Xəbər lenti

Siyasət 13:03 28.05.2021

Paşinyanın sərhədlərin tənzimlənməsi planının arxasında nə dayanır? (ŞƏRH)

"Bu, Azərbaycana heç bir üstünlük, heç bir ədalət görüntüsü verməyəcək. Əksinə, prosesin uzanmasına gətirib çıxardacaq. Belə bir vəziyyətdə zamanın qazanılması Paşniyan hökumətinə hava-su kimi lazımdır. Belə bir zamanı biz Paşinyan hökumətinə, Ermənistan dövlətinə vermək fikirində deyilik və olmamalıyıq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi planından danışarkən deyib. O bildirib ki, Azərbaycan dövləti bu yöndə ən doğru addımı atacaq:



"Əslində, bu onların növbəti hiyləsidir. Paşinyanın burada əsas məqsədi Azərbaycanın haqqı olan ərazilərinin geri qaytarılması məsələsinin uzanması, bu kontekstdə onun zaman qazanması və seçkilərdə qalib gəlməsidir. Çox maraqlıdır ki, 10 Noyabr sənədi məhz Rusiyanın vasitəçiliyi ilə ərsəyə gəldi. 10 Noyabr bəyannaməsinin altında cəmi 3 dövlət başçısının imzası mövcuddur. Burada digər həmsədr dövlətlərin və yaxud da beynəlxalq səviyyədə hər hansı bir təşkilat və ictimaiyyətin imzası mövcud deyil. Ayrıca 28 il müddətində beynəlxalq ictimaiyyətin Qarabağ problemini həll etmək istəyini və niyyətini Azərbaycan olaraq biz görmədik. Biz beynəlxalq ictimaiyyətin belə bir müsbət təcrübəsini görməmişiksə, onun növbəti dəfə Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşməsi prosesində ədalətli bir mövqe tutacağına heç kəs zəmanət verə bilməz. Niyə? Ona görə ki, Azərbaycan və Ermənistan sərhədində baş verən son proseslər kontekstində bu coğrafi mövqeləri görmədən, anlamadan bir başa beynəlxalq ictimaiyyəti təmsil edən ABŞ, Fransa, Hindistan, qonşu müsəlman İran kimi ölkələr birmənalı olaraq Ermənistanı müdafiə edən bəyanatlar səsləndirdilər. Ayrıca Azərbaycanı bir növ işğalçılıqda ittiham etdilər və dərhal Azərbaycan ordusunun həmin ərazilərdən çəkilməsini tələb etdilər".

Natiq Miri qeyd edib ki, Azərbaycan belə bir beynəlxalq ictimaiyyətlə, bu cür dövlətlərlə üz-üzədir:

"Belə olduğu təqdirdə niyə Azərbaycan razı olmalıdr ki, onun digər bir dövlətlə sərhədlərinin müəyyənləşməsində yenidən hansısa qlobal güc mərkəzlərinin prosesdə iştirakı təmin olunsun? Bu, ermənilərin növbəti hiyləsidir. Bu, növbəti dəfə erməni havadarı olan ölkələrin prosesə qatmaqla dolayısı ilə Rusiyanı da müəyyən mənada zərərsizləşdirməkdir. Son zamanlar Paşinyan açıqlamalarında Rusiyanı birmənalı olaraq prosesdən xaric edir, eyni zamanda Rusiyanı guya Azərbaycanı müdafiə edən tərəf kimi göstərir. Əslində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, eyni zamanda Rusiya rəhbərliyinə Ermənistan rəhbərliyi tərəfindən olunan müraciətin də kökündə duran əsas qayə məhz budur. Paşinyan bununla göstərmək istəyirdi ki, Rusiya Ermənistanın dostu deyil və gələcək prosesdə, yəni 20 iyun növbədənkənar parlament seçkilərində Paşinyan qalib gəldiyi təqdirdə Ermənistanı tədricən Rusiyanın orbitindən uzaqlaşdırmağa yönəlik br siyasətin bünövrəsini qurur. Ona görə də bu planı Azərbaycan tərəfinin qəbul etməsi mümkün deyil".

Politoloq bildirib ki, sərhədlərin müəyyənləşməsi prosesi Azərbaycandan çox Ermənistana lazımdır:
"Əgər lazımlarıdırsa, buyurub Azərbaycanın şərtləri ilə beynəlxalq hüquq çərçivəsində razılaşsınlar. Əks təqdirdə bədəlini Ermənistan ödəyəcək".

Qeyd edək ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi planını açıqlayıb. Paşinyanın təklif etdiyi plan 3 bənddən ibarətdir: "Hər iki tərəf öz hərbi qüvvələrini sərhəddən geri çəkməli; Sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli; Beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->