Xəbər lenti

Dünya 13:03 01.10.2025

"Paşinyan seçkidə qalib gəlsə, rus bazasını ölkədən çıxaracaq" - Politoloq

"Seçkilər Paşinyan komandasının qələbəsilə başa çatarsa, onlar 102-ci rus hərbi bazasının çıxarılması məsələsini daha qətiyyətli şəkildə ortaya qloyacaq və buna da nail olacaqlar".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov yayda keçiriləcək seçkilərdə Nikol Paşinyan komandasının yenidən qalib gəlməsi fonunda Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın gələcək taleyi məsələsindən danışarkən deyib.

"Bu günlərdə Ermənistan parlamentinin sədri Simonyan bildirdi ki, qarşıdakı dövrdə 102-ci hərbi bazasının çıxarılması gündəmdə deyil. Ondan sonra Paşinyan Moskvaya səfər etdi. Ardınca BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka, oradan da Strasburqa gedərək AŞ PA-da çıxış etdi. Burada o, bildirdi ki, Ermənistan Avropa İttifaqının üzvü olmaq istəyir. Bu isə İrəvanın Rusiya orbitindən çıxmaq istədiyinin daha bir göstəricisidir", deyə Elşad Həsənov bildirib.
 


Politoloq qeyd edib ki, Paşinyan tədricən də olsa, Ermənistanda Rusiya təsirinin azaldılmasına nail olur:

"Paşinyan hava limanından rus sərhədçilərinin çıxarılmasına nail oldu. Rus əsgərləri Türkiyə və İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrindən də çıxarılıb. Doğrudur, sərhədi hələlik rus hərbçiləri qoruyur. Yəni Paşinyan bu günə qədər Moskvanın təsirini azaltmaq üçün bacardığı hər şeyi edib. Ancaq 102-ci hərbi bazanı Gümrüdən çıxarmağa hələlik nail olmayıb. Bu istiqamətdə müəyyən təşəbbüslər göstərildi, aksiyalar keçirildi. Paşinyan həm də balanslaşdırılmış siyasət yürüdür ki, Kremlin qəzəbinə tuş gəlməsin. Ölkə daxilində də əhalinin əksəriyyəti Paşinyan komandasını qəbul edir. Ona görə də Paşinyana qarşı ölkə daxilində ciddi təpkilər yoxdur".

Həmsöhbətimiz düşünür ki, yaydakı seçkilərdə qələbə əldə olunsa və Qərbin dəstəyi daha ciddi xarakter daşıyarsa, Paşinyan 102-ci baza barədə daha qətiyyətli addımlar atmağa doğru istiqamət götürəcək: 

"Qarşıdan gələn seçkilərdə Paşinyan komandası yenidən qalib gəlsə onlar özlərinin Qərbyönümlü siyasətini daha da gücləndirəcək. Bu fonda və Qərbdən daha ciddi dəstək alacaqları təqdirdə, Paşinyan hökuməti mütləq şəkildə 102-ci bazasının Gümrüdən çıxarılmasını daha aktiv şəkildə tələb etməyə başlayacaq və ona da nail olacaqlar".

Qeyd edək ki, bu günlərdə Moskvanın İrəvandakı səfiri Sergey Kopırkin Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsinin Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəmində olmadığını bəyan edib. Daha əvvəl isə Ermənistan parlamentinin sədri Alen Simonyan da anoloji açıqlama ilə çıxış edib. Lakin bəllidir ki, 44 günlük müharibədən sonra Ermənistanda Rusiya əleyhinə təbliğat geniş vüsət alıb. Bu əsasda Paşinyan hökuməti tədricən də olsa Rusiyanın Ermənistana təsirlərini azaltmaq kursu götürüb. Paşinyan ölkəsinin Avropa İttifaqına inteqrasiya yolunu tutduğunu da açıq şəkildə bəyan edir. Həmçinin, ölkədə rus qoşunlarının çıxarılması şüarları ilə dəfələrlə mitinq və aksiyalar keçirilib. Aydındır ki, bu aksiyaların da arxasında Paşinyan dayanır. Bu əsasda növbəti seçkilərdə qələbə onu 102-ci rus hərbi bazası ilə bağlı məsələdə daha konkret addımlar atmağa ruhlandıra bilər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->