2026-cı ilin yaz–yay mövsümünün podiumlarında qüsursuz "sakit lüks” estetikasını idarə olunan xaos əvəz edir. Belə ki, qırışmış köynəklər, köhnəlmiş denim, qollardakı ləkələr və "əyləncə sonrası” görünüş effekti artıq üslub göstəricisinə çevrilib.
Qaynarinfo xəbər verir ki, "Who What Wear” nəşrinin yazdığına görə, bu cür yanaşma "Messy Girl” trendini formalaşdırır. Əgər bir neçə mövsüm əvvəl moda ayı ideal ütülənmiş obrazlar və steril rəng palitrası ilə assosiasiya olunurdusa, indi məşhurlar ictimaiyyət qarşısına qəsdən qüsurlu görünən geyimlərdə çıxırlar.
Buna nümunə kimi aktyor Timoti Şalamenin Parisdə çiynində "çirkli” ləkə olan bomber gödəkçə ilə görünməsi göstərilir. Geyim bir neçə mövsüm aktiv istifadə olunmuş kimi təsir bağışlasa da, əslində bu, dizayner ideyası idi.
"Prada”nın kolleksiyasında tikişləri və manjetləri qəsdən "soyulmuş”, qəhvə və ya pas ləkəsi effekti verilmiş paltolar təqdim olunub. "Acne Studios” maksimal dərəcədə "baxımsız” denim nümayiş etdirib, "Aaron Esh” isə cins şalvarlara nəzərəçarpan ləkələr əlavə edib.
Mütəxəssislər trendin populyarlığını geyimin "tarixini hiss etmək” istəyi və həddindən artıq cilalanmış görünüşə reaksiya ilə izah edirlər. Üstəlik, bu meyl artıq qarderobdan kənara çıxıb. SS26 nümayişlərində modellər səhnəyə dağınıq at quyruğu saç düzümü, qeyri-bərabər kəsilmiş çolka və sanki məclisə gedərkən taksidə tələsik çəkilmiş makiyajla çıxıblar.
Bununla belə, nəşr oxucuları realist olmağa çağırır:
"Hətta "çirkli"nin bu yeni interpretasiyası ilə belə, adi insan konfrans zalında çay ləkəli qolunu masaya qoyaraq, təəccüblə baxan hər kəsə sakitcə "Bu, "Prada"dır" deməyəcək. Söhbət, yəqin ki, özünə qarşı daha az sərt olmaqdan gedir. Qırışmış köynək artıq tənbəllik əlaməti deyil. Mükəmməl hamar olmayan, bir qədər dağınıq at quyruğu fərdiliyi ifadə edə bilər. Dizlərində istifadə izləri olan və zamanla yumşalmış cins şalvar isə ideal sayılır”.
Aydın
Şərhlər