"Xuliqanlıq niyyətilə olubsa, onu törədən deputatın həbs müddəti 6-10 il arasında ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev polisi döyən deputat Eldəniz Səlimovu gözləyən cəzalardan danışarkən deyib. Amma həmsöhbətimiz bildirib ki, bunun baş verməsi üçün öncə deputat toxunulmazlıq hüququndan məhrum edilməlidir:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin konkret maddəsinə görə, qəsdən sağlamlığa az və ya ağır zərər vurmağa görə, deputatı cinayət məsuliyyəti gözləyir. Hadisə döymə ilə bağlıdırsa, deputat inzibati məsuliyyət daşıyır. Amma bütün bunlar o zaman baş verə bilər ki, Milli Məclisə deputatın toxunulmazlıq hüququndan məhrum edilməsilə bağlı təqdimat daxil olsun və parlament bu barədə qərar qəbul etsin”.
Ə. Nuriyev deyib ki, indiki halda məsuliyyətin əsasları yaranıb. Deputat qanunsuz hərəkətə yol verib:
"İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə döymə və zorakı hərəkətlərlə qəsdən fiziki ağır xəsarət yetirməyə görə deputat üçün 300-500 manat cərimə və yaxud ağırlıq dərəcəsinə uyğun olaraq 2 ay müddətinə inzibati həbs gözlənilə bilər. Qəsdən sağlamlığa ağır zərbə vurma baş veribsə, deputatı 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Xuliqanlıq niyyətilə olubsa, cəza müddəti 6-10 il arasında ola bilər. 127-ci maddəyə görə, qəsdən sağlamlığa az zərər vurulubsa, 2 il islah işləri, 2 ilədək azadlıqdan məhrum edilmə, zərərçəkmiş şəxs xidməti postunda xəsarət alıbsa, bu halda isə deputatı 1-5 ilədək həbs olunma təhlükəsi gözləyir. 128-ci maddəyə görə, qəsdən sağlamlığa yüngül zərər vurma baş veribsə, 1000-1500 manatadək cərimə, 240-360 saat islah işləri, 1 ilədək həbs gözlənilir”.
Rüfət Sultan
Şərhlər