Ölkə 11:02 26.11.2021

Zəhərlənib iki dəfə kliniki ölüm keçirən 10 yaşlı qızdan xəbər var

Pomidor turşusundan zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva nəhayət ki, həyata qayıdıb.
 
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, iki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb. 

"Noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi. 

Xəstəxana rəhbərliyinin tapşırığı ilə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib. Bununla belə, müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb”.
 
Əhməd