"Paşinyanın erməni katalikosu üzərində qələbəsindən sonra da kilsənin çoxəsrlik siyasətində hər hansı bir dəyişiklik olmayacaq, eyni baxışlar qalacaq. Antitürk, monotizm ideologiyasını, yəni təklənmə ideologiyasını davam etdirəcəklər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla katolikos arasında kəskinləşən mübarizədə kilsənin məğlub olmasının onun çoxəsrlik siyasətində hansısa dəyişikliklərə səbəb olub-olmayacağını şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, yalnız kilsənin siyasətə, cəmiyyətə ideoloji təsirləri xeyli dərəcədə azalacaq:
"Erməni kilsəsi yüzilliklərdir ki, erməni faşist ideologiyasının təməlində dayanır. Paşinyanın onunla savaşı isə kilsənin dövlət siyasətinə təsirini azaltmaq məqsədi daşıyır. Qarşıda seçkilərdir".
Ekspertin fikrincə, bu müddətdə Paşinyan çalışacaq ki, maksimal dərəcədə kilsənin təsirini azaltsın:
"Paşinyana seçicilər arasında rəğbət daha yüksəkdir. O, Azərbaycan xalqının Qurban Bayramını təbrik etdi. Başa düşdü ki, bu addımına qarşı erməni cəmiyyətində ciddi təpki olmayacaq. Həqiqətən də Paşinyanın bu addımını pisləyən ciddi reaksiyalar da olmadı. Bütün bunlar onu göstərir ki, getdikcə kilsənin nüfuzu aşağı düşəcək, siyasətdən kənarlaşdırılacaq".
Qeyd edək ki, Ermənistanda Paşinyan-kilsə qarşıdurması kəskinləşməkdə davam edir. Baş nazir kilsənin fəaliyyətini tənqid edir, onun müqəddəs işdən yayınaraq siyasi fəaliyyətlə məşğul olduğunu səsləndirir.
Paşinyan katalikos II Qareginin öz könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib. Bununla yanaşı, baş nazir yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib. Müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib.
Rüfət Sultan
Şərhlər