Sağlamlıq 16:15 04.04.2020

Polis tanınmış jurnalisti cərimələdi: Maska və əlcəyə görə

Tanınmış jurnalist Hikmət Sabiroğlu polis tərəfindən qanunsuz cərimələnib.

Qaynarinfo bakupost-a istinadən xəbər verir ki, Yasamal rayon ərazisində post patrul Xidmətinin əməkdaşları ona saxlayaraq, maskasız və əlcəksiz olduğunu əsas gətirərək, ona protokol yazıblar.

Bununla bağlı jurnalistin mətbuata açıqlamasını təqdim eirk:

"Aprelin 2-si axşam tərəfi işdən evə qayıdanda metronun "İnşaatçılar” stansiyasının yanında xidmət aparan polis zabiti məni saxlayıb şəxsiyyət vəsiqəmi tələb etdi. Çıxarıb verdim, həmçinin xidməti vəsiqəmi göstərib jurnalist, Novator.az saytının baş redaktor müavini olduğumu, işdən gəldiyimi dedim.

Zabit maskasız və əlcəksiz olmağıma irad tutub mənə 100 manat məbləğində cərimə yazacağını bildirdi. Etiraz etdim, karantin qaydalarında maska və əlcək taxmaq tələbi nəzərdə tutulmadığını dedim, amma etirazım qəbul olunmadı.

Açığı, bu ağır dövrdə polis əməkdaşlarının üzərinə böyük yük düşdüyünü nəzərə alıb, həm də zabitin çox qərarlı olduğunu görüb dərinə getmədim, narazı olsam da, xüsusi irad bildirmədən inzibati xəta protokolunu imzaladım. Protokolda məhz maskasız və əlcəksiz olduğuma görə cərimələndiyim qeyd edilib.

Elə həmin gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidova bu barədə məlumat verdim, aprelin 3-də isə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə monitorinq qrupu bilgiləndirildi. Bu anlaşılmazlığın yoluna qoyulacağı ümidi ilə olayın ictimailəşdirilməsini istəmədim.

Ancaq cərimələndiyimi bilən bəzi dostlar sosial şəbəkədə bu haqda yazıblar, kütləvi informasiya vasitələri də buna əsaslanıb xəbərlər yayır, məndən açıqlama istəyir. Ona görə hadisənin necə olduğunu açıqlamaq zorunda qaldım. Ağır günlərdən keçdiyimizi nəzərə alaraq bu xətanın üstündə çox dayanmağa lüzum görmürəm...”

Qeyd edək ki, Bakıda maskasız və əlcəksiz gəzən sakinlərin polis tərəfindən cərimələnməsi xəbərini Daxili İşlər Nazirliyi təkzib etmişdi.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur. Belə ki, polis əməkdaşları vətəndaşları saxlayıb onlara sağlamlıqlarını qorumaq üçün maska və əlcəkdən istifadə etməyi tövsiyə edir.