Siyasət 12:21 12.06.2013

Partiyalardan İbrahimbəyovun sərəncamına- REAKSİYA

Gülağa Aslanlı: “Milli Şuranın sədrinin buna haqqı, hüququ var”

Sülhəddin Əkbər: “Bu, o deməkdir ki, Rüstəm İbrahimbəyov Eldar Namazovla işləmək istəyir”

Əvəz Temirxan: “Onun bu vəzifəyə təyin edilməsi gözlənilən idi”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu qurumun rəhbərliyinə seçildikdən sonra özünün ilk sərəncamını imzalayıb. 

Sərəncam Milli Şuranın rəhbərliyində yeni təyinatla bağlıdır. Belə ki, həmin sərəncama əsasən, Rüstəm İbrahimbəyov "El" hərəkatının sədri Eldar Namazovu Milli Şuranın İcra Aparatının rəhbəri təyin edib.

Rüstəm İbrahimbəyovun bu addımına Milli Şurada təmsil olunan partiyalardan münasibət öyrəndik.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı: “Milli Şuranın sədri səlahiyyətli şəxsdir. Sədr də ona verilən səlahiyyətlərdən istifadə edib Eldar Namazovu bu vəzifəyə təyin edib. Burada heç bir narahatlıq yoxdur. Milli Şura sədrinin buna haqqı, hüququ var. Biz də buna normal yanaşırıq”.

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər: “Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdur. O da vəzifəsindən istifadə edib bu təyinatı verib. Bu məsələyə qarışmaq düzgün deyil. Sədr hesab edirsə ki, onun rəhbəri olduğu qurumun icra aparatının rəhbəri Eldar Namazov olmalıdır, deməli, elə olmalıdır. Bu, o deməkdir ki, Rüstəm İbrahimbəyov Eldar Namazovla işləmək istəyir. Biz də buna normal yanaşırıq”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan: “Onun bu vəzifəyə təyin edilməsi gözlənilən idi. Bu təyinata normal yanaşırıq”.

İlkin
Qaynar.info