Ölkə 15:08 28.02.2020

Polkovnik: "Ordumuzun geyimi yerli istehsal hesabına təmin edilir"

"Xidməti yerindən asılı olaraq Azərbaycan əsgəri mövsümi geyimlə lazımi qədər təmin olunur. Əsgərlərimizə qışda qış geyiminə uyğun isti geyim, yayda yay geyiminə uyğun geyim verilir”.

Bunu sonxeber.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, hazırda ordumuzun geyimi yerli istehsal hesabına təmin edilir:

"Xidməti yerindən asılı olaraq Azərbaycan əsgəri mövsümi geyimlə lazımi qədər təmin olunur. Əsgərlərimizə qışda qış geyiminə uyğun isti geyim, yayda yay geyiminə uyğun geyim verilir. Bu gün bu təminatlar müvafiq komissiyanın yoxlanışı ilə Azərbaycan istehsalı olan geyimlərlə ödənilir. Bütün tələbləri həmin komissiya nəzərə alır. Bunun əsasında da əsgər-zabit heyəti isti geyimlərlə, lazımi əşyalarla yerli istehsal hesabına təmin edilirlər”.

Hərbi ekspert keyfiyyət və gigiyenik baxımdan əsas risklərin aradan götürüldüyünü, hərbçi təminatının müasir standartlara cavab verdiyini deyib:

"Azərbaycanın əşya xidmətində olan bütün təminat növlərini çox yüksək qiymətləndirirəm. Keyfiyyət və gigiyenik baxımdan əsas risklər aradan götürülüb və təminat tam müasir standartlara cavab verir. Bu gün Azərbaycan əsgərinin təminatı yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, hərbçilərin keçən illə müqayisədə soyuqdəymə ilə bağlı tibb müəssilərinə müraciəti 17 % azalıb. Bu da onu göstərir ki, bu gün Azərbaycan əsgəri isti geyimlidir, hər cür təminatlıdır. O təminat bütün tələblərə cavab verir. Azərbaycanın əsgəri uca dağlarda, çətin postlarda xidmət edir, ancaq bu gün onlar soyuqdan qorunurlar. Gigiyena, isti geyim, hamam və s. məsələlər bütün postlarda yüksək səviyyədədir. Əsgər valideynləri də rahatdırlar ki, onun oğlu tam təmin olunmuş şəraitdə öz xidmətini davam etdirir. Hazırda Azərbaycan əsgərinin təminatı ilə bağlı heç bir problem yoxdur”.