər əzilənləri rəqabətdə zərərsizləşdirməyə yönəlib. Qul qula düşməndir.

Siz burada müqavimət, sinfi mübarizə görürsüz?

Söhbət yalnız öz sahibinin ranqına çatmağa çalışan quldan gedir. Və o, özü üçün qullar arzulayır.

Sistem isə həminkidir.

Bu da "marksist” bir kino...

P.S. "Coker” haqda isə gələn dəfə... 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR