Xəbər lenti

“Paytaxtda da oğlumun xatirəsinin əbədiləşdirilməsini istərdim” - Polad Həşimovun anası
Ölkə 12:00 06.08.2020

“Paytaxtda da oğlumun xatirəsinin əbədiləşdirilməsini istərdim” - Polad Həşimovun anası

Qəbələdə şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçə müəyyənləşib. 

Şəhərin ikinci ən böyük küçəsinə Polad Həşimovun adı verilib. Bu küçədə Şəhidlər Xiyabanı da yerləşir. Artıq sözügedən küçəyə ünvan lövhələri də vurulub.

Mövzu ilə bağlı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova "MediaPost”a münasibət bildirib. O, oğlunun adına Bakı şəhərində də küçə verilməsinin tərəfdarı olduğunu deyib:

"Mən oğlumun adına Bakıda küçə verilməsini istəyirəm. Onsuz da, biz Qəbələdənik, orada oğlumun adına küçə verilsə də, verilməsə də hamı bizi tanıyır. Mən Bakı ərazisində də küçə istəyirəm. Biz indiyə kimi nə isə istəməmişik, 52 ildir ki, Sumqayıtda yaşayırıq. Bundan sonra da istəməyəcəyəm. Ancaq ana kimi, oğlumun adına Bakıda küçə verilməsini istəyirəm”. 

Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar vermişdi. Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->