“Bütün hallarda vətəndaşlar polislə münasibətdə etik normalara və polisin qanuni tələblərinə əməl etməlidirlər. İstənilən vətəndaş tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verildiyini görən polis əməkdaşı qanunvericiliklə üzərinə düşən vəzifəyə uyğun olaraq həmin vətəndaşı qanunlara riayət etməyə dəvət etməlidir”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Meydanında polis əməkdaşı ilə motosikiet sürücüsü arasında baş verən qarşıdurmaya münasibət bildirərkən deyib. O. Mansurzadə bildirib ki, polis cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini, eləcə də qanunvericiliyin təmin olunması kimi çox gərəkli və vacib bir vəzifəni yerinə yetirir: “Kimliyindən, sosial, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Hüquq pozuntusu baş verdikdə polis əməkdaşı qanun çərçivəsində lazımi tədbirlər görmək hüququna malikdir. Vətəndaşlar isə onun bu tələblərinə əməl etməlidirlər”.
O. Mansurzadə onu da bildirib ki, polis əməkdaşına qarşı kobudluq etmiş motosiklet sürücüsü, 1984- cü il təvəllüdlü Cavid Alxasov bu gün Səbail rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) ilə protokol tərtib olunub. İşə baxılması üçün saxlanılan şəxs Səbael rayon Məhkəməsinə göndərilib.
C. Alxasov barəsində 10 sutka inzibati həbs qərarı verilib.
Qeyd edək ki, ötən gün Azadlıq Meydanında keçirilən motosiklet şousunda polislə motosiklet sürücüləri arasında qarşıdurma baş verib. Tərəflər bir-birlərinə qarşı ağır ifadələr işlədiblər.
Qarşıdurmanın bir hissəsi hadisə şahidləri tərəfindən çəkilərək “Qafqazinfo”ya təqdim edilib.
Qaynar.info
Şərhlər