Polşa prezidenti Andjey Duda ABŞ-ı Qərbi Avropa və ya ABŞ-da saxlanılan Amerika nüvə başlıqlarını Polşa ərazisinə köçürməyə çağırıb. O, bunun gələcək Rusiya təcavüzünə qarşı çəkindirici faktor olacağını bildirib.
Qaynarinfo-nun məlumatına görə, "Financial Times" qəzetinə
müsahibəsində Duda qeyd edib ki, bu məsələni ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə müzakirə edib.
"NATO-nun sərhədləri 1999-cu ildə şərqə doğru genişləndi. Ona görə də 26 il sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir. Mənim üçün bu açıq-aydındır. Hesab edirəm ki, təkcə vaxtın yetişməsi məsələsi deyil, həm də təhlükəsizlik baxımından daha yaxşı olardı ki, bu silah artıq burada olsun", – deyə o vurğulayıb.
FT qeyd edir ki, Polşa soyuq müharibə dövründə sovet nüvə başlıqlarını ərazisində yerləşdirirdi. İndi isə bu silahların Rusiya sərhədlərinə yaxın bir məkanda – lakin ABŞ nəzarətində olması Kremlin ciddi təhdid kimi qiymətləndirəcəyi bir addım ola bilər.
Duda bildirib ki, ABŞ prezidenti Donald Trampın ABŞ nüvə arsenalını harada yerləşdirmək barədə qərar vermək səlahiyyəti var. Lakin o, Rusiyanın artıq taktiki nüvə silahlarını Belarusa göndərdiyini xatırladıb.
"Rusiya öz nüvə silahını Belarusa köçürərkən heç tərəddüd etmədi, – deyə Duda bildirib. - Onlar heç kimdən icazə almadılar".
Polşa lideri həmçinin baş nazir Donald Tusk tərəfindən səsləndirilən Fransa prezidenti Emmanuel Makronun "nüvə çətiri" ideyasını alternativ variant kimi nəzərdən keçirdiklərini deyib. Lakin o, Polşanın öz nüvə arsenalını yaratmaq ideyasına skeptik yanaşdığını vurğulayıb.
"Öz nüvə potensialına malik olmaq onilliklər tələb edəcək", – deyə Duda qeyd edib.
Xatırladaq ki, Ağ Evin yeni siyasəti fonunda Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının təhlükəsizliyinin təmin edilməsi üçün Fransanın nüvə arsenalından istifadə imkanını Avropa liderləri ilə müzakirəyə çıxarıb.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bəyan etmişdi ki, Varşava nüvə silahına çıxış əldə etməyə çalışmalıdır.
Alpər
Şərhlər