AXCP sədri Əli Kərimli bu gün partiyanın qərargahında baş verən partlayışla bağlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, partiya sədri facebook hesabında partlayışın təsadüfi olmadığını qeyd edib:
“AXCP-nin müvəqqəti qərargahında partlayış baş verib. Əslində partlayış qərargahın altındakı zirzəmidə baş verib, amma qərargaha da ziyan dəyib. Partiyamıza qarşı son günlər daha da artan təzyiqlər, gənc cəbhəçilərin kütləvi həbsləri fonunda partlayışın təsadüfi olmadığı bilinirdi. Amma indi hər şey tam olaraq aydınlaşdı. Hakimiyyətimiz müxalifəti ilə artıq terror, partlayış dili ilə danışır. Qərargahın sahibinin ailə üzvləri partiyamızın nümayəndələri ilə söhbətdə açıq etiraf ediblər ki, hakimiyyət onları çoxdan hədələyirmiş.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sahibkardan tələb edirmişlər ki, qərargahı AXCP-dən geri alsın . Əks təqdirdə binada partlayış və yanğın ola biləcəyi ilə hədələyirmişlər. Bu məlumat artıq heç bir şübhə yeri qoymur ki, partlayış öz-özünə baş verməyib. Partlayışı AXCP-yə təzyiq etmək, onu yenidən qərargahsız qoymaq məqsədi ilə törədiblər. Mən Azərbaycan hökumətini məsuliyyətli olmağa, dünyada baş verənlərdən nəticə çıxarmağa, AXCP-yə qarşı təzyiqləri dayandırmağa çağırıram. AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil. AXCP-nin gücü azadlıq, ədalət, xalqın mənafeləri uğrunda, xalqla birlikdə, səmimi və ardıcıl mübarizə aparmasındadır. Bütün maneələrə baxmayaraq mübarizəmiz davam edir”.
Qaynar.info
Şərhlər